Rəhim Qazıyev 1994-cü ilin ən sirli hadisəsini danışır
1994-cü ilin 21 sentyabrında Azərbaycanda o vaxtçün, elə indi də ən sensasiya sayılacaq hadisə baş verdi. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından 5 nəfərin qaçdığı elan olundu. Bunlar keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, “Laçın” alayının komandiri Arif Paşa və separatçı “Talış Muğan Respublikası”nın yaradıcısı Ələkrəm Hümbətov idi. Beşinci şəxs isə bu olayda açar nöqtə – təcridxana nəzarətçisi baş leytenant Faiq Mirzəyev idi.
“Allah və azca ağıllı olmağım bizi xilas etdi”
Keçmiş nazir Rəhim Qazıyev bu sirr dolu hadisəni “Azadlıq”ın oxucuları ilə bölüşür. Hadisənin təfərrüatına dalmadan Qazıyevin bu olaya icmalı belədir: “Bu, Heydər Əliyevin bizi məhvetmə planı idi. Əslində biz qaçmamışdıq, bizi qaçıranların planını pozmuşuq. Bu plana görə, biz sərhəddə güllənməli idik. Bundan sonra isə Heydər Əliyev meyitlərimizi xalqa göstərib növbəti tamaşa quracaqdı. Bu planın baş tutmamasına iki səbəb var: Birincisi və ən əsası Allahdır, o bizlə oldu, bizə qıymadı. Ikincisi isə, ağlımın bir az işləməsi”.
Rəhim Qazıyev Allahın işinə qarışmaq istəmir, ağılının isə MTN-dən qaçışda hansı rol oynadığını açıqlayır. Onun bildirdiyinə görə, 1993-cü ilin noyabrın 22-də Baba Nəzirli ilə üzləşdirmə adı altında onu MTN-ə dəvət edib saxlayıblar.
“Məhkəmə başlayanda artıq qətlimə fərman verilmişdi”
“1994-cü il iyulun 29-da artıq məhkəməm başladı. Məhkəməyə indiki Ali Məhkəmənin hakimi Ənvər Seyidov sədrlik edirdi. Prosesə çox ciddi hazırlaşmışdım. 51 cild 11 min səhifəlik işi tam oxuyub ondan 6 ümumi dəftər həcmində çıxarışlar etmişdim. Proses gedirdi və bu prosesdə rejimin təmiz ifşasına nail olurdum. Məhkəmədə həqiqətlərin açılması, əlbəttə, hakimiyyəti narahat etməyə bilməzdi. Onlar buna görə məhvimə qərar vermişdilər. Bundan xəbər tutmağım elə çətin olmadı.
MTN-nin bizim üzərimizdə bir baş nəzarətçisi vardı – Faiq Mirzəyev. Mayın axırında Faiq mənə dedi ki, daha burayla xudafizləşirəm, yaxınlarda 15 illik müqaviləm bitir. Ancaq iyunda gördüm ki, ona baş leytenat rütbəsi verilib. Soruşdum ki, Faiq, nə məsələdir, dedi daha qalası oldum, mənə yaxşı perspektiv vəd veriblər”.
“MTN-də məni zəhərləmək istəyirdilər”
“Bir gün gəzinti zamanı Faiq mənə dərdini açdı. O gəzinti yeri elə idi ki, orda dinlənmə şəraiti yox idi. Faiq dedi ki, onun biznes fəaliyyətindən xəbər tutublar, buna görə ona cinayət işi açıblar. Cinayət işi açıblar, amma adam iş başındadır. Bu məni şübhələndirdi. Bu söhbətlə bərabər Faiq məni xəbərdar etdi ki, ehtiyatlı olun, təhlükə var. O vaxt Arif Paşanı zəhərləmişdilər. Buna görə də mən başladım MTN-nin verdiyi yeməkdən imtina etməyə. O vaxt, demək olar, hər gün məhkəməyə çıxırdım və elə orda da mənə gətirilən yeməklərdən yeyirdim. Izolyatorda isə ancaq peçenye, bir də qaynanmış su”.
