Cəmil Həsənli
Cümə günü Nardaran 2 prosesinə getmişdim, dostlar.
“Müsəlman Birliyi Hərəkatı”nın sədr müavini Elçin Qasımov və 12 nəfər dindar vətəndəşın məhkəməsi gedir ağır cinayətlər məhkəməsində. Həmin gün, martın 3-də təqsirləndirilən şəxslərdən Vüsal Alış ifadə verirdi. Bəri başdan deyim ki, Vüsal savadlı, hazırlıqlı, intellektli, məntiqli bir şəxsdir. Həbsdən öncə maarifçilik fəaliyyəti ilə məşğul olub. Müxtəlif dövlət universitetlərində gənclərə təlim keçib, seminarlar təşkil edib.
Onun dedikləri, məhkəmədəki ifadəsi son dərəcə heyrətamiz idi. Vüsal Alış qeyd etdi ki, istintaq zamanı verdiyi bütün ifadələr işgəncə, zor və təhdid altında alınıb və onların hamısından imtina edir. Vüsal “Bandotdel”də başına gələn dəhşətləri belə nəql edirdi: Mənə dedilər ki, “Bandotdel”i polis bölməsi ilə səhv salma, burada ayrıca işgəncə otaqları var. Deyilənləri etməsən hətta kişiliyindən məhrum ola bilərsən. Heç kim də bizə heç nə deyə bilməz. Biz heç kəsə hesabat vermirik. Ona görə də nə yazmışıq öz xoşunla imzala.
Hələ heç kim bizim əlimizdən qurtara bilməyib. Çox mənəm-mənəm deyən oğlanların dilini açmışıq burada. Sanki erməni əsirliyindəydim. Şöbə rəisi Kərim Əlimərdanov dedi ki, baxarsan, Nardaran əməliyyatında iştirak edənlər mükafatlandırılacaq, çünki tapşırıq yuxarıdan gəlib. Deyirdi ki, Taleh Bağırzadəni əvvəlcə narkotik ittihamı ilə həbs etmək istəyiblər, amma Aşurada sərt danışdığından, plan dəyişib. Dedilər ki, bizim öz ssenarimiz var. Ssenari belədir ki, dövlət çevrilişi etmək üçün Taleh Bağırzadə Milli Şuranın sədri Cəmil Həsənli və Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli ilə əlbir olub, silahları da adamlara Abbas Hüseyn paylayıb.
Bütün ifadələr bu ssenariyə uyğun olmalıdır, bu ittihamı təsdiq etməlidir. Məndən də tələb edilirdi ki, belə bir ifadəni imzalayım. Əks təqdirdə ailəmlə hədələdilər. Mən görürdüm ki, “bandotdel”də adamları gecələr döyür, üstlərinə nəcis tökürlər. Bu hərəkətlərdən, eləcə də ailəmin həbsindən qorxub, dedikləri sənədləri imzaladım. Dostlar gördüyünüz kimi Nardaran 2 prosesi DİN işgəncələrinin, Azərbaycan vətəndaşlarına qarşı dövlət adından törədilən zorakılığın, günahsız insanlara qarşı təzyiq yolu ifadə almaq kimi qanunsuzluqların yeni səhifəsini açır.
Yazı müəllifin feysbuk hesabından götürülüb