ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu 2016-ci ildə dünyanın müxtəlif ölkələrində insan haqlarının durumuna dair hesabat yayıb.
Hesabatın Azərbaycanla bağlı bölməsində ölkədə keçirilən ədalətsiz seçkilər, qanunsuz həbs və işgəncələr, hüquq və azadlıqların məhdudlaşdırılmasından söz açılıb:
– Azərbaycanda prezident üsul idarəçiliyi hakimdir. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Ölkə prezidenti hökumətin icra, qanunverici və məhkəmə qollarında dominantlıq nümayiş etdirir. Sentyabrın 26-da təsdiq edilən konstitusiya düzəlişləri prezidentlik müddətini 5 ildən 7 ilə qaldırıb və prezidentin güclərini artırıb. Düzəlişlərə sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərə icazə verən qanun da daxildir. Konstitusiya dəyişiklikləri geniş məcra alan qanunsuzluqlardan haqlı şikayətlərlə yadda qaldı. 2015-ci ilin noyabrında keçirilən parlament seçkiləri ATƏT-in seçki müşahidə missiyasının iştirak etməməyindən dolayı tam qiymətləndirilə bilmədi; müstəqil müşahidəçilər ölkə boyu seçki pozuntularının baş verdiyini bildirib. 2013-cü il prezident seçkiləri demokratik seçkilər üçün ATƏT-in əsas standartlarına cavab verməyib.
Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda və yeddi rayon üzərində nəzati saxlamaqda davam ediblər. Dağlıq Qarabağın sonuncu statusu ATƏT-n Minsk Qrupunun Fransa, Rusiya və ABŞ həmsədrlərinin beynəlxalq vasitəçilik formatında qalıb. 2016-cı ilin 1-5 aprel döyüşləri 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri qeydə alınan ən irimiqyaslı qarşıdurma olub. 1-5 aprel atışması zamanı tərəflərin vəhşilik törətdiyinə dair iddialar var. Hər iki tərəf bir-birini ittiham edib və bu müddət ərzində törədilən vəhşiliklərə görə Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərib.
İl ərzində insan hüquqları sahəsində qeydə alınan ən mühüm problemlər bunlardır:
Hökumətin fundamental azadlıqlara qadağaları artıb: Hakimiyyət ölkənin seçilmiş fəallarına, sekulyar və dini müxaliflərə hədə-qorxu gəlib, onlara qarşı ittihamlar irəli sürməklə, həbs-qətimkan tədbiri seçilməklə ifadə, sərbəst toplaşmaq və assosiasiya azadlığını məhdudlaşdırıb. Siyasi motivli həbslər, hədə-qorxular da daxil olmaqla vətəndaş cəmiyyətinin nümayəndələrinə ciddi basqılar olub: QHT nümayəndələri həbs olunub, qanunlar sərtləşdirilib, bank hesabları dondurulub. Hökumət həm də yarım müstəqil televiziyanı, ANS-i bağlamaqla və ölkənin əsas müxalif qəzeti, Azadlıq qəzetinin çapını dayandırmaqla ifadə azadlığını məhdudlaşdırıb.
Eyni zamanda siyasi fəalları müdafiə edən vəkillərin sayının azalması istiqamətində önləyici tədbirlər görülüb. Öz fundamental azadlıqlarını müdafiə etdiklərinə görə həbs olunan 17 nəfər azadlığa buraxılsa da, həbsdə qalanların sayı daha çoxdur.
Vətəndaşların öz hökumətini azad və ədalətli seçkilər yolu ilə seçmək haqqı əlindən alınıb.
Orduda fiziki istismar hallarına rast gəlinib. Məhbuslar işgəncə və istismara məruz qalıb, bəzən bu, ölümlə nəticələnib. Həbsxana şərtləri çətin və həyat üçün təhlükəli olaraq qalır. Polis dinc vətəndaşlara qarşı zorakılıqlar törədib. Ordersiz həbslər həyata keçirilib. Həbs olunan vətəndaşların bir çox hüquqları pozulub. Hökumət çoxlu sayda jurnalist və aktivistlərin hərəkət azadlığını məhdudlaşdırıb. Siyasi iştirakçılığa məhdudiyyətlər davam edib. Aşağı səviyyəli korrupsiyanın azaldılması üçün addımlar atılsa da, hökumət orqanlarının bütün səviyyələrində sistematik korrupsiyanın qaldığına dair ittihamlar mövcuddur. İş yerlərində diskriminasiyanın qarşısını almaq üçün hökumət qanunların işləkliyini təmin edə bilməyib.
