Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Əlbəttə, məsələyə ictimai asayiş və polis məntiqilə yanaşsaq, cəmiyyəti cinayətkarlardan təmizləməyin bu qaydası, hətta təqdirəlayiq sayıla bilər. Amma nəzəri kommunizmin banilərindən biri olan Fridrix Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” adlı əsərində belə bir qeyd edir: “Arı özünə şan düzəldir. Bu, dünyanın ən mükəmməl memarlarının həsəd apara biləcəyi bir konstruksiyadır. Amma arı üçün bu şanın yalnız bir mənası var: özünün azuqəsini qorumaq üçün etibarlı vasitə!” Əliyev hakimiyyətinin kriminal aləmlə müharibəsinin əsas leytmotivi də bu idi.
1996-cı ildə özəlləşdirmə kampaniyasının ağzında Azərbaycanda vəziyyət bu günə salınmışdı: siyasi müxalifət (lider – Əbülfəz Elçibəy) mövcud olmaq uğrunda cəhdlərini davam etdirirdi, onun ictimai mülkiyyətdən pay əldə etmək kimi strateji planlar üzərində çalışması mümkünsüz idi; hərbi müxalifət (liderlər – Surət Hüseynov və Rövşən Cavadov) tamamilə darmadağın edilmişdi; iqtisadi müxalifətin (lider Rəsul Quliyev) nəinki iqtisadi maraqları, hətta özləri də ölkədən qovulmuş, düşmən elan edilmişdi. Kriminal avtoritetlərlə bağlı söhbət isə burada, indi danışdığımız vəziyyətdə idi. Situasiya eynən bu qaydada idi: “Dərə xəlvət, tülkü bəy”.
1996-2000-ci illəri əhatə edən Birinci, 2000-ci ildən sonra elan edilən Ikinci Özəlləşdirmə Proqramı daxilində Azərbaycanın dövlət büdcəsinə 400 milyon dollar vəsait daxil oldu. Bu o demək idi ki, Azərbaycan xalqının son 100-150 ildə istehsal etdiyi bütün maddi nemətlər 5-6 il ərzində mənimsənildi. Əliyevlər bu talana “dur” deyəcək, bu qarətlə bağlı suallar verəcək bütün mümkün tərəfləri qabaqcadan darmadağın etdilər.
1997-ci ildə Şamaxıda Əmlak Komitəsinin yerli şöbəsinə baş çəkdim. Şöbənin o zamankı rəhbəri ilə ötəri münasibətlərimiz vardı və yeri gəlmişkən, baş çəkim, dedim. Sözarası Şamaxıdakı məşhur şərab zavodlarından, onların özəlləşdirilməsindən söhbət düşdü. Müdir xısın-sısın gileyləndi ki, bu zavodları Aqil Əliyev özəlləşdirib: “Biz ancaq möhür vurmaq üçün lazım oluruq. Əvvəllər belə işləri kimlərinsə adına edirdilər. Indi isə qoruq-qaytaq yoxdur, birbaşa öz adlarına sənədləşdirirlər”. Müdir bir topa sənəd göstərdi, amma nə qədər çalışdımsa, onlardan bircə vərəqinin də surətini mənə vermədi: “Nəslimi kəsərlər!”
