“The Daily Mail” qəzetinin yazdığına görə milyarder maliyyəçi və xeyriyyəçi George Soros ABŞ-da prezident seçilmiş Donald Trump-ı “dələduz” adlandırıb və deyib ki, “gələcəyin diktatorunun” ölkə başçısı seçilməsi “dağıdıcı qüvvələrə” rəvac verəcək.
Macarıstanda doğulmuş maqnat ABŞ seçkilərində demokrat namizəd Hilalry Clinton-u dəstəkləyirdi.
O deyib ki, Trump-ın yüksəlişi və onun Rusiya prezidenti Vladimir Putin kimi rəhbərlərlə yaxınlığı Avropa İttifaqının açıq cəmiyyət modeli üçün təhlükə təşkil edir.
“Demokratiya böhran yaşayır” – yazır Soros, Project Syndicate məcmuəsində.
“Hətta dünyanın aparıcı demokratiyası olan ABŞ da dələduzu və gələcəyin diktatorunu prezident seçib, – yazır Soros, – Trump seçiləndən bəri ritorikasının tonunu aşağı salsa da, nə davranışını, nə də müşavirlərini dəyişib”.
Soros-un fikrincə, Trump-ın kabineti “bacarıqsız ekstremistlərdən və təqaüdçü generallardan ibarətdir”.
“The Daily Mail” yazır ki, hazırda Trump-ın kabinetində üç təqaüdçü general var. Bunlar onun müdafiə nazirliyinə namizədi James Mattis, daxili təhlükəszilik naziri John Kelly və milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd Michael Flynn-dir.
Məqalədə deyilir ki, bu komanda Trump-ın kabinetini 1940-cı illərdən bəri Amerikanın ən hərbiləşdirilmiş administrasiyası edəcək.
Soros inanır ki, Trump-ın seçilməsi bütün dünyada demokratiya üçün təhlükədir.
Xeyriyyəçinin fikrincə, bu administrasiya yaxın gələcəkdə yalnız daxili çəkişmələrlə məşğul olacaq, bu isə başqa ölkələrdə demokratiyanın təbliğatını əngəlləyəcək.
“Trump daha çox diktatorlarla yaxınlıq edəcək – yazır Soros, – Trump prinsiplərin müdafiəsi yox, sövdələşmələrlə məşğul olacaq”.
George Soros yazır ki, Putin sosial media platformalarından və saxta xəbərlərdən istifadə etməklə Trump-ın seçki qələbəsinə köməklik göstərib.
Maliyyəçinin fikrincə, indi Putin eyni taktikadan istifadə etməklə Avropa İttifaqının demokratik hökumətlərini sarsıdır.
Məqalədə deyilir ki, 2004-cü ildə George W. Bush-un prezident seçilməsini bloklamağa çalışan Soros bu seçkidə Clinton-un kampaniyasına 25 milyon dollarlıq ianə vermişdi.
Belə şayiələr də var ki, Wisconsin, Pennsylvania və Michigan ştatlarında səslərin yenidən sayılması üçün uğursuiz cəhdi də Soros maliyyələşdirib.
Soros yazır ki, “açıq cəmiyyətlər təhlükədədir və faşist diktatorluqlarından tutmuş mafiya dövlətlərinə qədər qapalı cəmiyyətlərin yüksəlişi başlanıb”.
“Bu necə baş verə bilərdi? – yazır Soros, – Bunun yeganə izahatı seçkili liderlərin seçicilərin legitim gözləntilərini və istəklərini doğrultmamasıdır. Bu isə elektoratların demokratiya və kapitalizmin üstün versiyalarından küskün düşməsinə gətirib çıxarıb”.
“Sadəcə olaraq bir çox adamlar hiss ediblər ki, elitalar onların demokratiyasını oğurlayıblar” – yazır Soros. (BBC azeri)