“Fatmagülün suçu nə?”
Bəlkə də çoxları indi fərqində deyil ki, Azərbaycan əhalisinin 90 faizi artıq öz ölkəsinin
vətəndaşı deyil. Yəni torpaqlarında yaşadığı məmləkətin.
Yox, haqqında anlatmaq istədiyim o 90 faiz nə ölkədən miqrasiya eləyib, nə də
vətəndaşlıqdan imtina.
Hamı öz evində-eşiyində, öz şəhərində, öz kənd və qəsəbəsində, öz rayonundadı – kəsəsi,
bu 90 faiz Azərbaycandadı. Onlar nəinki ölkədən dışarı çıxmaq, heç qonşu rayona getmək
gücündə belə deyillər. Elə bunun özü də onları artıq Azərbaycanın deyil, başqa bir ölkənin
vətəndaşı olmaq durumuna gətirib.
Hansısa bir ölkənin vətəndaşı olmaq təkcə həmin ölkədə rəsmi qeydiyyata alınmaq və
vətəndaş statusu qazanmaqla şərtlənmir. Aydın məsələdi ki, vətəndaşlıq üçün bir çox
siyasi-sosial-mədəni faktorlar var. Söhbət qarşılıqlı dövlət-vətəndaş borclarından gedir.
Bu dəqiqə Azərbaycan dövlətinin öz vətəndaşlarının həyatında, mövcudluğundakı aktiv
rolu hətta Rusiyanın Azərbaycan təbəəsi olan rusların həyatındakı qədər, ya da heç özünə
birbaşa dəxli olmayan Şimali Osetiyanın Rusiya vətəndaşı sayılan əhalisində olduğu qədər
deyil. Yəni Azərbaycan dövləti (əslində hakimiyyəti – çünki burada dövlət yox, yalnız
hakimiyyət mövcuddu) öz vətəndaşının həyatında bir dövlət olaraq demək olar ki, iştirak
eləmir. Dövlət kimi o özünü ancaq xalqın, onun var-yatırının talanmasında, hüquqlarının
pozulmasında, intihar həddinə çatdırılmasında, mənən zorlanmasında hiss elətdirir.
Dövləti ilə özü arasında simsarlıq, birbaşa əlaqə tapa bilməyən perik salınmış əhali də
adekvat olaraq dövlətin həyatında passiv mövqeyə keçir. Onsuz da onun qurulmasında,
böyüməsində, möhkəmlənməsində heç bir rolunun olmadığını açıq-aydın görən bu passiv
kütlə qeyri-şüuri olaraq yaxasını kənara çəkir. Vətəndaşın seçmək hüququ yoxsa (seçkinin
nəticəsi hakimiyyətin qabaqcadan təyininə əsaslanır, seçkiyə gələnlər yalnız görüntüyə
qulluq eləyir), seçmək hüququnun yoxluğuna səsini çıxara bilmirsə – başı əzilirsə və bütün
başqa hüquqlarından məhrumsa, o zaman rəsmən Azərbaycan vətəndaşı sayılanların, gəlib
ölkəmizdə “çık-çık” satan çinli, pakistanlı qeyri-qanuni miqrantlardan heç bir fərqi yoxdu –
əkinçimizin uğurları bu ölkədə deyək ki, Iran, Türkiyə əkinçisinin uğurundan heç də artıq
deyil, yazıçımızın uğuru əcnəbi yazıçının, müğənnimizin uğuru da eyni qayda ilə xarici
müğənninin.
Azərbaycan vətəndaşı əhalinin siyahıyaalınmasında rol almaq, bəzən əl çalmaq lazım
gələndə, üzünə yalanlar söyləmək üçün, bütlərə sitayiş eləmək məqamında və bu tip
statistik görüntülər amacıyla dövlətə gərəkdi. Bir xalq, bir vətəndaş kimi o zərrəcə
hakimiyyətin umurunda deyil. Gülən olmasa, etnik tərkibi böyük məmnuniyyətlə istənilən
etnosla dəyişə bilərlər və heç tükləri də tərpənməz.
Bunu anlayan Azərbaycan vətəndaşı da eyni uğurla bu ölkənin daxili işlərinə qarışmır, öz
immiqrant, öz qürbətçi həyatını yaşayır.
Bölgələrdə durum daha dəhşətdi. Sanki oralarda əhali Türkiyədən gəlmədi. Nə üçünsə
gəlib Azərbaycana yerləşiblər, vətəndaşlıq alıblar, ancaq bu dövlətin ictimai-siyasi-mədəni
həyatına qoşulmurlar – eynən Rusiyada məskunlaşmış azərbaycanlılar kimi – hamı Türk
tv-lərini izləyir, Türkiyənin xəbərləri ilə nəfəs alır, Türkiyə problemlərini dartışır, hətta
Türkiyə türkcəsində konuşurlar (ancaq Turqut Əri tanımırlar…).
Rayonda olarkən hansı evin qapısını döydüm, hansı qohum-əqrəbanın qonağı oldum,
axşam saatları saat on radələrində sanki hüzn saatının gəldiyinin şahidi oldum. Əvvəlindən
sonunacan şivən, nalə, fəryad üstündə qurulmuş seriallara baxıb göz yaşı axıdan camaata
ağlamağım gəldi. Onları Fatmagülün, məni millətin gözünü kor qoyan Əliyev rejiminin suçu
ağladır.