Hökumət insan haqları pozuntusuna yol verən məmurların əksəriyyətinə qarşı rəsmi ittiham irəli sürməyib, onları cəzalandırmayıb; cəzasızlıq problem olaraq qalır.
Məcburi köçkünlər
Məcburi Köçkünlük Monitorinq Mərkəzinin apardığı monitorinqlərə görə, Bakıda yaşayan məcburi köçkünlərin çoxu yaşayış yerlərini qeydiyyata sala bilmir, iş imkanı, dövlət yardımı, səhiyyə və təhsilə çıxış əldə edə bilmir, mülkiyyət almaqda çətinlik çəkirlər. Məcburi köçkünlərin əhəmiyyətli hissəsi kasıblıq səviyyəsi yuxarı olan marjinallaşdırılmış, insanların bir-birinin içində yaşadığı yataqxanalarda yaşayırlar. Qanunun tələblərinə görə, məcburi köçkünlər yerləşdirildikləri ərazilərdə qeydiyyata alınmalıdırlar və qeydiyyat məcburi köçkün statusu almaq üçün çox vacibdir.
Hökumət il ərzində məcburi kökünlər üçün dövlət komitəsinə 260 mln. manat ayırıb. BMT-nin qaçqınlar üzrə komitəsinin (UNCHR) məlumatına görə, hökumət il ərzində Füzuli, Sabirabad, Bakı, Qazax və Zaqatalada 7000 nəfərdən ibarət 1620 ailəni evlə təmin edib.
İşgəncə və qeyri-insani rəftar
Konstitusiya və məhkəmə işgəncə faktlarını qadağan edir və buna görə 10 il müddətinə həbs cəzası düşür. 2014-cü ildə hüquq müdafiəçiləri təhlükəsizlik orqanlarının törətdiyi işgəncələrlə bağlı 324 şikayət qəbul edib. Şikayətçilər bildiriblər ki, onların alınlarına silah dayayıblar, bəzən bir neçə saat qəddarcasına döyülüblər, cinsi istismara məruz qalıb, ailə üzvlərinin həbsi ilə hədələniblər. Məsələn, Sumqayıt sakini 37 yaşlı Rəşad Mehtiyev aprelin 27-də Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qalıb. O, iki gün sonra dünyasını dəyişib.
İşgəncələr əsasən müvəqqəti saxlanma təcridxanalarında baş verib. Avqustun 12-də saxlanılan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəman 6 gün təcrid olunmuş vəziyyətdə saxlanılıb və o, işgəncəyə məruz qalaraq ifadəyə qol çəkib.
Bundan başqa, 2015-ci ildə Nardaranda dövlət çevrilişi edib islam dövləti qurmaqda ittiham olunan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə də daxil olmaqla xeyli sayda dindar şəxs saxlanılıb. Məhkəmə prosesi zamanı 17 nəfər saxlanılan şəxs bildirib ki, onlara Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncə verilib. Onların müdafiəçiləri işgəncə faktında adı çəkilən və Fərahim Bünyatovu ölüncəyədək döyən Şahlar Cəfərovun fəallıq etdiyini iddia ediblər. Hökumət bu iddiaları araşdırmayıb. Taleh Bağırzadəyə sekulyar müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənliyə qarşı ifadə verməsi üçün iki gün işgəncə verilib.
NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas Bayramova işgəncə verərək onlara narkotik maddə ittihamını qəbul etdiriblər. Onlar bu ifadələri imzalayandan sonra vəkilin görüşünə icazə veriblər. Onlar soyundurulub və dəyənəklərlə zorlanacaqları ilə hədələniblər.
