Rusiyadakı proseslərlə bağlı dəqiq proqnozlar ilə tanınan politoloq: “Demokartik dəyişikliklər üçün kütləvi etirazlara ehtiyac yoxdur, çünki…”
Rusiyadakı ictimai-siyasi hadisələrlə bağlı dəqiq proqnozları ilə tanınan Strateji İstehsalat Mərkəzinin rəhbəri Mixail Dimitriyev Vladimir Putinin yenidən hakimiyyətə qayıdışı və ölkəni gözləyən proseslər barədə maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Rusiyadakı son proseslər yenidən prezident postuna yiyələn Putin hakimiyyəti üçün yaxşı heç nə vəd etmir.
Mixail Dmitriyev bildirib ki, Rusiyada demokartik dəyişikliklərin baş verməsi üçün kütləvi etiraz dalğasının başlanmasına ehtiyac yoxdur. Çünki son hadisələr və Rusiyanın hazırki durumu ölkədə köklü dəyişikliklərin baş verməsinə kifayət edir: “Sistem öz daxilindən dağılmağa başlayacaq. Bunun üçün kütləvi etirazlara gərək yoxdur. Hakimiyyətin yuxarı təbəqəsindəki qarşıdurma və mərkəzdənqaçma xaotik proseslərlə gətirib çıxaracaq. Bu isə sistemin dağılması ilə nəticələnəcək”.
Politoloq Putin hakimiyyətinin Rusiyanın qlobal böhrandan çıxması üçün konkret planı olmadığını da vurğulayıb. Dmitriyev deyib ki, son hesablamalara görə qlobal böhran Rusiya iqtisadiyyatına 50 faiz zərbə vura bilər. Belə olan halda isə hökumətin proseslərə nəzarəti itirməsi qaçılmazdır. Nəzarətdən itən proses və regional rəhbərlərin mərkəzdənqaçması sonda nəhəng gəminin batmasına gətirib çıxaracaq.