MŞ Koordinasiya Mərkəzinin növbəti iclasında nələr müzakirə olunub?
Milli Şuranın Koordinasiya Mərkəzi fevralın 1-də növbəti iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub.
Milli Şuradan verilən məlumata görə, toplantıda Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin tərəfdarlarından olan, ictimai fəal Əhsən Nuruzadənin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ogurlanaraq 7 gün gizli saxlanması, ondan Milli Şura rəhbərliyi, o cümlədən hüquq müdafiəçisi Oqtay Gülalıyev və tanınmış yazar Zümrüd Yağmur əleyhinə ifadə almaq cəhdləri, onların dövlətçiliyə xəyanətdə ittiham edilməsi pislənilib. Vurğulanıb ki, reputasiyası kifayət qədər zədələnmiş “bandotdel”in Nardaran məhbuslarına verdiyi amansız işgəncələrə, dinc, günahsız insanlara qarşı törətdiyi qanunsuz əməllərə görə cavab verməli olduğu halda bu hərəkətlərini davam etdirməsi ölkədə cəzasızlıq mühitinin ağırlaşdığını göstərir.
Keçən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və təqsirləndirilən digər 11 nəfərin məhkəmə prosesi, məhkəmədə ifadə verən şəxslərin “bandotdel”də ağır işgəncələrə məruz qalması da iclasda geniş müzakirə olunub. Məhkəmədə Elçin Qasımov bildirib ki, “bandotdel”də ondan işgəncə altında Nardaran olaylarının AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbərliyi tərəfindən təşkil olunmasına dair “etirafedici ifadələr” almağa çalışıblar. Koordinasiya Mərkəzinin üzvləri bir daha hakimiyyətdən tələb edib ki, Nardaran olayını siyasi müxalifətə bağlamaq cəhdindən əl çəksin, o hadisəyə görə həbs olunmuş günahsız şəxslər azadlığa buraxılsın, onlara verilən amansız işgəncələr araşdırılsın və məsul şəxslər məsuliyyətə cəlb olunsun.
Toplantıda üquq müdafiəçisi Oqtay Gülalıyevin bir neçə gün öncə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dövlətçiliyə xəyanətdə ittiham olunduqdan sonra mülki geyimli şəxslər tərəfindən izlənməsi pislənilib, hakimiyyətdən ictimai fəalları ogurlama və izləmə siyasətinə son qoymaq tələb olunub.
İclasda məcburi köçkünlər üçün nəzərdə tutlan güzəştlərin ləgv edilməsi, dövlət büdcəsini süni qiymət artımı və vergi cərimələri, aztəminatlı ailələrin sosial vəziyyətinin pisləşdirilməsi hesabına doldurmaq siyasəti tənqid edilib. Eyni zamanda parlamentin pensiya yaşını 65-ə çatdırmaq üçün qanunvericiliyə düzəlişlər etməyə hazırlaşması qeyri-məqbul sayılıb.
Toplantıda REAL Hərəkatı üzvlərinin İran səfirliyinin nümayəndəsi ilə görüşə görə Respublika prokurorluğuna çağrılıb, saatlarla sorğu-sual ediməsinə də münasibət bildirilib. Koordinasiya Mərkəzinin üzvləri bunun yolverilməz olduğunu vurğulayıblar. Hakimiyyətdən REAL-a qarşı təzyiqləri dayandırmaq tələb olunub.