Əli Əhmədovun tənqidinə ziyalılar cavab verdi
«Azərbaycanı gülüş hədəfinə çevirənlər öz vicdan meyarlarını qoysunlar ortaya»
YAP sədrinin müavini, icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində Ziyalılar Forumunun ünvanına bir sıra ittihamlar səsləndirib. Ziyalılar Forumuna daxil olan şəxslərin milli maraqlar uğrunda mübarizə aparmadığını deyən Ə.Əhmədov vurğulayıb ki, ziyalılar siyasətlə məşğul olduqları halda bu fəaliyyətlərini gizlədir və yalnız öz maraqlarını təmin etmək üçün çalışırlar: “Onlar Azərbaycanın uğurları haqqında danışmağı heç arzulamırlar. Istəklərinimi deyim, yoxsa niyyətlərinimi, nəticə eynidir, şər demək, qara yaxmaq! Reneqat Eldar Namazovun başına toplaşmış bir dəstə narazı insandan, görünür, başqa şey gözləmək olmaz”.
Ə.Əhmədov eyni zamanda qeyd edib ki, Ziyalılar Forumu həqiqətən öz adına sadiqdirsə, heç olmasa hərdən ziyalıların məşğul olmalı olduğu, vəzifə borcu bildikləri problemlərdən də söhbət açsın: “Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını Ziyalıların Siyasi Forumu qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə bilirlər, nə də göründükləri kimi ola! Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar. Amma bunu etiraf etsinlər, daha oram ağrıyır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, Ziyalılar Forumunda toplaşanların ağrıyan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrıyan yerlərinin adı mədədir”.
E.Namazovla yanaşı R.Əliyevin də adını çəkən Ə.Əhmədov bildirib ki, R.Əliyev son toplantılarında deyib ki, neft pulları hər yerə xərclənir, amma Qarabağa xərclənmir. YAP funksioneri gətirilən arqumentləri reallıqdan uzaq sayır: “Açığı mən bu qədər cəfəng, mənasız, məntiqdənkənar bir iddia eşitməmişəm. Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır… Azərbaycana qara yaxmaq üçün hər cür ifadələr işlədən insanların bəzisi təəssüf ki, özünü ziyalı adlandırır. Əslində, Ziyalılar Forumunun bu cür bəyanatlar səsləndirməsi orada toplaşanların hansı maraqlara xidmət göstərməsindən xəbər verir”.
Rafiq Əliyev: “Əli Əhmədovun fikirləri bizim üçün əhəmiyyətli deyil”
Ziyalılar Forumunun üzvü, akademik Rafiq Əliyev mətbuata açıqlamasında Ə.Əhmədova cavabında deyib ki, YAP rəsmisinin fikirlərinə münasibət bildirmək istəmir. Akademik qeyd edib ki, Ziyalılar Forumu üçün Əli Əhmədovun dediyi sözləri şərh etmək vacib məsələ deyil: “Əli Əhmədovun bu müsahibəsini nə oxumuşam, nə də oxumaq istəyirəm. Bir dəfə demişəm ki, Əli Əhmədovun haqqımızda səsləndirdiyi fikirlərə cavab verməyəcəyik. Onun nə sözünə, nə də fikirlərinə münasibət bildirmək istəyirəm. Bizim üçün bu məsələ ilə bağlı açıqlama vermək vacib deyil, bu, onlar üçün vacibdir. Əli Əhmədovun fikirləri bizim üçün əhəmiyyətli deyil”.
Rüstəm Ibrahimbəyov növbəti geniş məqalə ilə çıxış edəcək
Hazırda Moskvada olan Ziyalılar Forumunun üzvü, kinorejissor Rüstəm Ibrahimbəyov da məsələyə geniş şərh vermədi. O bildirdi ki, Ə.Əhmədovun fikirləri ilə tanış deyil. Amma vətənə dönən kimi səslənən ittihamlarla bağlı növbəti geniş məqalə ilə çıxış edəcək.
Cəmil Həsənli: “YAP hazırda infeksiya mənbəyidir”
Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənlinin də Ə.Əhmədovun söylədiklərinə münasibətini öyrəndik.
