Ekspert cəbhə xəttində 5 əsgərin ölümü ilə nəticələnən hadisəni nazirliyin məsuliyyətsizliyi ilə əlaqələndirir
Üzeyir Cəfərov: «Ağır itkiyə məruz qalan Ermənistan tərəfinin cavab həmləsi ilə çıxış edəcəyini gözləmək olardı»
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər vəziyyətin gərgin olduğu sezilməkdədir. Ermənistan silahlı qüvvələrinin bölmələri son aylarda vəziyyətin onsuz da kritik olduğu, tez-tez atışmaların qeydə alındığı iki ölkə sərhədi boyu növbəti diversiya həmləsinə cəhd edib. Nəticədə Azərbaycan tərəfi bir neçə günün ərzində 5 nəfər əsgərini itirib. Hərbi ekspertlər hesab edir ki, Azərbaycanın təmas xəttindəki mövqelərinin Ermənistan tərəfindən diversiyaya belə həsas olması müdafiənin lazımınca qurulmadığına işarə vurur. Əks halda düşmənin əsgərləri bizim mövqelərə belə asanlıqla yol tapmazdılar. Onu da qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən reallaşan belə bir əməliyyat artıq sayca ikincidir. Təxminən ay yarım öncə oxşar hadisə qeydə alınmışdı.
Hərbçi ekspert üzeyir Cəfərovun fikrincə, son günlər baş verən olaylarda Müdafiə Nazirliyinin bir neçə yanlışı açıq şəkildə görünməkdədir. Birinci yanlış ondan ibarətdir ki, MN nədənsə baş verənlərlə bağlı xırda detalları açıqlasa da, məsələnin mahiyyətinə aydınlıq gətirmir. Ü.Cəfərovun sözlərinə görə, Ermənistan tərəfinin belə bir addım atacağı gözlənilən idi. Çünki ondan bir müddət əvvəl erməni ordusunun hücum edən birləşmələrini təqib edən kəşfiyyatçı qrupumuz Ermənistan ərazisinə keçərək ən azı 5 əsgəri qətlə yetirib: “Ağır itkiyə məruz qalan Ermənistan tərəfinin cavab həmləsi ilə çıxış edəcəyini gözləmək olardı. Azərbaycan ordusunun belə bir addımından qəzəblənən erməni generaliteti hücum əmri verib. Bizim birləşmələr gərək bu hücuma hazırlıq görəydi. Hücuma hazır olmamağın nəticəsidir ki, biz bu qədər itki vermişik”.
Ü.Cəfərov onu da bildirdi ki, Milli Ordunun əsgərləri şəhid olarkən atışma baş verməyib. Erməni əsgərləri diversiya əməliyyatı nəticəsində sadəcə olaraq postlarımıza girərək əsgərlərimizi qətlə yetiriblər. Ü.Cəfərovun sözlərinə görə, əlbəttə, belə xəbərləri eşitmək hər bir azərbaycanlı üçün üzücüdür.
Hikmət