Baş Prokurorluq “Azadlıq”ın məlumatını təsdiqlədi
Qəzetimizin 20 iyun tarixli sayında mənbəmizin məlumatına əsasən “Bakı Təhsil İdarəsində çaxnaşma” adlı yazı dərc etmişdik. Burada Bakı Şəhəri Təhsil Idarəsində (BŞTI) baş alıb gedən talançılıq barədə söhbət gedirdi.
Yazıda deyilirdi: “2007-ci ildən bəri qurumda müxtəlif istiqamətlərdə dəhşətli yeyintilər baş verib. Belə ki, yalnız Nəsimi rayon məktəbləri üçün ayrılan dövlət vəsaitindən 3 milyon manatadək pul ayrı-ayrı adamların adına yazılaraq mənimsənilib. O da bəlli olub ki, bu adda adamlar yoxdur və onlara aid şəxsiyyət vəsiqələrinin nömrələri yalançıdır. Iddia edildiyinə görə, bu talançılıqların başında BŞTI-nin müdir müavini Müslüm Qəzənfərov dayanır. Xatırladırıq ki, Hesablama Palatasının sədri Heydər Əsədovun yaxın qohumu olan Qəzənfərov uzun müddət Nəsimi rayonunda təhsil şöbə müdiri işləyib. Yəqin ki, ona görə də o, əksər əməliyyatları ”doğma” məktəblərinin – Nəsimi məktəblərinin adı ilə edib. Bu maxinasiyaların bilavasitə icraçısı isə Qəzənfərovun əmisi qızı, BŞTI-nin iqtisadiyyat şöbəsinin aparıcı işçisi Amaliya adlı bir xanım olduğu söylənilir”.
Oxucuların nəzərinə çatdırırıq ki, yazı dərc olunan gündən srağagünədək redaksiyamızın telefonları BŞTI-nin bəzi əməkdaşlarının əlindən susmaq bilmirdi. Onlar məlumatın həqiqətə uyğun olmadığını iddia edirdi.
Lakin iyulun 5-də axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin BŞTI-dəki maliyyə pozuntuları haqqında şokedici məlumatı yayıldı.
Məlumatda deyilir: “Müəyyən edilmişdir ki, Bakı Şəhər Təhsil Idarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695 minÿ manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəmişlər…”.
Prokurorluğun məlumatında söhbət Bakının 11 rayonunun yalnız ikisi və 1 il 9 aylıq müddət haqqında söhbət gedir. Onda təbii bir sual ortaya çıxır: Əgər iki rayonda qısa müddət ərzində 695 minÿ manat dövlət vəsaiti talan edilibsə, onda son 5 ildə BŞTI-nin bütün qurumlarında nələr baş verib? Elə idarədəki mənbəmiz də bunu bunu deyir: “Idarənin yarandığı və şəxsən nazir Misir Mərdanovun kurasiyasına verildiyi 5 il ərzində dövlətin 10 milyon manatdan çox vəsaiti mənimsənilib”.
Mənbə onu da bildirib ki, bu məsələdə daha çox başı ağrıyacaq şəxslərdən biri də Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev olacaq. Çünki bu, birbaşa onun kurasiyasına aid sahədir. Bundan əvvəl nazirliyin tikinti idarəsində yeyintilər aşkarlanmışdı. Şahrza Əliyev bu işdə məsuliyyətdən yaxa qurtara bildi. Lakin bu dəfə onun həbs olunmaq təhlükəsi daha ciddidir.
Informasiya şöbəsi