C.Həsənlinin sözlərinə görə, hakimiyyət Ziyalılar Forumunun ictimai fikrə təsir imkanlarından haqlı olaraq təşvişə düşüb: “Dedikləri də bunun təzahürüdür. Ona görə forumu Eldar Namazovun ”reneqatlığı” ilə əlaqələndirməyə çalışırlar. Istefa mədəniyyətinə yad olan bir cəmiyyətə Eldar Namazov nümunə verdi. Halbuki, belə nümunə mədəniyyəti YAP rəhbərliyinə tamamilə yaddır. Eyni zamanda Ziyalılar Forumuna daxil olanlar heç kəsin başına yığılmayıb və YAP rəhbərliyindən fərqli olaraq forumda hər kəsin öz başı var. Bilirsiniz, biz əvvəldən demişik ki, ziyalı ağrının ifadəsidir və Ziyalılar Forumu da bilavasitə bu ağrını ifadə etməklə məşğuldur. Sadəcə olaraq ölkəmizin ağrıyan yerləri çoxdur və biz bunları ifadə etdikcə həmin ağrını yaradanların, xalqı bu vəziyyətə salanların narahatçılıqları aydın şəkildə hiss edilməkdədir”. C.Həsənli vurğulayıb ki, beynəlxalq aləmdə ölkəmizin korrupsioner imicinin yaranmasında Yeni Azərbaycan Partiyasının rolu var. Ən azı korrupsiyaya qarşı mübarizə görüntüsünün bütün qurbanları, rüşvət üstündə tutulan kiçik məmurlar, istisnasız olaraq, YAP-ın üzvləridir: “Partiya rəhbərliyi ziyalıların nə ilə məşğul olması üzərində baş sındırmaqdansa, yaxşı olardı ki, üzvlərinin əlləri və əməllərinin təmizliyi ilə məşğul olsun. Bu istiqamətdə onların görəcəyi çox işlər var. Əgər YAP rəhbərliyi Azərbaycanın beynəlxalq mətbuatda hər gün ifşa edilən korrupsiya əməllərindən utanmırsa və buna göz yummursa, bu, həmin partiyanın mahiyyətini ortaya qoyur. Biz siyasətlə məşğul olmuruq, lakin bu o demək deyil ki, ölkəmizdə tüğyan edən korrupsiyaya, rüşvətə, yerliçiliyin idarəçilik formasına çevrilməsinə, xalqın malının talan edilməsinə, xalqın hakimiyyəti formalaşdırmaq hüququnun əlindən alınmasına dözməliyik. Məhz bu dözümsüzlük Ziyalılar Forumuna daxil olan tanınmış şəxslərin vətəndaş yanğısından irəli gəlir. Siyasi istəklərimiz ona görə yoxdur ki, biz nə parlament, nə də digər bir seçkili orqanda iştirak etməyə qərarlıyıq, icra orqanlarında hansısa bir vəzifəni tutmaq arzumuz yoxdur”.
Azərbaycan diktatura ilə avtoritarizm arasında keçid yaşayır
Ziyalılar Forumunun bu gün ölkəmizin belə təhqir olunmuş, simasızlaşdırılmış vəziyyətə salınmasının əleyhinə olduğunu qabardan C.Həsənli daha sonra vurğulayıb ki, Azərbaycan cəmiyyətində Ziyalılar Forumu məhz olduğu kimi görünür və göründüyü kimi də qəbul edilir. Hazırda ölkəmizin avtoritarizmlə diktatura arasında keçid mərhələsini yaşadığını deyən C.Həsənli qeyd edib ki, tarixə Azərbaycan Xalq Cümhuriyyəti kimi demokratiya nümunəsi vermiş bir millətin belə miskin vəziyyətə salınması yolverilməzdir: “Ona görə biz bu millətin ziyalısı olaraq buna qarşıyıq, biz vücudu mədəniyyətə zidd olan beş-altı harın məmurun ölkəmizi feodal qaydaları ilə talan etməsinə göz yuma bilmərik. Əgər doğrudan da bütün baş verən azğınlıqlara münasibətdə bizim ürəyimiz yox, mədəmiz ağrısaydı, biz, əlbəttə, Ziyalılar Forumunda yox, YAP-da olardıq, çünki orta dərəcəli mədə xəstələrinin müalicəsi bu partiyadan keçir”.
Qarabağ münaqişəsinə münasibətdə YAP yetkilisinin ziyalılara ünvanladığı ittihamlara da toxunan C.Həsənli vurğulayıb ki, uzun müddətdir problemi həll edə bilməyən hakimiyyətin kiməsə mənəviyyat dərsi keçməsi gülüncdür: “Hakimiyyət yetkililərinin sözlərindən belə çıxır ki, heç kəs Qarabağın 20 il ərzində düşmən tapdağı altında qalmasından danışmamalıdır, çünki bu, siyasi məsələdir. Məhz 20 il ərzində 20 metr vətən torpağını düşmən əsarətindən azad edə bilməyən bir hakimiyyətin başqasına mənəviyyat dərsi verməsi cəfəng, mənasız və məntiqdən kənar bir iddiadır. Professor Rafiq Əliyevin vicdanı öz vətəndaş mövqeyinin süzgəcindən keçdi. Yaxşı olar ki, ərazilərinin 20 faizi 20 il ərzində düşmən tapdağı altında qalan bir ölkənin gülünc gül bayramına 60 milyon manat vəsait xərcləyənlər, 116 ton gül gətirməklə fəxr edib, Azərbaycanı gülüş hədəfinə çevirənlər öz vicdan meyarlarını qoysunlar ortaya. Vicdan bazarında kimin kim olduğu onda daha aydın görünər”.
Hikmət