“The Guardian” yazır ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşemi Rəfsəncaninin dəfn mərasimi fərqli ictimai düşüncənin nümayişinə çevrilib.
Keçmiş prezidenti son mənzilə yola salmaq üçün Tehranın küçələrinə azı iki milyon insan çıxmışdı.
Məqalədə deyilir ki, hər hansı siyasətçiyə belə kütləvi ehtiram İranda bundan əvvəl yalnız 1989-cu ildə İslam Respublikasının banisi ayətullah Xomeyniyə göstərilib.
“The Guardian” yazır ki, dəfn mərasiminə qatılanların hamısı ötən bazar günü 82 yaşında rəhmətə getmiş Rəfsəncanini özününkü hesab edirdi.
Rəfsəncani Tehranın cənubunda Xomeyni ilə yanaşı dəfn edilib.
Dəfn mərasiminə ali rəhbər Əli Xameneyi başçılıq edirdi və Tehran Universitetinin şəhərciyində keçmiş prezidentin tərəfdarlarını da, tənqidçilərini də görmək olardı.
“The Guardian” yazır ki, bütün bunlarla yanaşı dəfn mərasimindəki kütlənin arasında müxalifətə və 2009-cu ildən başlanmış islahatpərəst Yaşıl hərəkata tərəfdar olanları dərhal seçmək mümkün idi.
Onlar 2009-cu ildə prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin və Mehdi Kərrubinin adlarını şüar kimi səsləndirirdilər.
Bu iki siyasətçi indiyədək ev dustaqlığında yaşayır.
Anti-Rusiya şüarları
Dəfn mərasiminin videosunda habelə “Rusiyaya ölüm” şüarı səsləndirənlər də görünür. Adamlar hazırda hakimiyyətin müttəfiqi olan Rusiyanı lənətləməkdən çəkinmirdilər.
“Rusiya səfirliyi – casus yuvası” – deyə başqa bir dəstə qışqırırdı. Əvvəllər “casus yuvası” epiteti yalnız ABŞ səfirliyinə aid edilərdi.
“The Guardian” yazır ki, iranlıların böyük bir qismi öz ölkələrinin Suriya müharibəsindəki rolundan, onun Moskva ilə yaxınlaşmasından narazıdır. Rəfsəncaninin dəfni belələrinə də öz tənqidlərini səsləndirmək imkanı vermişdi.
Dəfnə qatılanların bir çoxu biləklərinə müxalifətin simvolu olan yaşıl rəngli parça zolaqlarını bağlamışdılar.
Lakin “The Guardian” yazır ki, müxalifətə rəğbətli kütlələrin bu dəfn mərasiminə qatılmasına baxmayaraq Rəfsəncani özündən sonra qarışıq siyasi irs buraxır.
O bir vaxtlar inqilabın rəhbərlərindən olub, İran-İraq müharibəsində İran Silahlı Qüvvələrinə faktiki baş komandanlıq edib. Bunu da deyirlər ki, Rəfsəncaninin bir çox tənqidçiləri vaxtilə həbsxanalara salınardı.
Buna baxmayaraq ömrünün son illərində onun siyasi mövqeyində dəyişiklik əmələ gəlmişdi. O 2009-cu ildə müxalif Yaşıl hərəkatın tərəfində keçmişdi.
Nəticədə onun özü siyasi hakimiyyətdən kənarlaşdırılmış, qızı Faizə Haşemi isə müxalifəti dəstəklədiyinə görə həbs olunmuşdu.
Mərasimin önündə onu tənqid edənlər idi
“The Guardian” yazır ki, onun prezidentliyi 2013-ci ildə bloklansa da, Rəfsəncanin dəfni onun müxalifət fiqurları arasında rəğbət qazandığını və hətta bir çox keçmiş günahlarının bağışlandığını göstərdi.
Dəfnə qatılanların arasında müxalifətin uzun müddət həbsxana cəzası çəkmiş nümayəndəsi Baharə Hidayət də var idi.
İnternetdə yayılan fotolar arasında Faizənin maşının pəncərəsindən əli ilə qələbə işarəsini göstərdiyi görünürdü.
Lakin dəfn mərasiminə ali rəhbər Xameneyinin rəhbərlik etdiyinə görə mərasimdə birinci cərgədə oturanların əksəriyyəti cənab Rəfsəncaninin tənqidçiləri idi. Hətta onun yaxın ailə üzvləri də arxa sıralara sıxışdırılmışdılar.
Bu mərasimdə İran hakimiyyəti sanki özünün tam qüdrətini nümayiş etdirirdi. Burada hətta İranın zəhmli Qüds Korpusunun komandanı general Qassem Süleymanini də görmək mümkün idi. O ictimaiyyət arasında ümumiyyətlə az-az görünür.
Əvəzində bəzi xəbərlərə görə keçmiş prezident, islahatçı hərəkatın lideri Məhəmməd Xatəmiyə mərasimə qatılmaq qadağan edilib.
“The Guardian” yazır ki, Xatəmiyə bu yaxınlarda hərəkət məhdudiyyəti qoyulub, çünki o Musəvi və Kərrubini dəstəkləyib. Yerli mediaya onun adının çəkilməsi və ya şəkillərinin dərc edilməsi qadağan olunub. (BBC azeri)