Azərbaycanda hakimiyyətin əsas rəqibinin dini kəsim olduğu təəssüratını yaratmağa çalışan iqtidar bu yolla beynəlxalq aləmin demokratik təzyiqlərini neytrallaşdırmaq istəyir
Son vaxtlar hakimiyyətin dini zəmində atdığı addımlar istər-istəməz bir sıra suallar doğurur. Çünki iqtidar cəmiyyətdəki inanclı insanların qıcığına səbəb ola biləcək müxtəlif addımlar atır. Orta məktəblərdə hicab qadağasından tutmuş, həssas məkan olan Nardaran qəsəbəsinin işıqsız qoyulmasına qədər müxtəlif faktları sadalamaq olar.
Bu qəbildən olan hadisələrin üstünə dünən biri də əlavə olundu – son günlər hakimiyyətin yürütdüyü siyasətə qarşı sərt bəyanatlarla çıxış edən Islam Partiyasının sədri Mövsüm Səmədov həbs edildi. Üstəlik, Qafqaz Müsəlmanları Idarəsinin müsbət rəy verdiyi 17 Islam təmayüllü dini təşkilatı Dini Komitənin qeydə almaması vəziyyəti bir qədər də gərginləşdirib.
Bütün bunların fonunda, vaxtaşırı səhifələrində Azərbaycan hakimiyyətinin lobbist yazılarına yer verən xarici nəşrlər Azərbaycanda radikal Islam probleminin mövcud olduğunu qabardırlar. Baş verənləri təhlil edən bir sıra ekspertlərin fikrincə, hakimiyyət özü də bu cür situasiyanın yaranmasında maraqlıdır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, beynəlxalq aləm Azərbaycanda demokratik ənənələri yüksək tutan müxalifətin olduğunu gözəl bilir. Elə bu üzdən də hakimiyyət ölkədə normal demokratik mühitin yaradılması üçün vaxtaşırı beynəlxalq təzyiqlərlə üzləşir: “Dünya ictimaiyyəti Azərbaycanda avtoritarizmə, korrupsiyaya qarşı mübarizə aparan demokratik dəyərləri təbliğ edən müxalifətin olduğunu bilir. Belə bir məsələnin gündəmdə olması isə hakimiyyətə sərf etmir. Görünür, elə bu üzdən də hakimiyyət müxtəlif vasitələrdən istifadə edərək, Azərbaycanda Islam aqressivliyinin olduğu imicini yaratmağa çalışır. Cəmiyyətdəki inanclı şəxslərlə təşkil olunmuş qarşıdurma da buna xidmət edir”.
Fuad Qəhrəmanlının sözlərinə görə, iqtidar, beynəlxalq aləmdə Azərbaycanda hakimiyyətin əsas rəqibinin məhz dini kəsim olduğu təəssüratını yaratmağa çalışır və bu yolla özünə qarşı demokratik təzyiqləri neytrallaşdırmaq istəyir: “Hakimiyyət anlayır ki, beynəlxalq aləm Azərbaycanda radikal Islamın olduğu ilə bağlı fikirdə qətiləşərsə, o zaman onun bəzi avtoritar addımlarına göz yumula bilər. Hakimiyyət son vaxtlar real müxalifəti tam sıradan çıxarmaq siyasəti yürüdür. Belə bir məqamda da gündəmi dəyişərək süni dini təhlükənin yaradılması əlverişli addımdır. Amma prosesləri ciddi izləyən hər kəs gözəl bilir ki, Azərbaycanda Islamla bağlı problem yox idi və belə bir süni təhlükənin meydana çıxması təsadüfi deyil”.
Xəyal