Qaçış təklifi
“Faiqlə tez-tez söhbət edirdik. Günlərin birində o mənə qaçmaq təklifini verdi. Mən bildirdim ki, bu real məsələ deyil. O özü də bizimlə qaçmağa hazır olduğunu bildirmişdi. Çünki gözləyirdi ki, onu uzun müddətə həbsə atsınlar. Mən onun bu təklifini götür-qoy etmək üçün məhkəməyə keçmiş əməliyyatçı bir dostumu söhbətə çağırdım. Onunla danışdıq, öz aramızda parollar müəyyənləşdirdik.
Sonra dönüb Faiqdən soruşdum ki, bəs sən qaçacağın halda ailən, uşaqların necə olacaq? Bəlli oldu ki, onun ailəsi ilə bağlı heç bir planı yoxdur. Ona dedim, bizə həqiqətən kömək etmək istəyirsənsə, filan nömrəyə zəng vur və sənə deyilən şərti qəbul et. Sənin gətirəcəyin cavabdan mən planın qüvvədə qalıb-qalmayacağını biləcəyəm. Faiqin dostumdan gətirəcəyi paroldan mən şərtin qəbul edilib-edilməyəcəyini biləcəkdim. Şərt Faiq Mirzəyevin ailəsinin girov götürülməsi idi. Faiqin dostumla telefon danışığından gətirdiyi sitatdan başa düşdüm ki, o, şərti qəbul edib. Mən onun ailəsini dostum vasitəsi ilə ölkədən çıxarmağa razılaşdım. Belə də etdik.
Sonra mən Baba Nəzərli, Arif Paşa, Əlikram Hümbətovla danışıqlarımı davam etdim, onların qaçış barədə razılığını aldım”.
MTN, yoxsa meyxanə?
“Sentyabrın 21-də Faiq gecə təxminən saat 11-ə işləmiş gəldi. O, başqa nəzarətçilərə araq vermişdi. Həmin araqlara yuxu dərmanı da qatmışdı. Nəzarətçilər yuxuya veriləndən sonra bizi binadan çıxardı.
Biz 6-ci mərtəbədə saxlanırdıq, binadan çıxmaq üçün hər birində həyəcan siqnalı olan 12 zirehli qapı vardı. Bu proseslər hamısı cəmi yarım saat çəkdi. Binadan çıxandan sonra Faiq bizi maşınına dəvət etdi, ondan imtina etdik. Həmin dostumun arxa tərəfdə maşını bizi gözləməliydi. Elə o maşına da minib aradan çıxdıq. Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında bizi başqa bir maşın gözləməliydi. Orada da hər ehtimala qarşı maşınımızı dəyişdik. Növbəti dayanacaqda isə ayrıldıq, mənlə Arif Paşa, Əlikramla isə Faiq getdi”.
Heydər Əliyev şok olur
“Əldə etdiyim dəqiq məlumatdır; Heydər Əliyev gecə saatlarına qədər oturub bizim ölüm xəbərimizi gözləyib. Sərhəddən ona zəng edib deyəndə ki, ”alınmadı” və biz də MTN-də yoxuq. Heydər Əliyev şok keçirib, iki iynə vurub onu özünə gətiriblər”.
Bəyanat
“Sentyabrın 22-də və 23-də mən və Arif Paşanın imzası ilə bəyanat yaydıq. Bəyanat verdik ki, geri qayıtmağa hazırıq. Bir şərtlə ki, bizim təhlükəsizliyimizə təminat verilsin. Biz qaçmamışıq, bizi qaçırıblar. Tələbimiz ondan ibarət idi ki, bizlə bağlı keçirilən məhkəmə də ictimaiyyətin geniş təmsilçiliyi olmaqla açıq formada keçirilsin. Amma bu bəyanatımıza heç bir müsbət reaksiya verilmədi…”.
Natiq