Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Xüsusi diqqətə layiq olub-olmadığını deyə bilmərəm. Amma niyə də olmasın? Qəribə bir sosial kontingentin nümayəndəsi olaraq həbsxanaya düşən və özünü maraqlı keyfiyyətləri ilə təqdim edən adamlar niyə də cəlbedici olmasın? Marşrut sürücüsü ilə avtoşun bir yerdə, bir kamerada saxlanılması həm bir az ziddiyyətli, həm də bir az maraqlı görünə bilər. Amma bu tamam təsadüfi bir olay idi. Vüqar adlı 21 yaşlı avtoş və 40-ın ortalarını qatlayıb dizinin altına qoymuş Vaqif adlı “Qazel” sürücüsü öz sürücülük məharətlərini bölüşürlər, sən də dinləyirsən. Allah bilir, bir də nə zaman belə fürsət ələ düşə bilər? Onların öz macəraları barədə danışması maraqlı deyil – bu qəbildən olan adamlar dünyanın hansı fiziki şəraitində olsalar belə, birinin üstünə beşini də qoyub saatlarla öz qəhrəmanlıqlarından danışmağa hazırdırlar. Onları dinləmək üçün adamı hökmən həbsxanaya salmalıdırlar ki, söhbətdən çıxmağa yolun olmasın. Onlar söhbəti başlamaq üçün zamanın damarını da tutmağı bacarırlar. Yaxın bir-iki saatda yeni bir mövzunun olmayacağını elə bil havanın iyindən hiss edirlər. Havadan balıq iyi-zad gəlirmi? Allah bilir. Amma başladımı, kimsə durdura bilməz. 7-8 nəfərin hamısı nərd oynamayacaq ki… Tutaq ki, ikisi nərd oynadı, dördü domino. Bu elədi 6 nəfər. Iki nəfər ki qalır… Bu iki nəfərin də biri Vaqif ola bilməzdi. Çünki nərd və ya domino başlayanda bir tərəfdə Vaqif hökmən olmalıydı. Deməli, yerdə qalan adam Vüqarlıq idi. Ya da könüllü şəkildə oyunçulara çay servisini təşkil etməli idi ki, avtoşun qan donduran ilginc söhbətlərindən canını qurtarsın…
Amma bir müddət sonra Vüqar depressiyaya düşdü. Başladı kitab oxumağa. Haradansa dünyanın ən bivec kitablarını tapıb ələ keçirirdi. Rafiqin kitabları deyil – Rafiq rus dilində oxuyur. Bu, 10-11-ci sinifdə oxuyan, daha doğrusu, oxuya bilməyə-bilməyə sinifdən-sinfə keçirilən yeniyetmələrin dərrakəsinə hesablanmış, bəlkə də hesablanmadan həmin şkalaya düşmüş povestlər və ya romanlar olardı. Normal mütaliə vərdişi olan adamlar üçün onları oxumaq çox çətindir. Amma Vüqar yeni başlayırdı. Əvvəlcə gündə iki-üç səhifə bitirə bilir, axşamlar hamıya göstərib şəstlə, “bu gün 3 səhifəni bitirdim!” deyirdi. Sonra gecələr də oxumağa başladı. Yarıqaranlıqda, gözlərini pişik gözü kimi gərib hərflərin üstünə düşürdü. Səhərə qədər 10-15 səhifəni oxuyub başa çıxırdı. Bir həftəyə, 10 günə artıq, normal mütaliə sürəti yığdı. Nə oxumağı vacib deyildi, başlıcası bu idi ki, oxu vərdişi yaranırdı. Hərçənd, mən onun həbsxanadan çıxandan sonra mütaliə edəcəyinə zərrə qədər də inanmıram. Amma nə dəxli var? Burada özünün avtomobillərlə özəl münasibətləri barədə yalan-palan toxumaqdansa, hansısa bivec müəllifin oxucularının sayını artırırsa, bu, daha sanballı sosial uğurdur.
Vüqarın da oxuduqları detektiv idi, amma bu, serial materialı ola biləcək detektiv idi. Kitabı oxuya-oxuya fasilələrdə oxuduğunu nağıl eləməyi də xoşlardı. Amma bu, daha yaxşı idi. Həm də zəruri idi. Onu türməyə gətirib çıxaran səbəb barədə o qədər danışmışdı ki, artıq həmin əməlin ssenarisi nəhəng bir roman boyda olmuşdu; bundan artıq şişirtmək üçün tələb olunan fantaziya hətta Vüqarda da yox idi. Mahiyyətində 177.1-in dayandığı bir əməliyyat idi. Yəni, səkidə dayanmış avtomobilin yan şüşəsini qırıb oradan maqnitofon oğurlamışdı. Amma sən bu hadisəni Vüqarın təqdimatında dinlə! Adam onu 177-nin hələ təsbit edilməmiş 8-ci bəndinə qədər qaldırır, özünə toxuduğu saxta cinayət işinin onu 20 illiyə Qobustan qapalı həbsxanasına yollaya biləcəyinə baxmırdı. Bunu ona xatırlatmaq lazım idi ki, bir az aşağı düşsün. Amma mənası yox idi: “Pulunu verib aşağı saldıracağıq”, – deyirdi.
