“Fövqəlnazir” Bəylər Əyyubov və Vasif Talıbovla konfliktə girmək istəmir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiyanın Tümen vilayətində biznes qurur. “Azadlıq”a daxil olan məlumatlara görə, Kəmaləddin Heydərov ilkin mərhələdə Tümendə “Gilan Qəbələ Konserv Zavodu”nun məhsullarının satışını təşkil etmək niyyətindədir. Məlumatlara görə, bugünlərdə Tümendə adı çəkilən zavodun məhsullarının təqdimat mərasiminin keçirilməsi də bununla bağlıdır.
Məlumatda bildirilir ki, Kəmaləddin Heydərov zavodun istehsal etdiyi şirələrin Azərbaycan bazarında sıxışdırılmasına başlanılandan sonra bu qərara gəlib. Məlumat üçün deyək ki, əgər əvvəllər şirə bazarında yalnız “Jalə” şirələri liderlik edirdisə, artıq vəziyyət dəyişib. İlham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov şirə bazarına əl qoyub. Bəylər Əyyubovun “Vitamin” şirələri və Vasif Talıbova məxsus “Gəmiqaya” şirkətinin istehsal etdiyi şirin sular Kəmaləddin Heydərovun “Jalə”sini bazardan sıxışdırıb. Təbii ki, bu azad rəqabət şəraitində deyil, inzibati üsullarla baş verib. Kəmaləddin Heydərov isə Bəylər Əyyubov və Vasif Talıbovla konfliktə girmək istəməyərək “Gilan Qəbələ Konserv Zavodu”nun məhsullarının xarici bazarda satışını genişləndirməyə çalışır.
Hikmət