Azərbaycan prezidenti İlham Əliyev öz arvadı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib. Təhlükəsizlik Şurasının üzvlərinə öz yeni müavinini təqdim edərkən Əliyev bildirib ki, o, “uzun illərdir ictimai-siyasi, mədəni, beynəlxalq fəaliyyətlərdə mühüm rol oynayır”. “Kommersant FM”-in icmalçısı Stanislav Kuçer hesab edir ki, bu hadisə təkcə Azərbaycan üçün əlamətdar hadisə deyil.
“Bəs sən öz sevdiyin qadın üçün nə etmisən?”, – sosial şəbəkələrdə bu gözəl cütlüyün şəkillərinin yanında bu ifadəni mən gülümsəyərək oxuyuram. Azərbaycan prezidenti və birinci xanımının “House of Cards” amerikan serialının azarkeşi olduğu və bu cəsur qərarı ona baxdıqdan sonra verdikləri barədə versiyanı görəndə isə məni daha da gülmək tutur. Serialda ABŞ prezidenti özünün ağıllı və ambisiyalı arvadını vitse-prezident təyin edir.
Gülüş gülüş ardınca, amma reallıqda biz XXI əsrin növbəti qlobal trendi ilə üz-üzəyik – Qərb modeli demokratiyanı heç vaxt örnək götürməyən dövlətlərin nümayişkaranə şəkildə de-fakto monarxiyaya dönüşü. Mənim baxışıma görə, İlham Əliyevin siyasi taleyi – Qərb dəyərlərinin sonunun çatdığını və Yaradanın öz ölkəsi üçün təkhakimiyyətli idarəetmə modelindən yaxşısını kəşf etmədiyini fikirləşən xalqın layiqli övladının tarixçəsidir.
Ümumiyyətlə, Azərbaycan və Türkiyədən Belorusiya və Rusiyaya qədər müxtəlif ölkələrdə baş verənlərə nəzər yetirərkən ciddi olaraq sual edirəm: birinci kim çıxıb bunu deyəcək: “Yaxşı, dostlar, bəsdirin oyun oynadıq, kommunizmdə də, Amerika örnəyi demokratiyada da uduzduq, gəlin həqiqətin gözünün içinə baxaq və etiraf edək ki, bütün bunlar bizlik deyil. Bütün bu formallıqlar bizə lazım deyil: parlament, siyasi rəqabət, müstəqil məhkəmə. Bizim xalqa öndər lazımdır, seçkilərə vaxt və pul ayırmaq artıq işdir. Bizim üçün ən ideal idarəetmə quruluşu monarxiyadır”.
Eynilə bu cür sözləri 15 il əvvəl Rusiya siyasətçisi Vladimir Jirinovskinin ağzından eşitmişəm. Mən “Russkie qrabli” adlı sənədli filmdə digərləri ilə yanaşı onunla özünəməxsus Rusiya yolunun əbədi axtarışı barədə danışmışam.
– Ümumiyyətlə, bu “prezident” sözü nə deməkdir? – birdən Vladimir Volfoviç səsini ucaltdı. – Biz nəyik – hansısa Amerika yoxsa Fransa? “Çar” – Rusiyanın rəhbəri və ən yüksək hökumət postu belə adlandırılmalıdır. Və əlbəttə, hörmət əlaməti olan “Əlahəzrət!” müraciətini geri qaytarmaq lazımdır. “Bütün sənədləri belə başlayırsan: “Ələhəzrət, hörmətli Vladimir Vladimiroviç!”
– Bəs çarı necə seçək? – niyəsə mən maraqlandım.
– Heç kimi seçmək lazım deyil! – marjinal rus siyasətçisi elə həmin an cavab verdi. Yeltsin necə Putini təyin etdi, Putin də eləcə özünə varis təyin etsin. Varisin onun ailə şəcərəsindən olması vacib deyil, əsas odur davamlılığı təmin edə bilsin.
Həmin vaxt mən bu sözləri məsuliyyətsiz səfsəfə kimi qəbul etmişdim. Ancaq bu gün mənim onlara yanaşmam dəyişib. De-fakto hər şey baş verdi və həmin insanın təsvir etdiyi paradiqma çərçivəsində inkişaf etməkdə davam edir. Respublika adlanan daha çox ölkə mahiyyətcə monarxiyadır və ya sürətlə ona doğru gedir.
Rusiyada yaxınlaşan prezident seçkilərinin çox güman heç bir mənası olmayacaq – bu tezis son günlər hər yerdə hətta Kreml tərəfdarı siyasətçilər tərəfindən də səsləndirilir.
Dediklərim Rusiya nümunəsində baş verməyə də bilər, ancaq əminəm: formal demokratiyaya sahib Qərb yarımkürəsi ölkəsinin de-fakto monarxiyadan de-yure monarxiyaya çevrilməsi zaman məsələsidir.
XXI əsrin qlobal mübarizəsi XX əsrdə olduğu kimi ideologiyaların mübarizəsi olmayacaq, heç minilliyin başlanğıcında çox müzakirə edilən xristian-müsəlman davası da olmayacaq. İki dünyagörüşünün toqquşması baş verəcək, demokratiya və monarxiyanın mübarizəsi gedəcək.
İnkişaf edən cəmiyyət mənən yetkinləşir, azadlıq və məsuliyyət arasında harmoniyaya çatır və nəticədə mərkəzləşdirilmiş idarəetmədə zərurətlər minimuma enir. Ancaq başqa bir kədərli fakt da var ki, insan heç vaxt dəyişmir, zəif və sürü halında yaşayan varlıq olaraq qalır, buna görə də ona həmişə çoban lazımdır.
azadliq.info