Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zeynəb Xanlarova İctimai Palatanın 21 may aksiyasındakı zorakılıqlara və məmurların fəaliyyətinə tənqidi münasibət bildirib.
Parlamentdən aldığımız xəbərə görə, Z.Xanlarova etiraz aksiyasında xüsusən də qadınlara qarşı zorakılıqları pisləyərək deyib ki, qadına əl qaldırmaq Azərbaycan kişisinə, polisinə yaraşan hərəkət deyil.
“Dünən mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir?”, – deyə Z.Xanlarova bildirib.
Z.Xanlarova məmur-oliqarxları qəsd edərək, insanlar arasında hakimiyyətə qarşı narazılıqları “5-6 nəfər pullu insanların” etdiyini deyib: “Bu gün mənim ürəyim doludur. Danışmaq istəyirəm. Bu gün xalq küçələrə düşür. Ona görə ki, 5-6 nəfər pullu, varlı insan xalq arasında prezidentə qarşı narazılıq yaradırlar. Bütün bunları edənlər pullu insanlardır. Mən seçildiyim rayonun Altıağac qəsəbəsində pullu adamlar özlərinə elə böyük villalar tikirlər ki, adi insanlara su da çatmır. Kasıb insanlar onlara baxanda qıcıqlanırlar, narahatlıq keçirirlər. Onların evləri bu villaların yanında koma kimi görsənir. Ac insanlar bunları görüb qıcıqlanırlar”.
Z.Xanlarova çıxışında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fəaliyyətini digərlərindən fərqli olaraq, müsbət qiymətləndirib.
azadliq.info