Moskva və Tehran Xəzər dənizinin bölünməsindən imtina edir
“Xəzər dənizinin dibindən qaz kəmərinin çəkilməsi bu dənizin hüquqi statusuna ziddir. Belə addımlar Xəzər dənizi hövzəsindəki ölkələr arasında əməkdaşlıq atmosferinə dağıdıcı təsir göstərəcək”.
Modern .az bildirir ki, bu barədə Rusiya Federasiyasının Xəzər dənizinin statusu ilə bağlı danışıq aparmaq üçün ayrılmış rəsmi nümayəndə heyətinin rəhbəri İqor Bratçikov İranda bəyan edib.
O, İranın Xəzər məsələləri üzrə nümayəndə heyətinin rəhbəri Mehdi Axundzadə ilə keçirilən görüş zamanı bu bəyanatla çıxış edib.
Görüş zamanı tərəflər Xəzər regionunda gedən prosesləri müzakirə ediblər. İran və Rusiya dənizlə bağlı status məsələsinin tezliklə həll olunmasını qeyd ediblər.
Hər iki tərəf Xəzərətrafı ölkələrin imza atdıqları sazişlərin ləng reallaşdırılmasından şikayətləniblər. Bundan başqa İran və Rusiya Xəzərin huquqi statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı danışıqlar prosesinin ləngiməsindən narazılıq ifadə ediblər.
Rusiya Xəzərə üçüncü dövlətlərin müdaxiləsindən narahatlığını bildirib və qeyd edib ki, belə hallar qəbuledilməzdir.Bratçikovun sözlərinə görə, bir sıra dövlətlərin Xəzərin dibi ilə kəmər çəkmək cəhdləri dənizin huquqi rejiminə birbaşa müdaxilədir.
Rusiya və İran hər iki dövlət arasında 1921 və 1940-cı illərdə imzalanmış sazişləri xatırladaraq bildiriblər ki, “bu sənədlərin heç birində Xəzər dənizinin sərhədlərə bölünməsi ilə bağlı heç bir göstəriş yoxdur”.
“Rusiya da bu sənədi dəstəkləyir”-deyə Bradçikov vurğulayıb.