Rəsmi məlumatlara görə, 2000-2013- cü illərdə həbsxana rəhbərliyi həbsxananın işçilərinə qarşı olan 334 şikayəti araşdırıb. DİN 2010-2013-cü illərdə 984, Baş prokurorluq isə 678 şikayət qəbul edib. BMT-nin işgəncələrə qarşı komitəsini bildirdiyinə görə, bu rəqəmlər onu göstərir ki şikayətlər səmərəli və qərəzsiz şəkildə araşdırılmayıb.
Həbsxana şəraiti
Sovet dövründən qalma saxlanma məntəqələri beynəlxalq standartlara cavab vermir. Qobustan həbsxanasında, 3 və 14 saylı həbsxanalarda penitensiar vərəm müalicə mərkəzində vəziyyət çox pisdir. Keçmiş məhbuslar və həbs olunan fəalların valideynləri bildiriblər ki, onlar ayaqyolundan, hamamdan istifadə və ərzaq qəbulu üçün rüşvət verməli olublar. Bəzi həbsxanalarda içməli su da yoxdur.
İl ərzində Ədliyyə Nazirliyi 122 ölüm halı haqda açıqlama verib. Onların 81-i müalicə müəssisələrində baş verib.
Müxalifətin Konstitusiyaya təklif olunana referendum əleyhinə keçirdiyi 11,17 və 18 sentyabr mitinqlərinə görə 185 nəfərin saxlandığı bildirlir.
Həbs prosedurları və məhbuslara münasibət
Qanun tələb edir ki, saxlanılan, həbs edilən və cinayətdə ittiham edilən şəxslərlə bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilsin, onlara hüquqları və həbs edilmə səbəbləri ilə bağlı dərhal məlumat verilsin.
Qanuna görə, məhbuslar həbs olunduqdan sonra 48 saat ərzində hakim qarşısına çıxarılır və hakim həbs-qətimkan tədbiri, ev dustaqlığı və ya məhbusun azad olunması barədə qərarlardan birinin qəbulunu əmr edir. İlkin 48 saat həbs müddəti yüngülləşdirici şərtlər altında 96 saata qədər uzadıla bilər. Həbs-qətimkan tədbiri və ya ev dustaqlığı zamanı Baş Prokurorluq istintaqı başa çatdırır. Həbs-qətimkan tədbiri 3 ay çəkir, amma ittihamdan və istintaqın ehtiyaclarından asılı olaraq 18 aya qədər uzadıla bilər. Bəzən ordersiz saxlanılan şəxslər günlərlə nəzarətdə saxlanılır və hüquq ekspertləri təsdiq edir ki, bəzən hakimlər vətəndaş həbs olunduqdan sonra order çıxarır. Saxlanıldıqdan dərhal sonra irəli sürülən ittihamlar barədə məhbuslara məlumat verilmədiyi barədə məlumatlar var.
Martın 22-də Sumqayıt şəhər polisi səhvən Rəşad Abbasovu saxlayıb və başqa bir şəxsi bıçaqlandığını yalandan boynuna alana qədər ona qarşı fiziki zorakılıq nümayiş etdirib. Sonradan polis həqiqi cinayətkarı tapıb və bir çox bədən xəsarəti aldığına görə xəstəxanaya yerləşdirilən Abbasovu azad edib. Abbasovun ailəsi bildirib ki, polis cinayəti boynuna almağa məcbur etmək üçün elektroşokdan da istifadə edib. Rəhbər orqanlar polisin vətəndaşa qarşı pis rəftarını araşdırmayıb.
Qanun həbs anından etibarən vəkilə müştərisi ilə görüşməyə imkan tanıyır, lakin rəhbər orqanların həm siyasi motivasiyalı, həm də rutin proseslərdə vəkillərə müştərisi ilə görüşməyə imkan verilmədiyinə dair məlumatlar mövcuddur. Hüquqi məsləhət almaq müşkül məsələdir, xüsusən də Bakıdan kənarda. Həbs edilən gənc aktivistlər Bayram Məmmədov və Qiyas İbrahimovun vəkilləri məlumat verib ki, onların öz müştəriləri ilə görüşünə 2 gün icazə verilməyib. Həbs olunduqları 10 may tarixindən 12 mayda baş tutan məhkəmə prosesinin başlamasına dəqiqələr qalmışa kimi onlara heç kimlə görüşməyə icazə verilməyib.
