Elxan Şahinoğlu: “Azərbaycan hakimiyyətinə demək istəyirlər ki, gücün varsa, göstər, yoxdursa, mənimlə hesablaş”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Iranın təhsil naziri Həmidrza Hacıbabayi arasında iyulun 12-də keçirilən görüşdə azərbaycanlı şairlərin məsələsi də müzakirə olunub. E.Məmmədyarov bildirib ki, iki gənc azərbaycanlı şairin Iranda həbs olunması Azərbaycan ictimaiyyətində narahatlıq doğurur. Nazir Iran tərəfindən Azərbaycan konsulunun həmin gənclərlə beynəlxalq normalara uyğun olaraq görüşünün təmin edilməsini tələb edib. E.Məmmədyarov iranlı nazirin vasitəsilə Iran rəhbərliyinə Azərbaycan hökumətinin ciddi narahatlığını çatdırıb və şairlərin taleyinə aydınlıq gətirilməsini istəyib.
Maraqlıdır ki, Bakıda səfəri müddətində Iranın təhsil naziri azərbaycanlı şairlərin Iranda həbsdə saxlanmasına münasibət bildirməyib(APA). O, jurnalistlərin bununla bağlı sualına cavab olaraq Iran xarici işlər nazirinin müavininin tezliklə Azərbaycana səfər edəcəyini, səfər zamanı bütün məsələlərin müzakirə olunacağını deyib: “Azərbaycanla Iran arasında anlaşılmazlıq yaradan bütün məsələlərin həllinə ümid edirik”. Iran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçının Azərbaycana gəlmə tarixi dəqiq tarixi bəlli olmasa da, səfərdə məqsədin ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə etmək olduğu bildirilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Iran tərəfinin azərbaycanlı şairlərlə bağlı siyasəti var: “Vətəndaşlarımızı girov götürüblər, indi də onlardan Azərbaycana qarşı təzyiq kimi istifadə edirlər. Azərbaycan hakimiyyətinə demək istəyirlər ki, gücün varsa, göstər, yoxdursa, mənim gücüm var və bununla hesablaşmalısan. Bir sözlə, əzələ nümayişi oyunu gedir. Rəsmilərimiz də, yazıçılılarımız da bu məsələdə Irandan rəsmi mövqe tələb edirlər. Konsulumuzun onlarla görüşünə şərait yaradılmasını istəyirlər. Amma bu istəklərin heç biri yerinə yetirilmir. Iran təhsil nazirinin dedikləri də sualdan yayınmaqdan başqa bir şey deyil. Bilinmir ki, heç Iranın xarici işlər nazirinin maüavini nə vaxt gələcək, ümumiyyətlə gələcək ya yox. Faktiki olaraq Azərbaycan prezidentinə dəvət məktubu göndəriblər ki, avqust ayında Tehranda Qoşulmayanlar Hərəkatına qatılsın”.
E.Şahinoğlunun sözlərinə görə, avqust ayına qədər şairlərin konsulumuzla görüşünə icazə verilməsə, yaxud ən yaxşı halda sərbəst buraxılmasalar, Ilham Əliyevin Tehrana səfəri Azərbaycanın imicinə mənfi təsir göstərəcək: “Çünki Tehran bizim istəklərimizi qulaqardına vurur, ayaqlar altına atır. Və deyir ki, Azərbaycan mənimlə hesablaşsın, prezident də Tehrana gəlsin. Ona qədər vətəndaşlarımızı buraxsalar, prezidentin Tehrana səfərini anlamaq olar. Vətəndaşlarımızın geri qayıtmayacağı təqdirdə isə münasibətlər gərgin olaraq qalacaq”.
Gültəkin