Yaxud, yalanın “hökumət himni” nə çevrildiyi ölkə
Dünyanın istənilən ölkəsində nöqsanlara, məmur özbaşınalığına, korrupsiyaya rast gəlmək olar. Amma heç bir normal ölkədə pis nümunələr dövlət siyasətinə çevrilmir, hökuməti bütövlükdə yoluxdurmur, normal hal kimi qəbul edilmir. Məhz buna görə də həmin ölkələrdə bütün sahələr sürətlə inkişaf edir. Yəni, meydana çıxan nöqsanlara qarşı ciddi mübarizə aparılır, pis nümunələrin dövləti mühasirəyə salmaması üçün tədbirlər görülür. Ən əsası isə normal ölkələrdə qanun işləyir, xalqın zəhmi hökuməti təqib edir və heç bir dövlət adamı rahatlıqla cızığından çıxa bilmir.
Azərbaycanda isə vəziyyət dəhşətli dərəcədə faciəlidir. Bizim ölkəmizdə tənqid etmək, problemləri göstərmək, talançılığa müqavimət göstərmək cinayət məsuliyyəti sayılır. Mövcud hakimiyyət heç bir faktın qarşısında geri çəkilmədən “problem yoxdur” deyir və nöqsanları görənləri “vətən xaini”, “inkişafı gözü götürməyən”, “ermənipərəst” kimi damğalayır. Artıq vəziyyət o həddə çatıb ki, ən yüksək vəzifəli adamların yalan danışması, “qatıq qara rəngdədir” deməsi normaya çevrilib. Çünki, yalan danışan vəzifəli şəxs yalana görə cəzalanmayacağına, dediklərinə görə məsuliyyət daşımayacağına, heç kimə hesabat verməyəcəyinə əmindir.
24 ildir xalqa inandırmağa çalşırlar ki, ölkəmiz haqqında deyilənlər böhtandır. Məsələn, Gömrük Komitəsinin sədri deyir ki, Azərbaycanda monopoliya yoxdur. Həm də bunu “tam məsuliyyətimlə deyirəm” formasında təqdim edir. Millət vəkili deyir ki, Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib. Komitə sədri bəyan edir ki, Azərbaycanın sürətli inkişafı bütün dünyanı heyran qoyur. Nazir deyir ki, dünya Azərbaycan modelini öyrənir. Hakim partiyanın yetkilisi israr edir ki, Avropa şəffaf seçki keçirməyi Azərbaycandan öyrənməlidir. Adminstrasiya rəsmisi “sülh danışıqları, hərbi diplomatiya uğur qazanıb” söyləyir. Başqa bir vəzifəli şəxs Azərbaycanda siyasi məhbus olmadığını dilə gətirir. Maliyyə naziri qənaət rejiminə keçildiyini, israfçılıqla mübarizə aparıldığını açıqlayır. İqtisadiyat nazirinin müavini “Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödməyə qadirdir” açıqlaması verir. Başqa bir yetkili deyir ki, hər il gəlirlərimiz artır. Ölkə başçısı 3 ayda 85000 iş yerinin açıldığını, yoxsulluq səviyyəsinin 5 faizə endirildiyini, Azərbaycanın iqtisadi inkişaf göstəricisinə görə dünyada birinci yerdə olduğunu bildirir.
Göründüyü kimi, hökumətimizin ağzından ancaq “inkişaf”, “rifah”, “uğur”, “şəffaflıq” kəlmələri tökülür. O zaman sual meydana çıxır.
Əgər monopoliya yoxdursa, ölkəyə 44 qəpiyə idxal olunan banan, vətəndaşa niyə 3 manata satılır? Niyə, gömrükdən 3 kilo banan, 5 kilo quru süd və digr məhsullar keçirmək mümkün deyil?