Bir müddət sonra həmin müdiri işdən çıxartdılar. Indi onun nəslinin neçə faizinin kəsilməmiş qaldığını deyə bilmərəm, amma Əliyevlərin və onların yaxın çevrəsinin Şamaxıda əl qoymadıqları əhəmiyyətli obyekt, mülk və yer qalmayıb. Həmin məşhur şərab zavodlarının faktiki sahiblərini isə heç it yerinə də qoymadılar. Onların şikayət cəhənnəmə, giley edəcəkləri bir yer də yox idi. Bala-bala kökü kəsilən bu adamlar yalnız ən yaxın adamlarının əhatəsində “Allah bunların kökünü kəssin” deyib özlərinin görməli olduqları işi məsuliyyətsizcəsinə və yaramazcasına Allahın funksiyaları daxilinə atırdılar…
Batyanın həbsxanada heroinlə gen-bol təmin edilməsinin səbəblərindən biri də bu idi. Axı, hamı çox yaxşı bilir ki, heroin həbsxanaya necə keçirilir. Heroinin və başqa qəbildən olan narkotik maddələrin nəzarətdən kənar dövriyyəsi dərhal aşkar edilir və ağır şəkildə cəzalandırılır. Amma Batya üçün heroin ən yüksək səviyyədə təmin edilirdi. Çünki onun hökmü oxunmuşdu. Heroini yaxına buraxmaq istəməyən Sabirabadlı Hikməti isə həbsxanaya salmağın heç bir mənası yox idi: onu və bütün çevrəsini, qərar laboratoriyasını ölkədən qovmaq lazım gəlirdi…
Batya əhəmiyyətli və avtoritetli sima idi. Onun xüsusi təyinatlı polis qruplarını adi cinayətkar aləmin nəzarət etdiyi həbsxanalara yerləşdirmək siyasəti sonradan bütün SSRI məkanında kriminal aləmin qaydalarında aparılan “islahatlar” üçün start oldu. Onlardan bir neçəsini xatırlamaq maraqlı olar.
90-cı illərə qədər türmələrdə qumar oynayan və uduzduğu məbləği, əşyanı vaxtında çatdıra bilməyən, kriminal aləmdə “tavanı fırlanmış” adlandırılan adam udan adamın ixtiyarına verilirdi. Udan adam onunla istədiyini edə bilərdi; hətta namusuna da toxuna bilərdi. Bu onun haqqı idi. Batya bu qaydanı dəyişdi. “Tavanı fırlanmış” adam “seryoz”dan, yəni ciddi mujik söhbətlərindən kənarlaşdırıldı, “ehtiyatda olan üzdəniraq” hesab edildi, amma namus-filan söhbətləri yığışdırıldı, “sabun” söhbəti yasaq edildi. (“Sabun” nə deməkdir? Heç nə. Qumarda udan adam tavanı çevrilmişin üstünə bir sabun atır, “get hamama, gəlirəm”, deyir).
“Ehtiyatda olan üzdəniraq” (“zapasnoy”) isə yalnız bu demək idi ki, əgər zonda üzdəniraq yoxdursa, ictimai tualetin, hamamın təmizlənməsi birmənalı olaraq “zapasnoy”un işidir.
Batyanın islahatları qanuni oğruların şəxsi həyatlarına qədər davam etdi. 90-cı illərin axırlarına qədər qanuni oğruların evlənməsi yasaq idi. Evli adama bu adı verməzdilər. Evlənmiş qanuni oğrunun üzərindən isə bu ad götürülürdü. Amma Batyanın islahatları bu yasağın da tədricən götürülməsi ilə nəticələndi və hətta məşhur azərbaycanlı qanuni oğru Sabirabadlı Hikmət Sabirabada gələrək burada ailə qurdu…
Batya cinayətkar aləm üçün həm də bir kredo sayılan adamlardan idi. O, sadəcə bir qoyun oğurlayıb həbsə düşmüş, bundan sonra cinayət aləminin məşəqqətlərini çəkərək “qanuni oğru” ranqına qədər yol getmişdi. Ümumiyyətlə isə qanuni oğruların hamısı “press” maşınının altından salamat çıxmış, öz prinsiplərini qurban verməmiş adamlardır. Cinayət aləminin prinsipləri isə sadə, hətta mənasız dərəcədə sadə görünə biləcək qədər adidir. Amma həbsxana şəraitində və həbsxanaya aparan yollarda bu prinsipləri qoruyub saxlamaq çox əzablıdır. Bu əzab mərhələlərini keçən adamlar kriminal avtoritet olur, “qanuni oğru” adını alıb kriminal aləmin idarə edilməsində iştirak edirlər.
Amma özü-özlüyündə siyasi maxnoçuluğun sosial inikası olan, hər cür idarəetməni inkar edən kriminal aləmi necə idarə etmək olar?..
Ardı var