Polis bəzən siyasi cəhətdən həssas şəxsləri və başqa şübhəliləri bir neçə saatdan bir neçə günə kimi təcrid vəziyyətində saxlayır. Məsələn, 18 avqustda müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc aktivisti Fuad Əhmədli həbs edilərək təxminən 10 gün təcrid vəziyyətində saxlanıldı. 2015-ci ilin noyabrında hüquq-mühafizə orqanları Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də olmaqla bir qrup dindar şəxsi həbs etdi. Bağırzadənin həbsinin ardınca, hökumət ölkənin müxtəlif yerlərində 70-dən çox şəxsi saxladı. 24 aktivistdən ibarət işçi qrup onlardan 52-nin həbsini məhkəmə icraatı zamanı təqdim edilən dəlillərin yetərsizliyindən dolayı qanunsuz hesab edib, 20 nəfərin işini isə potensial qanunsuz həbs kimi nəzərdən keçirir.
Məhbusların ailə üzvləri məlumat verib ki, vəzifəli şəxslər hərdən məhbusları ziyarət etməyə məhdudiyyətlər qoyur, xüsusilə də həbs-qətimkan tədbiri seçilən zaman. Çox vaxt məhbuslar barədə məlumatlar da gizlədilir. Saxlanılan şəxslərin ailələrinin onlar haqqında məlumat ala bilməyi bəzən günlər alır. Bəzən isə onlara təzyiq edilir ki, polisin qanunsuz davranışları barədə məlumat yaymasınlar.
Zaminlik sistemi mövcuddur, ancaq hakimlər il ərzində bundan istifadə etməyib.
Qanunsuz həbslər
Hökumət polisə müqavimət, narkotik və ya silahları qanunsuz əldə etmə, vergidən yayınma, qanunsuz sahibkarlıq, səlahiyyətlərdən sui-istifadə, iğtişaşlara təhrik kimi saxta ittihamlarla tez-tez həbslər həyata keçirir. Yerli QHT-lər və “Amnesty International”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar öz fundamental hüquqlarından istifadəyə görə vətəndaşların həbs edilməsini tənqid edib və hökuməti saxta ittihamlardan çəkinməyə çağırıb.
Polis xüsusilə də ifadə azadlığından dinc şəkildə istifadə etmək istəyən şəxsləri saxlayıb. Məsələn, Noyabrın 7-də Ağstafa rayon polisi AXCP-nin gənc aktivisti Vüsal Zeynalovu həbs edib və ona qarşı polisə müqavimət ittihamı irəli sürüb. Yerli məhkəmə onu 30 gün inzibati həbsə məhkum edib. Partiyadan məlumat verilib ki, Zeynalovun həbsinin səbəbi sosial şəbəkədə paylaşdığı tənqidi fikirlərdir.
Əfv
Martın 18-də prezident 148 nəfərin azadlığa buraxılması haqqında əfv fərmanı imzaladı. QHT-lər onların 14 nəfərinin siyasi məhbus olduğunu bildiriblər. Əfv olunanlara əfv ərizələrinin yazılması ilə bağlı təzyiqlərin olduğu səsləndirilib. Məsələn, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun buna görə fiziki işgəncələrə məruz qaldığı, karserə salındığı digər məhbusların hədə-qorxularına məruz qaldığı, ailə üzvlrinə təzyqlərin olunduğu bildirilib.
Siyasi məhbuslar və saxlanılanlar
Yerli QHT aktivistləri Azərbaycanda siyasi məhbusların sayının 119-160 arasında olduğunu bildirir. “Human Rights Watch”-a görə, ilin sonuna ən azı 25 hökumət tənqidçisi həbsdə qalıb. “Amnesty International” bu məhbusların bir çoxunu vicdan məhbusu kimi tanıyır.
