Astan Şahverdiyevin nəhayət, xalqdan üzr istəməsi sosial şəbəkələrin və bütövlükdə xalqın çox kiçik də olsa, qələbəsidir. Xalq olaraq özümüzə, gücümüzə inanmalıyıq. Millətin sadəcə kompüter qarşısında oturarkən qəzəbli olması, sosial şəbəkələrdə ifadə olunan birgə etirazı belə bunları qorxudur. İndi siz təsəvvür edin ki, biz dinc mitinqlərdə bu birliyi nümayiş etdirsək, oğru və quldurlar necə qorxuya düşər, xalqla necə hesablaşar.
Xalqımız Astan Şahverdiyev və digər danışığını bilməyən, xalqı təhqir edən deputatlara, məmurlara haqlı olaraq sərt təpki göstərir. Yaxşı edir, belələrinin cavabı verilməlidir. Ancaq bir məsələ mənə aydın deyil, biz niyə millət olaraq insanlara işgəncə verənlərə, onları qanunsuz olaraq həbs edənlərə, hətta günahsız adamları ömürlük həbsə göndərmək istəyənlərə Astankimilərə göstərdiyimiz sifəti göstərmirik? Məgər konkret insanları və ailələri bədbəxt edən bu cəlladların günahı ağzının danışığını bilməyənlərinkindən daha azdır?