Əcnəbi jurnalistlər “Re:Common” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının təhqiqat qrupu ilə birgə Türkiyəylə bağlı olduqca maraqlı faktların yer aldığı araşdırma aparıblar. Yazının hazırlanmasında ayrı-ayrı ölkələrdən olan araşdırmaçı curnalistlər iştirak edib, çoxsaylı sənəd və hüquqi aktlar öyrənilib. Yarım il sürən araşdırmalar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri, yaxın ətrafı, onların Azərbaycan hakimiyyəti ilə, Putinin ətrafındakı menecerlər və energetiklərlə bağlılığını faktlarla ortaya qoyur. Araşdırmanı “Azadlıq”ın oxucularına təqdim edirik:
SOCAR neft və qazı şirkətin sirli sistemi vasitəsilə satır. Bu sistemin “kassası” İsveçrə şirkətidir. Şirkət 2007-ci ildə BTC neft kəmərinin açılışından sonra təsis edilib.
“Socar Trading” adlı bu şirkət ildə 30 milyard dollardan çox gəlir əldə edir. İlk beş ildə Azərbaycan hakimiyyəti onun səhmlərinin 50 faizi ilə kifayətlənirdi.
Əliyev-Qolovuşkin işbirliyi…
Kapitalın ikinci yarısı iki şəxsin adına rəsmiləşdirilmişdi – gənc azərbaycanlı iş adamı Anar Əliyev və “Lukoil” şirkətinin keçmiş meneceri Valeri Qolovuşkinin.
Anar Əliyev 5 milyon dollar yatırmaqla SOCAR İsveçrənin səhmdarı olmuşdu. Qolovuşkinin verdiyi məbləğ isə 1 milyon 250 min dollar idi.
2012-ci ilin avqustunda SOCAR onların payını satın aldı. Bu məqsədlə azərbaycanlı iş adamına 103, rus iş adamına 30 milyon dollar ödədi.
Məsələ ictimailəşəndən sonra Anar Əliyev Azərbaycan mətbuatına açıqlama vermişdi ki, o, sadəcə öz işi ilə məşğul olan iş adamıdır. Və prezident İlham Əliyevin qohumu olmadığını sübut etmək üçün hətta soyadını Əlizadə etməli olub.
48 müqavilə, 375 milyon dollarlıq gəlir…
Məsələ burasındadır ki, energetika sahəsinə aidiyyəti olmayan bu gənc iş adamı bir neçə il ərzində 48 müqavilə imzalamışdı. Bu razılaşmalar SOCAR-la neft-qaz şirkətləri arasında əldə olunurdu.
Bu müqavilələr 2005-2012-ci illərdə Anar Əliyevə 375 milyon dollarlıq gəlir gətirmişdi.
A.Əliyev Naxçıvanda anadan olub. O, hakim ailəyə «Baku White City» layihəsi ilə yaxınlaşıb. Bu layihə 2015-ci ildə keçirilən Avropa oyunlarının simvolu idi.
Şübhələri özündən kənarlaşdırmaq üçün A.Əliyev öz “imperiyasını” ölkəsindən kənarda qurub. Məsələn, onun “Union Grand Energy” şirkəti Sinqapurda qeydiyyatdan keçib. Şirkət “Horizon Investment” adı altında Birləşmiş Ərəb Əmirliyindəki anonim offşorlardan biri tərəfindən idarə olunur.
BƏƏ-də həmçinin “Heritage General Trading”in baş ofisi yerləşir. Bu şirkət vasitəsilə A.Əliyev SOCAR İsveçrənin 40 faizinə nəzarət edir.
Şirkətdə Azərbaycan xəzinəsinə üç sahibkar cavabdehlik daşıyır – SOCAR (50 faiz), Valeri Qolovuşkin (25 faiz) və Anar Əliyev (25 faiz).
2010-cu ilin sentyabrında rus menecerin offşordakı payı 10 faizə düşür. Azərbaycanlı iş adamında isə əksinə, 40 faizə yüksəlir.
2012-də A.Əliyev İsveçrə şirkətinin heyətinə daxil olur, Qolovuşkin isə 2013-ə qədər orada baş direktor olur. Daha sonra şirkətdə İdarə Heyətinin üzvü kimi qalır.
Anonim şəxslərin səhmdar olması faktına Azərbaycan Dövlət Neft Şirkətinin digər şirkətlərində də rast gəlinir.
Məsələn, Malta şirkəti “Socar Oil&Gas International Holding” SOCAR tərəfindən idarə olunur. Lakin onun haqqında məlum olan yalnız Honkonqda yerləşməsidir. Şirkət bu ünvanda 2015-ci ilin 19 yanvarında qeydiyyata düşüb.