İyunun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət Zahidov və Rövşən Zahidov qanunsuz olaraq narkotik vasitələri əldə etmə ittihamı ilə 6 il həbsə məhkum edilib. İnsan haqları aktivistləri və onların vəkilləri bildirib ki, müttəhimlərin hər ikisi sürgündə yaşayan keçmiş siyasi məhbus Qənimət Zahidin qohumları olduqlarına görə tutulublar. Fransada məskunlaşan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid Azərbaycan saatı televiziya verilişində hökuməti tənqid edən çıxışlar edib.
Hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus ölkəni tərk etməyə məcbur olub.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi N!DA-çı gənclər Qiyas İbrahimova narkotik ittihamı ilə 10 il həbs verib. Hökumət o və aktivist Bayram Məmmədovu keçmiş prezident Heydər Əliyevin abidəsini qraffiti ilə təhrif etdiklərinə görə cəzalandırıb. QHT-lər bildirir ki, narkotik ittihamını boyunlarına qoymaq üçün onlara işgəncə verilib. Dekabrın 9-u Bayram Məmmədov da oxşar ittihamlarla 10 il həbs cəzası alıb.
Hüquq müdafiəçiləri Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının siyasi motivlərlə həbs olunduğunu bildirir. Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü ildə azadlığa buraxılmasına dair qərar verdiyi İlqar Məmmədov, NİDA fəalı İlkin Rüstəmzadə və jurnalist Seymur Həzi hələ də həbsdədir.
Şəxsi həyat və yazışmalara qanunsuz müdaxilələr
Qanun şəxsi həyata müdaxiləni, yazışmaların və başqa kommunikasiya vasitələrinin monitorinqini qadağan edir.
Konstitusiya yaşayış yerlərində axtarış aparmağa ancaq məhkəmə orderi olduqda və ya qanunla göstərilən xüsusi hallarda icazə verir, ancaq hökumət qanunları pozaraq bunlara məhəl qoymur. Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin bir çox insanın telefon və internet kommunikasiyalarını izləməsinə dair geniş məlumatlar var, xüsusilə də xaricilərin, internetdə aktiv gənclərin, siyasi və biznes fiqurlarının və beynəlxalq əlaqələrə malik şəxslərin. Ölkənin poçt xidmətinin siyasi həssas məktubları izləməsinə dair əlamətlər mövcuddur. Məsələn, AXCP sədr müavini Fuad Qəhrəmanlının Avropa İnsan Haqları Məhkəməsinə müraciət məktubu poçt xidmətinin bildirdiyinə görə 2 dəfə “itib”.
Polis cinayətkarlıqda şübhəli bilinənləri, müstəqil jurnalistləri, müxalifət partiyası üzvlərini və liderlərini, həmçinin müəyyən QHT işçilərini təhdid etməkdə, bəzən onların ailə üzvlərini həbs etməkdə davam edib. Məsələn, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov siyasi motivasiyalı ittihamlarla 2012-ci ildən bəri həbsdədir. Fevralda Naxçıvan DİN-i sürgündə olan biznesmen Məmməd Qurbanovun ailə üzvlərini həbs etməklə ondan hökuməti tənqid etməyi dayandırmağı tələb edib. Qurbanov polisin uzunmüddətli təhdid və fiziki istismarından sonra Naxçıvanı tərk edib.
Sürgündə yaşayanlara təzyiq etmək məqsədilə qohumların siyasi motivasiyalı həbslərinə dair bir neçə nümunə var. 2015-ci ilin yayında sürgündə yaşayan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidov həbs edilib. Noyabr ayında onlar həbsdən Qənimət Zahidi pisləyən bəyanatla çıxış ediblər, amma bu da onları azad edə bilməyib. 2015-ci ilin iyulunda sürgündə yaşayan jurnalist Emin Millinin qaynı Nazim Ağabəyov həbs edilib. Aprelin 22-də Ağabəyov şərti olaraq azad edilib. Sentyabrın 29-u müxalifət lideri Cəmil Həsənlinin qızı Günel Həsənli aktivistlərin siyasi motivasiyalı hesab etdiyi ittihamlarla 9 ay həbsdə qaldıqdan sonra azad edilib.
