İspaniya kralı I Xuan Karlosun kürəkənini həbxsana həyatı gözləyir. Balear adalarının korrupsiya ilə mübarizə prokurorluğu 44 yaşlı İnyaki Urdanqrinə 4 il həbs cəzası istəyib. Xəbəri ispan mətbuatı yayıb.
Palma de Mayorkanın hersoqu İnyaki korrupsiyada, sənədlərin saxtalaşdırılmasında və fırıldaqçlıqda günahkar bilinir. Kral kürəkəni biznes şəriki Diyeqo Torreslə birlikdə şəxsi iyanələri təyinatı üzrə xərcləməməkdə, hersoq tərəfindən yaradılmış “İnstituto Noos” adlı xeyriyyə fonduna köçürməkdə ittiham olunur. Balear adalarının turizm və idman sahələrinin inkişafı üçün nəzərdə tutulan 5,8 milyon avro 2005-2006-cı illərdə düzgün xərclənməyib. Məbləğin müəyyən hissəsi kürəkənin sahib olduğu şirkətlərə ötürülüb.
İnyaki Urdanqarin 4 cinayətdə ittiham olunur. Onlardan üçünə görə məhkumluq düşür. Dövlət əmlakının talan edilməsi İspaniyada 3 ildən 8 ilədək, sənədlərin saxtalaşdırılması 2 ilədək, fırıldaqçılıq 1 ildən 3 ilədək həbs müddəti ilə cəzalandırılır.
Kralın kürəkəni və ortağı məhkəmə tərəfindən irəli sürülən ittihamları qəbul edərək, günahlarını etiraf ediblər və 3 milyon avronu geri qaytarmağı qəbul ediblər. Korrupsiyada ittiham olunan İnyakiyə kral sarayında təşkil edilən bütün rəsmi tədbirlərdə iştirak etmək qadağası qoyulub. Kral ailəsi onunla münasibətlərini kəsib. O, 1997-ci ildə İspaniya kralı I Xuan Karlosun kiçik qızı şahzadə Kristin ilə evlidir. Həmçinin İspaniya Olimpiada Komitəsinin vitse prezidenti, rabitə şirkəti “Telefonica İnternacional”ın idarə heyətinin üzvüdür.
azadliq.info