Nemət Pənahlı indiyədək sirr saxladığı bir çox gizlinləri həbsxanadan «Azadlıq»a yazdı
«Heydər Əliyev Surət Hüseynovun prezident olmasına razılıq verməsəydi, Gəncədə öldürüləcəkdi»
«Əliyev dedi ki, Surətin ətrafına narkomanlar, cinayətkarlar toplaşıb, Rusiyanın hərbi kəşfiyyatı da orada oturub»
“Azadlıq” qəzeti 1993-cü ilin iyun qiyamı ilə bağlı araşdırmalarını davam etdirir. Əvvəlcədən vəd etdiyimiz kimi bu araşdırmamızda hadisələrdə iştirak edən, adı keçən, əlimiz çatan hər kəsin mövqeyini öyrənməyə çalışacağıq. Heç şübhəsiz ki, bu hadisələrdə hazırda həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının mövqeyi də oxucular üçün maraqlı olar. Bu səbəbdən N.Pənahlıya Gəncə qiyamıyla bağlı bu gün Azərbaycan cəmiyyəti üçün qaranlıq qalan, yaxud maraqlı olan 16 sual ünvanladıq. Bu suallar içində onun iyun hadisələrinin ilk günündən Gəncədə olmasının səbəblərindən tutmuş Heydər Əliyevlə əlaqələrinədək bütün məsələlər əhatə edilmişdi. Indi N.Pənahlının bizə göndərdiyi cavabları sizlərə təqdim edirik. Öncədən bəyan edirik ki, “Azadlıq” N.Pənahlının mövqeyində bir çox məqamları bölüşmür və bu istiqamətdə araşdırmalarımızda həmin məqamlara aydınlıq gətirəcəyik.
Mənə dedilər, Surət səninlə görüşmək istəyir
1992-ci ilin yanvar-fevral aylarında hakimiyyət Surət Hüseynovu Milli Qəhrəman elan edəndə mən həbsdə idim. Bundan sonra eşitdim ki, Surət rəsmi şəkildə baş nazirin müavini və Qarabağda prezidentin sələhiyyətli nümayəndəsi təyin edilib. Daha sonra isə Sürət Hüseynov vətən xaini elan edildi. Bunları siz də bilirsiniz. Belə bir vəziyyətdə mən türmədən çıxanda, ilk dəfə Müzamil Abdullayevin qardaşı Müzakirlə bir görüşümüz oldu. O, mənə dedi ki, bəs, nə vaxtdır ki, Surət səninlə görüşmək istəyir. Əslində mənim özümə də Surət Hüseynov kim olması maraqlı idi. Onu yaxından tanımadığıma görə fikirləşirdim ki, görəsən bu adam kimdir ki, birdən-birə Milli Qəhrəman, sonra da düşmən elan etdilər. Belə təəssüratlarla mən o təklifi qəbul etdim və Müzakirlə birgə Gəncəyə getdim. O zaman da S.Hüseynovun atası rəhmətə getmişdi. S.Hüseynov məni çox yüksək səviyyədə, həddindən artıq sayqı və hörmətlə qarşıladı. Hüzür yerində iştirak edəndən sonra onunla söhbət etdik və Surət dedi ki, mən burda müharibə aparmışam, həyatımı qoymuşam, nə qədər silahdaşlarım, dostlarım bu müharibədə şəhid olublar. Bir sözlə, fikrini belə yekunlaşdırdı ki, mən burada döyüş aparıram, bunlar da Bakıda oturub, məni xain elan edirlər. Sonra da mənə hərbi hissələrini, döyüş texnikalarını, tabeçiliyində olan hərbçiləri göstərdi. Yəni, Gəncədə olan və Surət Hüseynova aid bütün hərbi baza ilə məni tanış elədi və hakimiyyətin ona qarşı etdiyi ədalətsizliklərdən danışdı. Mən də bütün bu durumu və Gəncədəki vəziyyəti görəndən sonra gəldim Bakıya və Bakıda o vaxtlar mövcud olan bəzi siyasi qüvvələrin rəhbərləri ilə görüşdüm. Hamısına da dedim ki vəziyyət qədərindən artıq gərgindir, situasiya qardaş qırğını törətmək həddinə çatıb. Yəni, həqiqətən də eyni cəbhədə erməniyə qarşı döyüşən iki Azərbaycan əsgəri Gəncədə üz-üzə durmuşdu və bunun qarşısını almaq lazım olduğunu bildirdim. Burada kimlərlə görüşdüyüm barəsində adlar çəkib mövzudan çox da kənara çıxmaq istəmirəm.
