Növbəti dərs ili başa çatmaq üzrədi. Qızları deyə bilmərəm, amma oğulları məzun olan valideynlər ürəkdən sevinə bilmirlər. Çünki oğul övladlar ali məktəbə daxil ola bilməsə, hərbi xidmətə getməlidirlər. Ölkəmizdəki əsgərlik isə qəfil ölüm, naməlum xəstəlik, sirli intihar, valideynlərin borca düşməsi, hətta ev-eşiyini satması deməkdir.
Beşikdən məzara kimi rüşvət, haqsızlıq olan bu ölkədə heç nə üçün sevinmək olmur: xəstəxanada körpəni rüşvətlə həkimdən almaq, məktəbdə müəllimlərə rüşvət verib övladını oxutmaq, əsgərlikdə komandirdən rüşvətlə oğlunu qorumaq valideynlərin alnına yazılıb sanki. Səmimi olaq və etiraf edək ki, ən vətənpərvər valideyn də oğlunu hərbi xidmətə yollamaqdan qorxur. Bir-iki il öncə böyük oğlumun ürəyində qüsur olduğunu öyrəndik. Onu ölkəmizdəki ən tanınmış özəl klinikalarda müayinə etməklə yetərlənməyib, Türkiyədə də müayinə etdik. Və təəssüf ki, cavablar eyni oldu. Bir müddət öncə isə hərbi komissarlıqda oğlumun müayinə arayışları ilə tanış olandan sonra bizə dedilər ki, istəyirsiz lap Amerikadan sənəd gətirin, dəxli yoxdur, çağırışçı mütləq bizim yolladığımız xəstəxanada müayinədən keçməlidir.
Novxanı tərəfdə, Sarıqayada yerləşən bir xəstəxanaya göndəriş verdilər. Xəstəxananın həyəti xarabalığa bənzəyirdi. Elə içərisi də hiss olunurdu ki, sonuncu dəfə Sovet hökumətinin vaxtında təmir olunub. Divarları uçulub-dağılmış, tozlu dəhlizin düz ortasına qoyulan stolun üstündəki avadanlıqlarla qan analizlərini götürürdülər. Rentgen və digər müayinə otaqları da ürəkaçan deyildi. Amma nə etmək olardı, hərbi komissarlıq təmiz, səliqəli, müasir avadanlıqlarla təmin olunmuş məşhur klinikaların rəyinə yox, uçuq-sökük, hisli-tozlu, adını düz-əməlli bilmədiyimiz bir xəstəxananın verdiyi arayışa inanacaqdı. Hər dəfə hərbi komissarlığa gedəndə ora yığılan çağırışçıları görəndə ordumuzun necə “güclü, sağlam” olduğunu anlayıram. Əslində, arıq, balacaboylu, nəfəsləri güclə gedib-gələn o uşaqların hamısı hərbi xidmətə yararsızdılar. Hətta bir dəfə elə oldu ki, təsadüfən onları həkim müayinəsindən keçəndə alt paltarında gördüm. Bir dəri, bir sümük olan o gəncləri Azərbaycanın döyüş ordusuna deyil, Somalidəki aclar çadırlarına yollamaq lazımdır ki, bəlkə, orda kiminsə onlara rəhmi gəldi. Prezident yağ-balla bəslənən qoçularına, idmançılarına hərbi forma geyindirib, “bizim güclü odumuz var” deməklə, ancaq qudurmuş məmurlarına hədə-qorxu gələ bilər, düşmənə yox.
Hərbi komissarlıqdan “xidmətə yararsız” arayışı ilə qayıtdığımızı eşidən qohum-əqrəba, qonşular bizə gözaydınlığına gəldilər. Təbrik edənlərin üzlərində elə sevinc ifadəsi var idi ki, sanki oğlum hansısa məşhur universiteti bitirmişdi və ona ən yüksək maaşlı iş təklif olunmuşdu. “Təbrik”lərin analoqu yox idi: “Şükür Allaha, daha bundan sonra arxayın yata bilərsən”. “Hardasa 5-10 min manatınız cibinizdə qaldı”. Sözün düzü, elə çaşmışdım ki, bilmirdim sevinim, yoxsa kədərlənim. Övladları sağlam olan analar mənə qibtə ilə baxırdılar. Tanınmış fransız yazıçısı G.Mopassanın məşhur “Eybəcərlər anası” hekayəsini xatırladım. Hekayədə, varlanmaq üçün uşaqlarını ana bətnində qəsdən qüsurlu, əlil, eybəcər hala salan, sonra övladlarını sirk işçilərinə satan anadan bəhs olunur. On doqquzuncu əsrdə Mopassan ağlagəlməz vicdansız ana obrazı ilə bütün dünyanı heyrətləndirdi. İyirmi birinci əsrdə isə Əliyevlərin siyasəti Azərbaycan kişilərini vətənpərvərlik, qadınlarını isə müqəddəs analıq hisslərindən məhrum edir. Bir azdan valideynlər könüllü qüsurlu övladlar düyaya gətirmək üçün yollar axtaracaqlar. Ətrafıma yığılan, mənə təsəlli verən kişi və qadınların fikirləri bunu sübut edirdi. Onlar deyirdilər ki, fikir eləmə, kaş bizim də oğlumuzda bir qüsur tapılaydı, hərbi xidmətə yararsız olaydılar. Lap iki ayaqları, iki qolları olmasaydı da, sevinərdik, təki, əsgər getməsinlər.
Ən “qeyrətli” gözaydınlığını isə mənə balaca oğlum verdi. Böyüklərin hay-küyündən, “təbrik”lərindən ilhama gələn uşaq boynumu qucaqlayıb, hönkürə-hönkürə dedi ki, ana, mən də “neqodnıy” olmaq istəyirəm…