Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 9 iyul bəyanatına münasibət bildirib.
İyulun 9-da Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, Türkmənistan Azərbaycan Xarici İşlər Nazirliyini “Kəpəz” yatağı məsələsinə görə beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşdığı barədə məlumatlandırmayıb.
“Media forum” saytının məlumatına görə, Türkmənistan Xarici İşlər Nazirliyinin 10 iyul açıqlamasında deylir: “Rəsmi Aşqabad dəfələrlə Azərbaycana bu ölkənin Xəzər dənizində birtərəfli hüquqazidd fəaliyyət göstərməsi (“Ömər” və “Osman” yataqlarının qanunsuz işlənməsi) ilə bağlı diplomatik notalar göndərib.
Türkmənistan dəfələrlə rəsmi xəbərdarlıqlarında məsələ ilə bağlı danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib və bildirib ki, ikitərəfli razılıq əldə olunmadığı halda Türkmənistanın beynəlxalq məhkəmələrə və arbitraj instansiyalarına müraciət hüququ var.
Bundan başqa Türkmənistan Xarici İşlər Nazirliyi 2009-cu il avqustun 4-də Türkmənistan və Azərbaycanın Xəzərin səthi və dibinin delimitasiyası məsələsi ilə bağlı rəsmi mövqeyini dərc edib və beynəlxalq məhkəməyə müraciət olunmasının məqsədəuyğun olduğunu vurğulayıb.
Türkmənistan tərəfi Azərbaycan Respublikasının xarici işlər nazirinin fikirlərinə təəccübləndiyini və bunu anlamadığını bildirir”.