Əvəz Zeynallı: “Hakimlər arasında Ramil Usubov və Ramiz Mehdiyevlə qohumluğu olan varsa, onu bu işə baxmaqdan imtina etməyə çağırıram”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə iclası keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda baş redaktorun və vəkilinin vəsatətləri dinlənilib.
Vəkilin ilk vəsatəti Ə.Zeynallının dəmir barmaqlıqlar arxasından çıxarılaraq onlarla yanaşı əyləşməsi haqda olub. Lakin hakim vəsatəti rədd edib və üstəlik, bu fikri də əlavə edib: “Sizə orada çox yaxşı şərait yaratmışıq, niyə etiraz edirsiniz?”
Hakimin dediklərinə məhkəmədə iştirak edənlər belə reaksiya verib: “Sizə də nə vaxtsa belə bir şərait yaradarlar…”
Ümumiyyətlə, məhkəmə iclası ilk dəqiqələrdən gərginliklə müşahidə olunub.
Ə.Zeynallı bildirib ki, dustaqları təcridxanadan məhkəmələrə gətirən “voronok”lar, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma zirzəmiləri insan ləyaqətini alçaldan vəziyyətdədir. Baş redaktor həmçinin məhkəmənin diqqətinə çatdırıb ki, həbsi sırf peşə fəaliyyətilə bağlı olmaqla, siyasi sifarişin nəticəsidir: “Hakimiyyət “Xural”ın fəaliyyətini dayandırmaq, məni susdurmaq üçün üzümə deputatlarını, onların əl buyruqlarını qoyurlar. Müstəqil mətbuatın susdurulması naminə hakimiyyət öz kadrlarından – YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovadan istifadə edib. Həbsimlə bağlı qərarı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev verib. Həbsimin planlaşdırılması və təşkili isə Administrasiyanın şöbə müdiri Əli Həsənov tərəfindən həyata keçirilib”.
Məhkəmə prosesinin audio və videolentə alınmasına icazə verilməsi haqda vəsatət qaldıran Əvəz Zeynallı bəyan edib ki, əks təqdirdə, həm özü, həm də vəkilləri etiraz əlaməti olaraq, məhkəmənin suallarına cavab verməyəcəklər.
Əvəz Zeynallının daha bir vəsatəti işə baxan məhkəmə heyətilə bağlı olub: “Hakimlər arasında Ramil Usubovla, Ramiz Mehdiyevlə qohumluq əlaqəsi olan varsa, onu könüllü şəkildə bu işə baxmaqdan imtina etməyə çağırıram. Bu, elə bir məsələdir ki, onsuz da üstü açılacaq”.
Lakin Əvəz Zeynallı və vəkilinin qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb.
Bundan sonra vəkil Rəşid Hacılı Əvəz Zeynallının tanınmış adam olduğunu, ölkənin 20-dən çox ictimai-siyasi xadimi, hüquq müdafiəçisi, xalq artistinin onun zaminə buraxılması üçün öhdəlik sənədini imzaladığını qeyd edərək, baş redaktorun barəsindəki həbs-qətimkan tədbirinin məhkəmə başa çatana qədər ev dustaqlığı ilə əvəz olunmasını istədi. Lakin Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətə də “yox” dedi.
Onu da əlavə edək ki, deputat Gülər Əhmədova bu iş üzrə zərərçəkmiş qismində tanınsa da, nə özü, nə də nümayəndəsi məhkəmə iclasında iştirak etməyib.
Məhkəmə iyunun 6-da davam etdiriləcək.
Xatırladaq ki, Əvəz Zeynallı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Ona qarşı CM-nin hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Bu maddə ilə istintaqın gedişi zamanı CM-nin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü (vergidən yayınma) maddələrilə də ittiham elan olunub. Bir sıra beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
Aytən