Sentyabrda konstitusiya düzəlişləri referendumunun əleyhinə keçirilən mitinq zamanı, ondan qabaq və sonra polis siyasi və insan haqları aktivistlərinin, müstəqil jurnalistlərin ailə üzvlərini sorğu-suala çəkib, onları təhdid edib.
Siyasi aktivliyə görə qisas məqsədilə hökumətin bəzi şəxslərin qohumlarını işdən azad etdiyinə dair məlumatlar var.
İfadə azadlığı və media
Hökumət ifadə və media azadlığını məhdudlaşdırıb. Jurnalistlər təhdidlərlə üzləşib, bəzən döyülüb və həbs edilib. QHT-lər ilin sonuna həbsdə qalan jurnalist və bloqqerlərdən ən azı 6-nın siyasi məhbus olduğunu bildirir. İl ərzində hökumət mediaya, sürgündə yaşayan jurnalistlərə və onların yaxınlarına basqıları davam etdirib. Yanvarın 29-u Abşeron Rayon Məhkəməsi Azadlıq qəzetinin jurnalisti Seymur Həzini 5 il həbsə məhkum edib.
Konstitusiya referendumu ərəfəsində referendumu tənqid etdiyi üçün seçilmiş fəallar həbs edilib. 12 avqustda REAL hərəkatının icra katibi Natiq Cəfərli həbs edilib. Hökumət sekulyar müxalifət üzvləri olan aktivistlərin həbsinə bəraət qazandırmaq üçün onları müsəlman imam Fətullah Gülənlə əlaqədə olmaqda ittiham edib. AXCP üzvü Fuad Əhmədli və Azadlıq qəzetinin maliyyə direktoru, həmçinin AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlini hökumət bu ittihamlarla həbs edib.
2014-cü ilin başlanğıcında hökumət metroda və küçələrdə qəzet satışını əngəlləyib, il ərzində müxalif qəzetlərin köşklərdə satışını məhdudlaşdırıb. Etibarlı məlumatlar göstərib ki, distributorların daşımaqdan imtina etməsi səbəbilə müxalif qəzetləri Bakıdan kənarda əldə etmək müşkül olub.. Həm də AXCP-nin fəal üzvü olan Azadlıq qəzetinin maliyyə direktorunun həbsi bank əməliyyatlarını həyata keçirməyə imkan vermədiyi üçün sentyabrda müxalif Azadlıq qəzeti çapını dayandırıb. Sonralar isə qəzetin borclarını ödəmək cəhdlərinin qarşısı hökumət tərəfindən alınıb.
“Amerikanın səsi”, Azadlıq Radiosu və BBC-nin FM tezlikdə yayımı məhdudlaşdırılıb. “ANS” televiziyası qapadılıb. Meydan TV-yə qarşı 2015-ci ildə açılan cinayət işi davam etdirilib, 15 nəfərdən çox şəxs sorğuya cəlb olunub.
Yerli müşahidəçilər bildirib ki, il ərzində 21 jurnalistə qarşı 31 fiziki hücum olub. Jurnalistlərə və media qurumlarına qarşı 29 məhkəmə işi olub, onlardan 1.3 mln manat kompensasiya tələb edilib, məhkəmələr 95 min (53 min dollar) manat həcmində cərimələr kəsib.
İnternet azadlığı
“Amerikanın səsi”, Azadlıq Radiosu, “Azadlıq qəzeti” və Almaniyadan fəaliyyət göstərən Meydan televisiyasının yayımı fasilələrlə bloklanıb.
Hökumət demokratik aktivistlərin internet kommunikasiyalarını izləyib. Məsələn, 2015-ci ilin dekabrında Fuad Qəhrəmanlı həbs olunduqdan sonra “Facebook”-da ifadə azadlığından istifadə etdiyi üçün ona qarşı cinayət ittihamları irəli sürülüb. AXCP üzvü Füzuli Hüseynov “Facebook”-da hökuməti tənqid etdiyi üçün yanvar 27-də 30 sutka həbs edilib. Bloqqer Mehman Hüseynov sentyabrda polis tərəfindən saxlanılıb, tənqidi video və şəkilləri yaymağı dayandırmasa, fiziki istismara məruz qalacağı ilə hədələnib.
