Bir neçə gün öncə xəbər aldıq ki, prezident Ilham Əliyev bir qrup səhiyyə işçisini fəxri adlarla, medallarla təltif edib. Səhiyyənin inkişafına görə. Bir anlığa Azərbaycan-Iran sərhəd keçid məntəqəsində müalicə üçün qonşu ölkəyə gedənlərin daim uzanan növbələrini yadıma saldım. Bizim təltifli səhiyyəmiz inkişaf edirsə, bəs adamlar niyə sağalmaq üçün bəyənmədiyimiz Irana gedir? Həm də hər il daha çox…
Hələ müalicə üçün Türkiyəyə, Avropaya gedənləri demirəm.
Yağışdan sonra göbələk kimi artan düttülü klinikalarımızın təmirli divarları var, ola bilsin, yaxşı avadanlıqları da var. Bəzən tək-tək yaxşı həkimləri də. Amma səhiyyə bir sistemdir, o bizdə yoxdur və getdikcə də onun olmasına ümidlər daha da azalır. Çünki getdikcə vəziyyətə daha da pisləşir.
Inanmırsınız? Buyurun diqqət edin, hər gün TV-lərdə reklamlar bar-bar bağırır ki, bəs filan xarici ölkədən filan klinikaya həkim gəlib. Xarici həkimin reklam olunduğu ölkə nə deməkdir? Deməli, onun öz səhiyyəsi yoxdur. Deməli, onun öz səhiyyəsinə əhali etibar etmir.
Inkişafdan çox danışa bilərsən, amma bu ölkənin insanı öz səhiyyəsinə etibar etmirsə, bu inkişafa medal vermək əvəzinə, onu Xəzərə axıtmaq lazımdır. Neft gəlirlərinə görə Xəzərə minnətdarlıq etmək üçün. Çünki məhz Xəzərin qara nefti qara üzləri ağartmağa imkan yaradır.
Şair Zəlimxan Yaqub böyrək xəstəliyindən Avropada müalicə olunur. Şəfa diləyirik. Uzun illərdir bizim ölkənin inkişafına şeir qoşdu, bizim Avropadan üstün olmağımızdan danışdı, amma bir də gördü ki, burada onu müalicə edə bilmirlər. Tanınmış aktyor Yaşar Nuri də uzun müddət Türkiyədə müalicə olundu. Çox adamları sadalamaq olar. Hamısına şəfalar diləyirik. Amma üzvü olduqları, mədh etdikləri, baş əydikləri prezidentin tərifli, medallı səhiyyəsinə etibar etmirlər.
Belə yazılarda ad çəkmək çətindir. Amma heç kəs xəstəlikdən sığortalanmayıb. Sual olunur, məşhurları, YAP-çı şairləri və aktyorları dövlət müalicə etdirir xaricdə, məmurların isə özlərinin imkanları çatır buna. Bəs sıravi YAP-çılar, YAP-çı olmayanlar nə etsinlər? Yalan və talanına görə YAP-a nifrət edənlər neyləsinlər? Bəs siyasətə qarışmıram deyən digərləri? Bir sözlə, xalq neyləsin?
15 ildə Azərbaycanın bütün səhiyyə kadrlarını xaricdə oxutmaq olardı. Tamam yeni səhiyyə qurmaq olardı ki, başqa ölkələrdən müalicə üçün bura axardılar. Amma medallı səhiyyəmiz üçün sadəcə yeni binalar tikdilər, yeni avadanlıqlar aldılar və təbii ki, bu yatırımlardan yaxşı pul götürdülər. Bölgələrdəki Diaqnostika Mərkəzlərinin çoxu işləmir, bəhanə də budur ki, oradakı müasir avadanlıqlarla işləyə bilən kadrlar yoxdur. Guya mərkəzdəkilərdə işləyə bilənlər çoxdur. Çoxdursa, yuxarıda dediyim ki, niyə bu ölkənin xəstələri Irana-Turana üz tutur? Niyə klinikalar xaricdəòòn gələn həkimlə özlərinə müştəri dəvət edirlər?
Azərbaycan Hindistanın aşağı keyfiyyətli dərmanlarının Avropa qiymətlərindən baha satıldığı ölkədir. Ən dəhşətlisi odur ki, bu ölkənin əldəqayırma klinikalarında qiymətlər Avropa qiymətlərindən bahadır. Camaat Irana həm də qiymətlərin ucuz olmasına görə gedir. Gedin Türkiyəyə, görəcəksiniz ki, tibbi xidmətin qiymətləri bizdəkindən ucuzdur. Bu da medallı səhiyyəmizin maddi tərəfi. Bu da bizə qurulan tələnin biri.
Dərhal əlavə edim. Çox ciddi məlumatlar var ki, əczaçılıq firmaları bizim ölkəyə tərkibi normadan aşağı olan dərmanlar gətirirlər – ucuz olsun deyə. Amma qablarının üzərində onların daha zəngin tərkibinin odluğu yazılır. Üstündə yazılanlara uyğun olmayan dərmanların isə təsiri qədərincə olmur. Xalq arasında böyük bir inam qazanıb bu iddia. Fəqət necə sübut edəsən, hansı ekspertizaya verib öyrənəsən bunu? Hər şey monopoliyadadır. Hər şey tək əldədir. Firmalar da özlərinindir.
Mənim anladığım bir şey var. Bu ölkədə insanları yalnız siyasi haqları tapdalamaqla məhv etmirlər, güvənilməyən səhiyyə də bir tərəfdən məhv edir bizi. Yaxşı ki, az sayda vicdanı və bacarığı olan həkimlər var…
Maraqlı bir rəqəmi də xatırlayaq. Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası çərçivəsində son 5 ildə səhiyyənin inkişafına 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunub. Çox gülməlidir. Gülün və halınıza ağlayın. ARDNŞ-in yeni ofisi olacaq bina da elə bu qiymətə tikilir.
Bir sözlə, səhiyyəmiz məhz medalların, təltiflərin kölgəsində can verir.