Türkiyədə son günlər daha 227 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb. Beləcə, 15 iyul çevriliş cəhdindən sonra vəzifədən xaric edilən hakim və prokurorların sayı 3 min 886-ya çıxıb.
Hakim və Prokurorlar Ali təşkilatı (HSYK) Gülən qruplaşması ilə bağlı istintaq işində 227 hakim və prokurorun vəzifəsindən xaric edilməsinə qərar verib. HSYK sədrinin müavini Mehmet Yılmaz “Gülən qruplaşması ilə əlaqəsi müəyyən edilən 227 hakim və prokurorun vəzifəsindən uzaqlaşdırılmasına qərar verdiklərini” bildirib.
Yılmaz “Anadolu” Agentliyinə açıqlamasında 15 iyul çevriliş cəhdinin ardından 4 min 176 hakim və prokuror haqqında bənzər qərar verildiyini deyib. Yeni xaric edilənlərlə birlikdə indiyə qədər xaric edilən hakim və prokurorların sayının 3 min 886-ya çatdığını deyən Yılmaz, digər hakim və prokurorlarla bağlı araşdırmaların davam etdiyini vurğulayıb.
Yılmaz şübhəlilərin cib telefonları və elektron cihazlarındakı araşdırmalar, ByLock mesaj məzmunlarının ortaya çıxması nəticəsində əldə edilən məlumatlara görə yeni şübhəlilərin ortaya çıxdığını da bildirib. Hökumətin məlumatlarına görə, 15 iyul çevriliş cəhdinin ardından Gülən qruplaşması ilə əlaqəsi olduğu iddiası əsasında 43 min adam həbs olunub, təxminən 100 min dövlət işçisi işdən çıxarılıb.
azadliq.info