Sərbəst toplaşmaq azadlığı
Manatın devalvasiyası və iqtisadi vəziyyətin pisləşməsi ilin əvvəlində ölkənin müxtəlif yerlərində etiraz qığılcımları yaratdı. Etirazlar yanvarın 6-ı Saatlı şəhərində başladı. Yanvarın 12-i etirazlar Lənkəran şəhərinə yayılanda polis AXCP aktivisti Nazim Həsənov və Müsavat Partiyası aktivisti İmanverdi Əliyevi saxlayıb. Onların hər ikisi qanunsuz aksiyalar təşkil etməkdə ittiham olunaraq 30 gün həbs cəzasına məruz qalıb. Yanvarın 13-ü DİN Siyəzəndəki etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sonradan məlumat verildi ki, polis müxtəlif etiraz aksiyalarında iştiraka görə 55 nəfəri saxlayıb.
Sentyabrın 11, 17 və 18-i referendum əleyhinə keçirilən mitinqlər zamanı, mitinqlərdən əvvəl və sonra 185 nəfər polis tərəfindən saxlanılıb. Məhkəmə polisə müqavimət ittihamı ilə 12 müxalif aktivistə 8 gündən 30 günə qədər inzibati cəzalar verib. Bir aktivisti isə ictimai asayişi pozduğu üçün 200 manat cərimələyib.
Hərəkət azadlığı
Ölkədən xaricə çıxışına qadağa qoyulan aktivist və jurnalistlərin sayı öncəki illə müqayisədə artıb. Məsələn, AXCP sədri Əli Kərimli (2006-cı ildən bəri), bloqqer Mehman Hüseynov, araşdırmaçı jurnalist Xədicə İsmayılova, vəkillər İntiqam Əliyev və Əsabəli Mustafayev, REAL üzvləri Natiq Cəfərli və Azər Qasımlı, Emin Millinin qaynı Nazim Ağabəyov və Meydan TV-yə material göndərən ən azı 15 müstəqil jurnalist.
Seçkilər və siyasi fəallıq
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu 2015-ci ilin seçkilərində müşahidə missiyasını təxirə saldı. Buna səbəb İnstitutun təklif etdiyi seçki müşahidəçilərinin sayı ilə bağlı idi.
Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun iştirakı olmadan seçkilərin ədalətli keçdiyinə qiymət vermək mümkün deyildi. Bundan başqa, ölkənin əsas müxalifət qüvvələri seçkini boykot etdilər.
Milli Məclisdə 2010-cu ildən etibarən müxalifət partiyaları təmsil olunmur. Digər vətəndaşlardan fərqli olaraq müxalifət fəalları daha çox təzyiqlərə məruz qalıblar. NİDA Vətəndaş Hərəkatı üzvləri, AXCP fəalları sosial mediada yazdılqarı tənqidi statuslarına görə saxlanılıb, həbs olunublar.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ekstrimal şiə, köməkçisi Faiq Əmirli “gülənçi”liyə bağlı olmaqda ittiham olunur. AXCP sədr müavini Fuad Qəhrəmanlı Müsəlman Birliyi Hərəkatının hüquqlarını dəstəklədiyi üçün hökumət AXCP-nin radikal şiyəliklə bağlılığının olduğuna dair böhtanlar atmağa cəhd etdi. AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin həbsi zamanı da partiyanın sünni “gülənçi”liklə əlaqələrinin olduğuna dair oxşar ittihamlar səsləndirildi.
Zərdab rayonun keçmiş müstəntiqi Rüfət Səfərov prokurorluq orqanlarında korrupsiya faktlarına qarşı çıxdıqdan sonra ona qarşı rüşvət alma maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 9 il həbs cəzası təyin edib. Yerli QHT-lər onu siyasi məhbus sayır.
Hesabatda insan alveri, məcburi əmək, azyaşlı uşaqların əməyinin istismarı, diskriminasiya və b. problemlər də qeyd olunub.
azadliq.info