“Nidaçı vicdan məhbusu İlkin Rüstəmzadə ciddi xəstədir. Vəziyyəti getdikcə daha da pisləşir”
Bu sözləri Abzas.net-ə açıqlamasında Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Məsud Əsgər bildirib.
M.Əsgər qeyd edib ki, İlkin Rüstəmzadənin mədəsində və bağırsağında şiddətli ağrılar var. Lakin aidiyyatı qurumlar onun dəfələrlə müraciətinə baxmayaraq səhhətindəki ciddi problemlə maraqlanmır. Belə davam etsə, İlkin ölümlə üz-üzə qala bilər.
2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib.
Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb. 6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınır.
AXCP sədri Əli Kərimli də Facebook səhifəsində İlkin Rüstımzadınin vəziyyətinin pisləşməsinə və bu məsələnin diqqətdənəkar qalmasına münasibət bildirib: “Əziz həmvətənlər, 4 il bundan öncə Bakının mərkəzində minlərlə gəncin iştirakı ilə keçirilən “Əsgər ölümlərinə son!” mitinqi yadınızdadır? Bəs həmin mitinqin əsas təşkilatçısı olan İlkin Rüstəmzadəni necə, bu qəhrəman gənci unutmamısınız? Yadınıza salım ki, millətimizin gənc övladlarının orduda müəmmalı şəkildə öldürülməsinə qarşı kütləvi etirazı təşkil etdiyi üçün İlkin bəyi 4 ildir həbsdə saxlayırlar. Son günlərdə isə bu fədakar gəncin səhhətində ciddi problemlər yaranıb. Fədakar və mübariz gənclərə nifrət edən rejim İlkinin müalicə olunmasına şərait yaratmır. Və bütün bu iyrəncliklər bizim gözümüzün qarşısında baş verir. İlkin tanımadığı belə həmvətənlərini, yaşıdlarını qorumaq üçün sinəsini qabağa verdi, özünü oda atdı. O od 4 ildir ki, onun həyatını yandırır. Biz isə artıq İlkini tanıyırıq. Onun necə mübariz, vətənpərvər, fədakar bir gənc olduğunu bilirik. Biz də millət olaraq susmayaq! İlkinin müdafiəsi üçün səsimizi ucaldaq!”