Etibar Məmmədovla görüşdüm, Naxçıvana getdi
Ancaq təkcə onu deyirəm ki, Etibar Məmmədovla da bu haqda ətraflı müzakirələr apardıq və sonra da Naxçıvana gedərək, Heydər Əliyevlə görüşdüm. Ona da yaranmış durumu izah edərək, vəziyyətdən necə çıxa biləcəyimiz barəsində söhbət elədim. Baxın, indiyədək də bəzi qüvvələr israrla cəmiyyətə sırımaq istəyirlər ki, guya Nemət Pənahlı H.Əliyevin göstərişi əsasında Gəncə hadisələrində iştirak edib. Ancaq mən bu haqda kitabımda da yazmışam və yenə də deyirəm ki, prosesləri və olanların hamısını, heç nəyi artırıb-azaltmadan, olduğu kimi danışıram. Mən orada H.Əliyevə açıq dedim ki, artıq vəziyyət ciddi qarşıdurma həddinə gəlib və durum belə göstərir ki, burada toqquşma qaçılmaz olacaq. Bildirdim ki, bu toqquşmaya yol vermək olmaz və nəyin bahasına olursa-olsun bu qarşıdurmanın qabağını almaq lazımdır.
Heydər Əliyev dedi Rusiya kəşfiyyatı orada oturub
Heydər Əliyev mənim Gəncəyə getmək istədiyimi eşidəndə israrla dedi ki, sənin Gəncədə nə işin var, orda Sürətin ətrafına narkomanlar, cinayətkarlar toplaşıb, Rusiyanın hərbi kəşfiyyatı da orada oturub, heç nə edə bilməzsən və gedən kimi də birinci səni vurub öldürəcəklər. Mənə bundan çox narahat olduğunu bildirdi. Mənsə bir daha bildirdim ki, əgər siz həqiqətən də doğrudan da özünüzün tarixi bir şəxsiyyət olduğunuzu düşünür və məni də bu qədər qiymətləndirirsinizsə, o zaman bilməlisən ki, millətə tarixi şəxsiyyətlər, onun ağır günlərində lazım olur. Bu millət batandan, ölkə işğal olunandan sonra, tarixi şəxsiyyətlər kimə və nəyə lazımdır ki? Onsuz da hər gün torpaqlarımız işğal olunur, yüzlərlə oğullarımızın qanı tökülür, bütöv rayonlarımız əldən gedir, kəndlərimiz odlara qalanır, ölkəmiz dağılırsa, sən tarixi bir şəxsiyyət, mən isə belə qiymətli bir adam kimi nəyə lazımıq? Son sözüm də bu oldu ki, Gəncəyə gedirəm, əgər gücüm çatsa, situasiyanı dəyişəcəm, gücüm çatmasa da orada öləcəm və biləcəm ki, Vətənim uğrunda öldüm, Bu gərginliklə H.Əliyevdən ayrılaraq, Bakıya gəlmişəm və dərhal da Gəncəyə getmişəm. Bütün bunları ona görə deyirəm ki, Gəncə hadisələrinə mənim niyə və necə qoşulmağım barəsində min cür şayiələr qoşublar və min dəfə də bu məsələnin müzakirəyə açılaraq, həqiqətlərin ortaya çıxarılmasını təklif etmişəm. Ancaq nə bir məbuat, nə də bir siyasi təşkilat buna getməyib.