“Panama sənədləri” işıq salır
“Panama sənədləri”ndən məlum olur ki, “Lukoyl”un keçmiş vitse-prezidenti Valeriy Qolovuşkin SOCAR-a qədər İsveçrədəki sputnik-şirkətdə (Rusiyaya məxsus) işləməyə davam edib.
“Şahdəniz-2” layihəsinə “Lukoyl”un daxil olmasını (SOCAR və Bp-nin rəhbərliyi altında) təsadüf saymaq çox çətindir. Bu konsorsium 2020-ci ildən başlayaraq “TAP-TANAP-SCR” kəməri vasitəsilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazı satmağı planlaşdırır.
Barrozunun rəhbərliyi ilə Avropa Komissiyasının müsbət rəyini almış bu meqalayihənin hədəfi “Qazprom”un qazına alternativ tapmaq idi. Lakin artıq layihə ziddiyyətli geosiyasi dönüş yarada bilər.
2016-cı ilin dekabrında “Qazprom” İstanbulda yeni sualtı qaz kəmərinin inşası ilə bağlı “Türk axını” sazişini imzaladı. Kəmərin Yunanıstan sərhədinə – TAP və TANAP-ın kəsişdiyi nöqtəyə qədər uzanması nəzərdə tutulur.
Sazişi Türkiyənin enerji naziri Bərat Albayrak prezident Rəcəb Ərdroğanın və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə imzaladı.
İndi “Qazprom” İtaliyaya gedən və 10 milyon kubmetrlik qazı daşımaq gücü olan kəmərə qoşulmaq istəyir.
Hazırkı məqamda bu nəhəng qaz kəmərinin problemi nə hakimiyyət, nə də vətəndaşların etirazıdır. Problem puldur.
“Bu biznesdə ən çox Bp maraqlıdır”
Azərbaycan qazının transmilli şirkətlər vasitəsilə biznesində ən çox Bp maraqlıdır. Neft platformasındakı məlum qəzadan sonra Birləşmiş Ştatlara 20 milyardlıq nəhəng kompensasiya ödəyən şirkət düşdüyü çətin durumdan çıxmağa çalışır.
TAP Ag konsorsiumunun 2015-ci ildə dərc olunan son büdcə hesabatından məlum olur ki, İsveçrə şirkəti o qədər borclanıb ki, hətta mühasiblər belə, milyardlıq dəstək gəlməsə, onun “sağ qala” biləcəyinə inanmırlar.
«Hesab edirik ki, “qara dəliyə” çevrilmək təhlükəsi olan bu layihədə ictimai fondlar istifadə olunmamalıdır”, – deyə Avropa Komissiyasının layihəni maliyyələşdirməsini tənqid edən “Re:Common” Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının əməkdaşı Yelena Jerebitsa bildirir.
“Re:Common” onu da bəyan edir ki, TANAP da Avropa Komissiyasından əvəzsiz 10 milyon dollar alıb.
Üstəlik qaz kəmərinin Türkiyə hissəsinin inşası üçün Dünya Bankı da 800 milyon dollar ayırıb. Bu vəsaitdən türk və Azərbaycan tərəfi eyni dərəcədə istifadə edib. Daha 600 milyon dollar isə Asiya İnkişaf Bankı tərəfindən ayrılıb.
Nəhəng maliyyə əməliyyatı…
Eyni zamanda “Lukoyl” şirkəti 2015-ci ildə Avropa İnkişaf Bankından 450 milyon, Asiya İnkişaf Bankından isə 250 milyon dollar alıb. Bu vəsait “Şahdəniz-2″nin inkişafı üçün ayrılıb.
Hətta TAP-ın inşasına nəzarət edən transmilli şirkətlər üçün də (Bp, İsveçrənin Az-TAP şirkəti vasitəsilə SOCAR Azərbaycan) bu qaz kəməri nəhəng maliyyə əməliyyatı olacaq.
Banklar bura pul yatırır. Bu pullar onlara metanın gələcəkdə reallaşacaq satışından sonra qayıdacaq. Daha dəqiqi, qaz istehlakçılarının ödənişlərindən sonra.
Türkiyə və Rusiyadan sonra hətta özəl konsorsium olan TAP Ag belə, Avropa İnvestisiya Bankından maliyyələşmə üçün 2 milyard istəyib.
Bu, məlum kredit institutunun bu günə qədər ayırdığı ən nəhəng məbləğ olacaq…
Azadliq.info