İlk dəfədir ki, doğulduğumuz günü belə qeyd edirik
Sabah “Azadlıq” qəzetinin 27 yaşı tamam olur. 3 aydan çoxdur ki, “Azadlıq” qəzeti işıq üzü görmür. Qəzetin kağız variantının yaşamasına imkan vermirlər. Hökumət əlindən gələni edir ki, “Azadlıq” unudulsun, ölkə vətəndaşları həqiqətin ünvanını itirsin və azad sözün son qalası fəth edilsin.
Amma “haqq nazilər amma üzülməz” deyiblər. “Azadlıq” qəzeti 3 aydır köşklərdən boylanmasa da, qəzetin elektron versiyası yaşayır və biz yenə də yazırıq. Yəni, 16 səhifəlik qəzetin çapına süni əngəllər yaratsalar da, bizi susdura bilmədilər. “Azadlıq”ın kağız versiyasını həbs etməklə nəyə nail oldular? Biz, öz fəaliyyətimizdə pəhriz saxladıqmı? Yartımaz siyasətin ifşa olunmasında güzəştə getdikmi? Birinci şəxsin tənqidini dayandırıb, onuncu şəxsi hədəf seçdikmi? Əlbəttə ki, yox. Nə qədər çətin olsa da, nə qədər məhrumiyyətlərlə üzləşsək də ana prinsiplərə xəyanət etmədik. Bugün informasiya müharibəsi sosial şəbəkələrə keçib, ictimai rəy sosial şəbəklərdə formalaşır və “Azadlıq” qəzetinin bütün sosial şəbəkələrdə böyük səhifələri var. Dünənə qədər 4000-5000 tirajla çap olunan qəzetin materialları, bu gün yüzminlərlə insanın ixtiyarına verilib. Qəzetin saytı əvvəlki qaydada işləyir, redaksiya heyəti iş başındadır və bu proses sona qədər davam edəcək.
Hökumət bir məqamı nəzərə almayıb ki, bizi birləşdirən dəyərlər maddiyyatla ölçülmür. Biz hökumət komandası deyilik ki, pulun azalmasına , komandadaxili ziddiyyətlərə görə zəif düşək. Biz şüurlu şəkildə haqqın cəbhəsində dayanmışıq, azad zözə xidmət etməkdən qürur duyuruq və bundan zövq alırıq.
Amma reallıq budur ki, “Azadlıq” qəzetinin 27 yaşını bu şərtlər daxilində qeyd edirik. Əslində, “Azadlıq” qəzetinə belə münasibət A zərbaycan mətbuatına, azad sözə, müstəqilliyə qarşı hörmətsizlikdir. Çünki, “Azadlıq” bütün fəaliyyəti dövründə müstəqilliyin, azad sözün, həqiqətin carçısına çevrilib.
Əgər “Azadlıq” qəzeti yalanları tirajlasaydı, ədalətsizliklərə haqq qazandırsaydı, tənəzzülü inkişaf kimi təqdim etsəydi, bu gün qəzetin dəbədəbəli redaksiyası olardı, KİVDF qəzeti maliyyələşdirərdi, redaksiya kollektivi komfort həyat yaşayardı.
Amma “Azadlıq” heç kimə güzəştə getmədi, heç bir çirkin danışıqların iştirakçısı olmadı və sözün həqiqi mənasında müstəqilliyini qorudu. “Azadlıq” sərt avtoritarizm şəraitində, qeyri-bərabər döyüşdə sınmadı, “ağ bayraq” qaldırmadı. “Azadlıq” Azərbaycanın müstəqillik tarixinə yeganə müstəqil qəzet kimi düşdü. Başqalarının gedə bilmədiyi yolu, “Azadlıq” israrla getdi. Biz çətinliklərdən güc aldıq, yıxılanda ayağa durmağı bacardıq, ruhdan düşmədik.
27 illik fəaliyyətimizdən qürur duyuruq, heç nəyə görə peşman deyilik və bundan sonra da belə yaşayacağıq. Oğrunu da, doğrunu da öz adıyla çağıracağıq. Əslində, “Azadlıq”ın çapının dayandırılması, qəzetin üzərinə saysız hücumların təşkil edilməsi bizim düz yolda olmağımızın göstəricisidir. Avtoritarizm “Azadlıq”a qalib gələ bilmədi, ona görə də qeyri-qanuni yollara əl atdılar. “Azadlıq” ilk dəfədir ki, doğum gününü öz yoxluğunda qeyd edir.
Təvazökarlıqdan uzaq görünsə də, özümüzü təbrik edirik. “Azadlıq” bir kollektivin ərsəyə gətirdiyi, amma hamıya məxsus olan qəzetdir. 27 yaşın mübarək olsun. Əsas olan 27 yaşa çatmaq deyil, 27 il diri yaşaya bilməkdir. Deməli, sabah həm də “Azadlıq”ın qələbəsinin 27 illiyidir.
“Azadlıq”