Aldadılan müştərilər Bakı merinin şirkət rəhbəri ilə əlbir olduğunu bildirirlər
“GEN” MMC tikinti şirkətinin aldatdığı müştərilər bazar ertəsi RATI-də mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib ki, 4 ildir ki, bu vətəndaşların problemləri həll olunmur. 2008-ci ildən bu yana müştərilərin nə evləri verilir, nə də pulları qaytarılır.
“Kamran B.Ə”, “Orxan”, “Fuad LTD”, “Mur-Ay” və digər şirkətlərin aldatdıqları müştərilərin problemləri həllini tapsa da “GEN” MMC mütşərilərinin problemləri həll olunmur. Ə.Məmmədovun fikrincə, bu problemin həllini tapmamasına əsas səbəb bu məsələni ilk dəfə iqtidara müxalif olan hüquq müdafiəçisi Vidadi Isgəndərlinin qaldırması olub. “Iqtidar bu məsələni V.Isgəngdərli qaldırıb deyə həll etrmək istəmir, bu inadın altını isə sadə vətəndaşlar çəkir”, – Ə.Məmmədov qeyd edib. Mətbuat konfransında problemin həllini tapmamasına görə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ağır ittihamlara məruz qalıb. H.Abutlaıbovun “GEN” MMC müştərilərinə münasibətdə “pullarını dələduza necə veriblərsə, gedib eləcə də alsınlar” söyləməsi müştəriləri ciddi narahat edib.
Belə ki, müştərilər GEN MMC şirkətinin sahibi Elbrus Əliyevlə H.Abutalıbovu cinayət ortağı kimi tanıdıqlarını bildiriblər. Müştərilər E.Əliyevin dələduz olaraq onları bir dəfə, H.Abutalıbovun isə 4 il ərzində hər ay vəd verərək aldatdığını deyiblər. Buna görə də E.Əliyevlə yanaşı H.Abutalıbovun da cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Müştərilər geri çəkilməyəcəklərini, kütləvi aksiyalara start verəcəklərini bildiriblər.