Əbülfəz Elçibəy qardaşını yanıma göndərmişdi
Bilirsiniz ki, mən o ərəfədə hakimiyyətə müxalif mövqedə dayanan bir adam idim. Əbülfəz bəy dəfələrlə öz qardaşını da, mənim qardaşımı da müxtəlif vəzifə, başqa sözlə desək barışıq təklifləri ilə mənim yanıma göndərsə də mən heç bir addım atmamışdım. Ancaq mən gedib Gəncədə görəndə ki, hər iki tərəfdən Azərbaycanın döyüşən oğlanlarını üz-üzə qoyublar və onlar bir-birinin qanını tökməyə hazırdılar, Surət Hüseynova öz sözlərimi dedim. Indi Surət də sağdır, mən də sağam, orada iştirak edənlərin də əksəriyyəti hələ ölməyiblər. Surətə çox açıq formada dedim ki, əgər burada Əbülfəz bəylə, yaxud da Isa Qəmbərlə sən üz-üzə dayanmış olsaydın, mən uzaq başı deyərəm ki, bir-birinizi öldürməyin.
Surətə dedim, bundan böyük xəyanət ola bilməz
Ancaq, yenə də görsəm ki, sözümə fikir verən yoxdur, əl çəkərdim. Amma burada durum başqadır. Azərbaycanın ən ləyaqətli oğulları Vətənin ağır günündə, ailəsindən, övladlarından keçərək döyüşən insanlardır. Vətənimizin, millətimizin ən ləyaqətli, ən şəxsiyyətli, ən əxlaqlı və ən vətənpərvər insanları onlardı. Bunun o qədər də fərqi yoxdur ki, o insanlar Surətəmi, Əbülfəz bəyəmi, mənəmi, yaxud da bir başqasınamı inanıb bu savaşa çıxmışdılar. Mən orada Surətə, birmənalı şəkildə dedim ki, Vətənə, Millətə bundan böyük xəyanət ola bilməz ki, Azərbaycanın, dünən bir səngərdən erməniyə güllə atan oğullarını bu gün Gəncədə bir-birinə qarşı qoyub qırdırmaq istəyirsiniz və buna nə hakimiyyətin, nə də sənin mənəvi haqqınız yoxdur.
Fəhmin Hacıyevlə Qabil Məmmədovu oraya hərbi kontingentin başçısı sifətində ezam etmişdilər və təsəvvür edirsinizmi ki, onlar özlərini Napoleon kimi aparırdılar. Bütün yollara əl atdım ki, oradakı hakimiyyət nümayəndələri ilə görüşüb, qarşıdurmanın və qardaş qırğınının qarşısını alım. Əvəzində mənə ultimatum göndərdilər ki, gör indi sənin öz başına nə oyun açacağıq. Yəni, mən, həm bir vətəndaş olaraq, həm də Nemət Pənahlı kimi, çalışıram ki, qarşıdurma olmasın, qardaş-qardaşına güllə atmasın, hakimiyyət nümayəndələri isə mənə ultimatum göndərirlər ki, qoy Surəti sıradan çıxaraq, sonra sənin başına nə oyunlar gətirəcəyimizi görəcəksən. Qazaxlı Alik ölməyib, çağırıb onunla söhbət edə bilərsiniz.
O, həmin vaxt cəbhə tərəfindən savaşırdı və hərəkatda olmuş adam idi. Aliki çağırıb dedim ki, gəl yardım elə, bu situasiyadan çıxış yolu tapaq. O da getdi və qayıdıb gəldi ki, bəy, mən heç nə edə bilmədim.
