Hollandiyalı ifrat sağ siyasətin təmsilçisi Geert Vilders internetdən yayınladığı “Fitnə” adlı filminin yeni hissələrini çəkəcəyini bildirib.
Vilders 2008-ci ildə internetdən yayınladığı bu filmin yeni bölümlərinin hazırlandığını açıqlayıb. Azadlıq Partiyasının (PVV) lideri Twitter hesabından yaydığı paylaşımda “Fitnə 2 ” ilə başlayacaq 9 yeni bölüm hazırlayacağını bildirib. İslamı, xüsusilə də, Quranı hədəf alan “Fitnə” adlı 16 dəqiqəlik film 2008-ci ildə tamamlanmış, televiziya kanallarının qəbul etmədiyi video internet üzərindən yayılmış, bir neçə saat içində 3 milyon adam tərəfindən izlənmişdi. Film İslam ölkələrinin sərt reaksiyasına səbəb olmuş və dövrün baş naziri Balkenende filmin yayılmasından üzüntü duyduğunu söyləmişdi.
Prokurorluq 2008-ci ilin iyun ayında “Fitnə” filminə görə olunan şikayətlərə baxaraq, Vildersə “təqib olunmamaq” qərarı çıxarmışdı. Bu qərar daha sonra Ali məhkəmə tərəfindən pozulmuş, bir qrupu təhqir etmək və nifrət toxumu səpməkdə günahlandırılaraq mühakimə olunan Vilders 2011-ci ildə bəraət almışdı.
azadliq.info