Martın 18-də məhkəmələrin iş günü olmamasına baxmayaraq, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Elxan İsgəndərovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayət ilkin istintaq dövrü üçün onun barəsində 3 ay 11 günlük həbs-qətimkan tədbiri seçilməsi haqda martın 16-da Nəsimi Rayon Məhkəməsində çıxarılmış qərardan verilib.
“HEÇ YERƏ QAÇIB GİZLƏNMƏYİB”
Bakı Apellyasiya Məhkəməsində şikayətə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyəti baxıb. Vəkil Fariz Namazlının AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmədə Elxan İsgəndərov özü də iştirak edib. O, heç bir cinayət törətmədiyini, ittihamları qəbul etmədiyini deyib.
Vəkil də həbs qərarının əsassız olduğunu bildirib və İsgəndərovun azadlığa buraxılmasını istəyib.
Amma hakimlər qısa müşavirədən sonra qərarın qüvvədə saxlanıldığını elan edib.
Fariz Namazlı həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcək.
“İşdə belə təqdim olunub ki, 2015-ci il noyabrın 26-da Nardaranda məlum hadisələrdən sonra Elxan İsgəndərov qaçıb gizlənib, onun haqqında axtarış qərarı çıxarılıb. Halbuki, o, Nardaran hadisələri baş verən zaman da, ondan sonra da evində olub, heç yerə qaçıb gizlənməyib. Bu müddətdə onu heç kim axtarmayıb. Bu adam heç bir cinayət törətməyib, Müsəlman Birliyi Hərəkatının sifarişiylə “Vəhdət” futbol turniri təşkil edib”, – Fariz Namazlı belə deyib.
Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan E. İsgəndərov vəkilinə ona işgəncə verilmədiyini deyib.