Əgər səhiyyəmiz Almaniya səhiyyəsini “qapazaltı” edibsə, niyə yüzminlərlə vətəndaş müalicə və müayinə üçün qonşu ölkəlrəə üz tutur? Niyə, xəstələrə qoyulan diaqnozun 70-80 faizi səhv olur? Niyə, dövlət xəstəxanalarında bütün xidmətlər pulludur?
Əgər bu illər ərzində milyonlarla iş yeri açılıbsa, niyə yüzminlərlə Azərbaycan kişisi dolanışıq üçün ölkə xaricinə üz tutub? Niyə, neft ölkəsinin vətəndaşlarıRusiyanın bazarlarında zlüm-zillət çəkir?
Ölkədə sosial ədalət varsa, niyə minimum əməkhaqqı 116 manat müəyyən edilib? Seçkilər şəffaf keçirilirsə, topa bülletenlər, karusel əməliyyatları haradan meydana çıxır. Niyə, Azərbaycandakı seçki 58 faiz “pis və ya çox pis” kimi qiymətləndirilir?
Əgər qənaət rejiminə keçmişiksə, israfçılığa son qoyulubsa, niyə məmurlar milyarderə çevrilib, niyə hər nazirin 5-10 holdinqi, bankı, malikanəsi var? Əgər korrupsiyaya qarşı mübarizə varsa, korrupsionerliyi ifşa edilənlər niyə cəzalandırılmır, niyə bütün korrupsiya hesabatlarına Azərbaycanın adı ön sıradadır?
Əgər 150 milyonluq Rusiyanın meyvə-tərəvəzə olan tələbatını ödəyə biləriksə, 9 milyonluq Azərbaycanın kartofa, ətə, südə, meyvə-tərəvəzə olan ehtiyacını niyə ödəyə bilmirik?
Azərbaycanda siyasi məhbus yoxdursa, niyə narkotika, xuliqanlıq, vergidən yayınma ittihamıyla həbs olunmuş adamlara, siyasi əfv ərizəsi yazılır? Niyə, bu adamları bütün dünya “vicdan məhbusu” kimi tanıyır?
Əgər Azərbaycanda müstəqil məhkəmə sistemi varsa, niyə minlərlə ölkə vətəndaşı ədaləti təmin etmək üçün Avropa Məhkəməsinə üz tutur?
Əgər vətəndaşın həyat şəraiti yaxşıdırsa, niyə 2.5 milyon insan kredit bataqlığında çabalayır?
Əgər hökumətin natəmiz adamlar üzərində ciddi nəzarəti varsa, niyə qiymətlər hər gün artır, niyə heç kim müşavirələrdəki barmaq silkələmələrindən dərs çıxarmır?
Əgər gəlirlərimiz dayanmadan artırsa, niyə 25 milyard dollarlıq büdcə, 9 milyard dollar səviyyəsinə düşüb?
Bu sualları sonsuza qədər artırmaq olar. Nəhayət, belə bir sual ortaya çıxır ki, ölkədə hər şey gözəldirsə, bu qədər eybəcərlik haradan peyda olur. Bu qədər zülm-zillət, korrupsiya, ədalətsizlik kimin bətnindən doğulur?
Ümumiyyətlə, bu qədər aşkar faktları necə danmaq olar? Həqiqəti bu qədər “təpə-qapaz” etmək necə mümkün olur? Dünyanın ən inkişaf etmiş ölkələrində də hökumət sözüçüləri sürətli inkişafdan danışmır. Heç bir normal ölkədə “bütün sahələrdə uğur fontan vurur” hesabatı verilmir.
Görünən budur ki, bizim ölkəmizdə yalanın böyük statusu var. Bu ölkədə yalan “hökumət himni”nə çevrilib. Bütün komanda üzvləri bu “himni” əzbər bilir. Ümumiyyətlə, bu “himni” bilməyənlər vəzifədə qala, karyera pilləkənini dırmaşa bilməz.
Bəli, xalq “həqiqət himni”ni yaddan çıxaranda, hökumət “yalan himni” ni mötəbərləşdirə bilir.
İlham