Sadələşdirilmiş vergi ödəyiciləri üzrə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan, ƏDV ödəyicilər üzrə isə ümumi məbləği 30 min manatdan artıq həyata keçirilən bütün mədaxil və məxaric əməliyyatları monitorinq rejiminə cəlb ediləcək. Maliyyə Bazarlarına Nəzarət Palatasından (Palata) verilən məlumata əsasən, əhəmin əməliyyatlar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna müvafiq olaraq yoxlanacaq.
Palatanın Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun Fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlıq sistemi barədə treninqlər keçiriləcək. (fins.az)