Yeri gəlmişkən, lətifəsi Vüqara dəyməsin, həbsxanada puldan, var-dövlətdən, çöldə qoyub gəldiyi səltənətdən danışan adamların çoxunun ciddiliyinə inanmayın. Lətifəsi Vüqara ona görə dəyməsin ki, o, harada olduğunun fərqinə varmağa macal tapmamışdı. Danışdığı, daha doğrusu, birə-beş üstünə qoyub bizə təqdim etmək istədiyi “material”ların çoxunu da çənəsi boş qalmasın deyə söyləyirdi.
Vaqif isə təcrübəli idi. Cinayət işinin özəllikləri barədə danışmağı sevməzdi. Hərçənd, onunku adilikdən bir balaca sıçrayıb çıxmış yol nəqliyyat hadisəsi idi: iki ölü, bir yaralı. “Qazel” köhnə bir “06″-nı bağrına basmışdı. Vaqif daha çox o barədə danışırdı ki, zərərçəkmişlər üçün hansı xeyirləri verib. Xərc-xəcalətindən elə ağızdolusu danışırdı ki, adamın belə bir ”Qazel” sürücüsü tapıb nəslinin yarısını ona qırdırmağı gəlirdi. Amma sürücülüklə bir araya sığmadığı səviyyədə emosional idi. Dominoda hər hoqqadan çıxır, birinin əlində xəta tutan kimi kameranın altını-üstünə çevirmək istəyirdi. Ilk vaxtlar bir-iki dəfə özünü söyüşlə ifadə etdiyi də oldu, amma uşaqlar ona necə lazımdır, başa saldılar ki, bu kamerada söyüş söyülmür. Çətinliklə də olsa, vərdiş etdi. Qərb tərəfin adamları söyüşə bir az daha artıq meylli olurlar. Amma neyləməli, “123″ qərbdə deyildi, Bayılın da şərqində idi, ölkənin də. Həm də biz dominonu və ya nərdi qumar deyib oynamırdıq ki,.. – elə-belə, vaxt öldürmək üçün. ”Qumar adı tutsanız, bu kamerada nə domino olacaq, nə də nərd!” bəyanatı vermişdim. Insafən, heç kim bu bəyanatın əleyhinə getməmişdi. Həbsxanada bu sayaq bəyanat vermək təhlükəli işdir. Qumar dustağın və həbsxananın halal haqq imkanlarından sayılır, onu yasaq etmək də “qırmızı” qayda təşəbbüsü sayıla bilər. Amma mən bu yasağı çıxararkən ümumi rəyi öyrənib qərar vermişdim, təbliğat apararaq birgə nəticəyə gəldiyimizi elan etmişdim. Əgər birgə qərar verdiksə, o halda məsuliyyəti də birgə bölüşməliyik. Insafən, ta sona qədər kiminsə bu təşəbbüsdən narazı qaldığını hiss etmədim. Biz bu oyunları kameradakı ümumi əhval-ruhiyyəni yuxarıda saxlamaq, adrenalin artırmaq naminə dövrəyə buraxırdıq. Qumar daxili birgəyaşayış qaydalarını tamam-kamal dəyişər, qarşılıqlı münasibətlərin atasını yandırardı: “Qumarda uda biləcəyiniz nə varsa, deyin, yığışaq verək, daha bunu kriminallaşdırmağa nə ehtiyac var ki?!”, – deyirdim.
Kamerada mövcudluq ehtiyatları kifayət qədər idi. 2007-ci ilin noyabrı ilə 2008-ci ilin yanvarı arasında bütöv bir nəsil dəyişikliyi baş vermişdi. Kameradakı rayon uşaqlarının əksəriyyəti getmişdi və onların yerini artıq “burjuy kamera” sakinləri kimi gələn adamlar tutmuşdu. Elxan, Rafiq, Vüqar, Vaqif, Yaşar, Ilham və mən şəhər mənşəli cinayətkarlar sayılırdıq. Hər kəsin həftədə bir dəfə gözlədiyi iri bir zənbil vardı və bu zənbildəki azuqəni yeyib qurtarmaq da mümkün deyildi. Biz onu paylayırdıq. Korpusda kasıb, siqaretə, qəndə, çaya, yeməyə ehtiyacı olan iki-üç kamera vardı ki, onları diqqətdə saxlayırdıq. Bizim kamerada isə həyatını cinayət aləminin hüdudsuz sahillərinə dikmiş kimsə yox idi. Buna görə də kriminal vərdişlərin həyat tərzinə çevrilməsi kameradaxili atmosfer üçün həyati əhəmiyyət daşımırdı. Burada ən dəhşətli kriminal söhbətlər Vaqifin “Qazel”lə adam öldürməsi ola bilərdi. Orada ölüm işi vardı. Amma Vaqifi üç gün ayağından assan, bir toyuğun başını kəsməyə məcbur edə bilməzdin. Qoyun kəsərdi, çünki kababı xoşladığı görükürdü. Ona tez-tez kabab gətirirdilər…
ardı var