Elxan Şahinoğlu: “İran Azərbaycana səfir təyinatını problemə çevirməklə münasibətlərdəki gərginliyi çözmək yox, saxlamaq niyyətində olduğunu nümayiş etdirir”
Iranla Azərbaycan arasında münasibətlər daha da dərinləşə bilər. Belə ki, mətbuatda gedən bəzi məlumatlara görə, Iran Azərbaycandakı səfirliyinin fəaliyyətini dayandırmaq niyyətindədir.
Bir müddət əvvəl Bakı ilə Tehran arasında yaranmış gərgin münasibətlər səbəbindən Iran səfiri Məhəmmədbağır Bəhrami geri çağırılmışdı. Daha sonra səfir Bakıya qayıtsa da, səfirin səlahiyyət müddəti başa çatdığı məlum olmuşdu. Əslində Iranın Azərbaycana növbəti müddətə səfir təyin etmək niyyətində olmadığını baş verən hadisələr inandırıcı edir. Iran Azərbaycanla münasibətləri yalnız konsulluq səviyyəsində davam etdirmək niyyətindədir. Belə ki, diplomatik praktikada dəfələrlə görünüb ki, ölkələr səfirlərinin səlahiyyət müddətlərinin bitməsinə az qalmış onların yerinə gələcək namizədin adını açıqlayırlar. Amma Iranla bağlı bu tendensiya müşahidə olunmur.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ilk növbədə informasiyanın rəsmi strukturlardan təsdiqlənməsi gərəkdir. Məhz bundan sonra konkret fikir söyləmək olar. Amma bununla belə E.Şahinoğlunun da fikrincə, Iranın Azərbaycanda səfirliyinin fəaliyyətini bir müddətə dayandıracağı inandırıcıdır. Hazırda Azərbaycanla Iran arasında münasibətlərin gərginliyin pik həddinə çatdığını deyən E.Şahinoğlu vurğuladı ki, artıq iki ölkə arasında notaların sayı onu ötüb: “Indiyə qədər iki ölkə arasında gərginlik bu dərəcəyə çatmamışdı. Əslində münasibətlərdə baş verənlər anormal hadisədəir. Bir müddət əvvəl, münasibətlərdə gərginlik kritik həddə çatarkən, Iran səfiri ölkəsinə çağırılmışdı. Səfir sonra yenidən Azərbaycana qayıdan zaman məlum oldu ki, bu səfirin səlahiyyət müddəti bitib. Başqa tərəfdən, Iran səfirinin Azərbaycanın dövlət başçısı ilə vida marasiminin olduqca gərgin keçdiyi sezilirdi. Bu da münasibətlərdəki soyuqluğun təzahürü idi. Çünki bir qayda olaraq dövlət başçısı səfirləri yola salanda, yaxud qarşılayanda bu, səmimi və gülərüz atmosferdə keçir”.
E.Şahinoğlunun fikrincə, əslində Iran Azərbaycana səfir təyinatını problemə çevirməklə münasibətlərdəki gərginliyi çözmək yox, saxlamaq niyyətində olduğunu nümayiş etdirir: “Iran münasibətlərin normalaşmasını istəyirsə, o zaman səfir təyinatını tezləşdirməli və hazırda Iranda həbsdə olan iki şairmizi azad etməlidir. Iran isə əksinə, şairələrimizə qarşı əlavə ittihamlar irəli sürür. Bu isə Iranın tam fərqli siyasət yürütmək niyyətində olduğunu göstərir”.
Xəyal