Aprelin 27-də Səbail Rayon Məhkəməsində Azərbaycanda “Azadlıq” qəzetinin “azadliq.info”, “Azadlıq” radiosunun “azadlıq.org”, Meydan.TV-nin, “Azərbaycan saatı” televiziya proqramının və “Turan TV”nin saytlarına girişin bloklanmasını isətən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin ərizəsi üzrə məhkəmə başlayıb. Məhkəmədə “Azadliq.info”nu Səməd Rəhimli, “Azadlıq” radiosunu Adil İsmayılov, MeydanTV-ni isə Elçin Sadıqov təmsil edib.
Ərizəçi tərəfdən həm nazirliyin, həm də nazirliyin nəzdində olan Elektron Təhlükəsizlik Mərkəzinin nümatəndələri iştirak edib. Amma mərkəzin təmsilçisi olan xanımın etibarnaməsi olmayıb. Xanım deyib ki, Mərkəzin direktoru ezamiyyətdə olduğundan etibarnamə alınması mümkün olmayıb. Qanuna görə, bu halda, həmin xanım ərizəçinin nümayəndəsi qismində çıxış edə bilməz.
Bundan başqa, Mərkəzin direktoru Faiq Fərmanov məhkəməyə ərizə versə də, saytlara bu haqda heç bir məlumat verilməyib, materiallar onlara təqdim olunmayıb.
Məhkəmədə məlum olub ki, sən demə, Baş Prokurorluq bloklanması tələb olunan saytlarla bağlı tədbir görülməsi üçün məhkəməyə müraciət edib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi isə Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
Saytların nümayəndələri ərizəçi tərəfin materialları onlara da təqdim etməli olduğunu yada salıblar. Hakim Nurəddin Bağırov materialların onlara təqdim olunacağını bildirib.
Vəkillər ərizənin surəti ilə yanaşı, Baş Prokurorluğun müraciəti, əsas göstərdiyi yazılar, nazirliyin qərarının da onlara təqdim olunmasını istəyiblər.
Həm etibarnamə məsələsi, həm də sənədlərin saytların təmsilçilərinə təqdim olunmaması ilə əlaqədar məhkəmənin hazırlıq iclası mayın 1-nə təxirə salınıb.
azadliq.info