İlham Əliyevin “böhrandan şərəflə çıxmışıq” iddiasına AXCP sədri Əli Kərimlidən tutarlı cavab. Əli Kərimli facebook səhifəsində yazır:
“Böhrandan şərəflə çıxmağın Azərbaycan yolu:
– Milli valyutanı dəyərdən salıb, böhranın əsas yükünü atırsan xalqın çiyninə;
– Dövlətə məxsus monopolist şirkətlərin satdığı qazın, elektrikin, suyun və s. qiymətlərini qaldırırmaqla böhran xərclərinin daha bir hissəsini də ödətdirirsən xalqa;
– Büdcəni doldurmaq üçün vergi, rüsum və cərimələri artırırsan;
– Kifayət etmirsə, səhiyyə, elm, müdafiə, sosial müdafiə xərclərini də azaldırsan, xalq dözümlüdür, dözəcək;
– Əgər bütün bunlar da kifayət etmirsə, bazarın dollara tələbatını ödəyə, cüzi miqdarda olan maaş və pensiyaları da verə bilmirsənsə, valyutadəyişmə məntəqələrini bağlayırsan. Ümumiyyətlə, dollar satmırsan. Pensiyaları vermək üçün də kredit alırsan, zəhmət çəkib uşaqları, nəvələri ödəyər. Artıq-əskik danışıb, islahat-filan tələb edənlərlə məşğul olmağı da həvalə edirsən “bandotdelə”;
– Ən əsas məqam – əvvəlcədən planlaşdırılan heç bir bahalı idman tədbirini ləğv etmirsən. Xalq bunu zəiflik kimi başa düşər. Əksinə, imkan düşdükcə artırırsan belə şou tədbirləri.
Vəssəlam. Sonda da çıxıb millətə gözaydınlığı verirsən ki, sevinin, “böhrandan şərəflə çıxmışıq”.