Jurnalist Fikrət Fərəməzoğlunun işində ittiham tərəfinin zərərçəkmiş şəxs kimi tanıdığı Şirin Abdullayev “Azadliq” qəzetini məhkəməyə verib. Fevralın 3-də azadliq.org saytının məhkəmədən hazırladığı reportaj azadliq.info saytında “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” başlığı ilə dərc olunub. İddiaçı tərəf bu yazını şərəf və ləyaqətinə təhqir kimi qəbul edərək “Azadliq” qəzetini məhkəməyə vermişdi.
Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəfin nümayəndəsi etiraz verib yazının başqa saytdan istinadla verildiyini bildirmişdi. Hakim iddia tərəfinə iddianın dəyişdirilməsi təklifini vermişdi. Martın 29-da keçirilən prosesdə Şirin Abdullayevin nümayəndəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə azadliq.org saytının qeydiyatının və hüquqi ünvanının dəqiqləşdirilməsi barədə sorğu göndərdiklərini əsas gətirib məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermişdi.
Məhkəmə aprelin 17-də davam etdirilib. İddia tərəfi azadliq.info saytında yayımlanan məqalədə başlığın azadliq.org saytındakından fərqli olduğunu əsas gətirərək iddia tələbini dəyişməyib. İddia tərəfinin nümayəndəsi məqalənin başlığındakı “üzəduran” ifadəsini Şirin Abdullayevin şərəf və ləyaqətinin alçaldılması kimi dəyərləndirib.
Hakim linqivistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib. Ekspertizanın nəticəsi bəlli olduqdan sonra məhkəmə prosesi davam etdiriləcək.
azadliq.info