Bəzi senatorlar ABŞ administrasiyasını mürtəce rejimlərlə ünsiyyət zamanı siyasi məhbuslar mövzusunu diqqət mərkəzində saxlamağa çağırıb.
Bu haqda «Turan» xəbər verir.
«Hesab edirəm ki, dissidentlərlə və hüquq müdafiəçiləri ilə görüşlər prezident, vitse-prezident, dövlət katibi, onun müavinləri daxil olmaqla, Ağ Ev administrasiyası üçün çox vacibdir», – respublikaçı senator, Senatın Beynəlxalq münasibətlər, demokratiya və insan haqları komissiyasının sədri Marco Rubio bildirib.
Demokratiyaya dəstəklə bağlı dinləmələrdəki çıxışı zamanı o deyib ki, «dünya demokratlarının liderlərinin insan haqlarının pozulması faktlarını müzakirə etməsi, həmrəylik və dəstək göstərməsi çox vacibdir».
Görkəmli hüquq müdafiəçiləri və ekspertlər qarşısında çıxış edən senator Rubio administrasiyanı insan haqlarının və insan ləyaqətinin müdafiəsində bu yaxınlarda qəbul edilmiş Qlobal Maqnitski qanunundan istifadə etməyə səsləyib.
QHT-LƏRİ, MƏTBUAT AZADLIĞINI SIXIŞDIRIRLAR…
«Rusiyadan Çinə, Şimali Koreyadan Venesuelaya qədər avtoritarizm hökm sürür, insan azadlığı tənəzzülə uğrayır, QHT-lər haqqında məhdudlaşdırıcı qanunlardan vətəndaş cəmiyyətinin sıxışdırılmasında istifadə olunur. Mətbuat azadlığı şübhə altındadır, siyasi dissidentlər çox zaman özlərini təcrid olunmuş hiss edirlər, onları repressiya edənlər isə cəzasız qalırlar», – Rubio bildirib.
Senator diqqəti ona yönəldib ki, dünyada insan haqlarını görünməmiş halda pozanların bəzisi yaxşı ödənişli lobbiçilər və firmalar saxlayır: «Onlar «beyin mərkəzləri», elmi dairələr və əyləncə industriyasının köməyilə KİV-də kampaniyalar keçirirlər».
Senator-demokrat Robert Menendez də deyib ki, Amerika yeni demokratiyanı dəstəkləməlidir. Çünki bu, ABŞ milli maraqlarının əsasıdır.
Beynəlxalq Respublika İnstitutunun prezidenti Mark Green isə Amerikanın demokratiyanı dəstəkləməsi fikrilə razılaşıb. O da vurğulayıb ki, bu, Amerikanın iqtisadi və təhlükəsizlik baxımından maraqlarını əhatə edir.
AVTORİTAR REJİMLƏR SÜLH VƏ SABİTLİYƏ BÖYÜK RİSKLƏR YARADIR
«Müxtəlif fikirlər olduqda, özgəfikirliliyə yol verildikdə, demokratiya daha da çiçəklənir. Avtoritar rejimlər sülh və sabitlik üçün böyük risklər yaradır. Belə rejimlər öz hakimiyyətlərini saxlamaq üçün öz vətəndaşlarını sıxışdırır, onları xarici ideya və təsirlərdən təcrid etməyə çalışır. Tiranlar ölüm və ya böhran nəticəsində meydandan gedərkən çox zaman hakimiyyətdə boşluq yaranır. Bu da təhlükəli elementlərlə dolur», – Green vurğulayıb.
Demokratiya Naminə Milli Fondun prezidenti Carl Gershman isə deyib ki, demokratiya tez və asanlıqla gəlmir.
«Demokratiya uğrunda mübarizlər Amerika xalqının dəstəyinə layiqdirlər. Onlar bizim dəstəklədiyimiz dəyərləri müdafiə edirlər. Onlar real demokratiya və davamlı sabitlik gətirənlərdir. Onlar öz fundamental milli maraqlarını irəli sürürlər. Onlar bizim daha təhlükəsiz və sakit dünyada yaşamamıza kömək edirlər. Odur ki, bizim onlarla həmrəy olmağımızı haqq edirlər», – Gershman vurğulayıb.