Surətlə razılaşıb Elçibəylə görüşə gəldim
Onda Surətlə belə razılaşdım ki, mən Bakıya gedirəm və Əbülfəz bəylə görüşüb, yüz faiz sənin təhlükəsizliyinə təminat alacam. Açığı bu razılaşma da asan başa gəlmədi. Çünki Surət də qorxurdu ki, onu ya tutacaqlar, ya da öldürəcəklər. Mən ona kişi sözü verib Bakıya Əbülfəz bəylə görüşmək üçün yola çıxdım. Ona da dedim ki, Gəncə “Bu şəhərin bir qapısı var, o da mənim meyidimin üstündən” deyən Cavad xanın şəhəridi və indi bu şəhər ölkənin dağıdılmasında, dövlət müstəqilliyinin itirilməsində rol oynaya bilməz. Bu şətlərlə Surəti razı sala bidim və o da adyutantını mənə qoşaraq, öz maşını ilə bizi Bakıya yola saldı. Təxminən gecə saat 1-2 radələrində Bakıya çatdıq. Adyutant məni evə gətirdi və danışdıq ki, səhər tezdən gəlib mənimlə Prezident Aparatına gedək. Mən ondan da əmin idim ki, bəyə desəydilər ki, səninlə görüşə Nemət gəlib, uzağı beş dəqiqənin içində biz görüşəcəydik. Buna mənim indi də şübhəm yoxdur. Adyutant arxamca səhər saat 9-da gəlməli idi. Ancaq saat 5-6 arası, namaz vaxtı idi ki, bir də baxdım qapı döyüldü. Baxdım, gələn adyutantdı, təəccüb elədim ki, bu niyə belə tez gəlib?! Qapını açdım, dedi ki, Gəncədə Surətin atasının qırxı günü ona hücum olub, qırğın baş verib. Surətin özünün sağ olduğundan başqa məlumatının olmadığını bildirdi. Təcili Gəncəyə qayıtmalı olduğumuzu söylədi.
Bu günə qədər Gəncə hadisələri ilə bağlı mənim əleyhimə nə qədər təbliğat aparıblar. Ancaq reallıq bax budur.
Gəncəyə çatanda gördüm ki, oraya göndərilən hökumət qoşunlarından qaçan qaçıb, qalanları da əsir düşüb. Fəhmin Hacıyevin də qaçıb aradan çıxa bildiyini orada eşitdim.
Gəncədə əsir götürülənlərlə bağlı plan var idi
Hakimiyyətin digər nümayəndələri isə, başda Ixtiyar Şirin və Sülhəddin Əkbər olmaqla, əsir götürülmüşdülər. Öyrəndim ki, bütün Gəncəbasar zonasında, Qazax-Ağstafadan, Tovuza, Yevlaxa qədər bütün cəbhəçiləri də tutub hərbi qərargahlara doldurublar. Həmin hərbi qərargahlara girəndə gördüklərimdən dəhşətə gəldim. Təsəvvür edin ki, düşmən də adama qarşı o cür davranmaz. Bunların da real bəhanələri var ki, onlar bizi öldürmək üçün üstümüzə hücum çəkmişdilər, biz də, fürsət düşüb, onlara qarşı bacardığımızı etməliyik Gəncədə əsir götürülənlərlə bağlı konkret plan var idi və bunların fikirləri o idi ki hökumət təmsilçilərinə etdikləri zülmü videoya çəkib bütün respublikaya nümayiş etdirsinlər ki, görün hökumətin başına nə oyunlar gətiriblər. Mən Surəti başa saldım ki, onsuz da sənin haqqında narkobaron, bandit, quldur, başkəsən deyənlər çoxdur. Sən bu adamların bircəciyinin burnunu da qeyri-qanuni qanatsan, cinayətkar kimi ittiham ediləcəksən və bunun bədəlini ödəyəcəksən. Üstəlik də barəndə deyilənləri bir daha öz əməlinlə təsdiq etmiş olacaqsan. Qəti formada dedim ki, belə bir şey ola bilməz və hələ ki gec deyil, sən bu planların reallaşmasını durdur. Açıq söylədim ki, əgər burada belə biabırçılıqlar baş versə, şəxsən mən də sənə qarşı çıxacam.
ardı var