«Azərbaycanla bağlı qəbul edilən sənədlərin xarakteri artıq başqa cür olacaq»
Leyla Yunus: «Bundan sonra hesabatlarda demokratik islahatlar olduğunu və bunun üçün vaxta ehtiyac duyulduğunu yazmayacaqlar»
“Eurovision” ərəfəsində beynəlxalq aləmin Azərbaycana artan diqqəti, ölkədəki problemlərin xarici mətbuata çıxması hakimiyyət tərəfindən hiddətlə qarşılanır. Ancaq problemləri həll etmək əvəzinə iqtidar mənsubları bu diqqəti Azərbaycanı istəməyən qüvvələrin əməli kimi qələm verir. Bütün bunlarla bağlı bu günlərdə xarici səfərdən dönən Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusla söhbət etdik.
– Istər xarici mətbuat, istərsə də beynəlxalq təşkilatlardan Azərbaycana görünməmiş diqqət var. Ancaq bəziləri bunu “Eurovision”la əlaqələndir və müsabiqədən sonra başa çatacağını deyir. Eyni zamanda bunu Azərbaycandakı demokratik proseslərin gündəmə gəlməsi ilə izah edənlər də var. Sizcə, bu diqqət nəyin görsənişidir?
– Mətbuatın diqqəti əsasən “Eurovision”la bağlıdır. “Eurovision”un keçirilməsi ilə yanaşı digər ölkələrdən fərqli olaraq Azərbaycan hakimiyyəti reklama da böyük pullar xərcləyir. Ancaq bunun əks effekti də olur. Təkcə reklam yerləşdirilmir, Azərbaycanda əslində nələrin baş verdiyi ilə də maraqlanırlar. Xaricdə çox oluram. Adətən tədbirlərə gedirəm. Ancaq indi olduğum ölkələrdə jurnalistlər onlarla görüşməyi xahiş edirdilər və suallar verirdilər. Beynəlxalq təşkilatlara gəldikdə, BMT, ATƏT, Avropa Şurasının reaksiyaları Azərbaycandakı vəziyyətə adekvat deyil.
– Siz alternativ müsiqi yarşıması keçirməyi planlaşdırırdınız. Bu məsələ nə yerdədir?
– “Sing For Democracy” kampaniyası, o cümlədən onun koordinatoru Rəsul Cəfərov alternativ müsabiqə keçirmək üçün yer tapmağa səy göstərdi. Ancaq Azərbaycandakı indiki klan tərəfindən nəzarətdə olan situasiyanı nəzərə alaraq edə bildiyimiz ən böyük iş o oldu ki, bar icarəyə götürdük. Yerin adını deməyəcəm, mayın 20-də 7.30-dan gecə yarısına qədər orda müxtəlif gənc ifaçılar çıxış etdi, orda çoxlu sayda jurnalist var idi. Məncə, bu müsabiqədən çox mətbuat, beynəlxalq təşkilat nümayəndələri ilə ünsiyyət qurmaq, vəziyyət barədə danışıb qeyri-formal şəraitdə öz aramızda söhbət etmək üçün daha bir imkan idi.
Hakimiyyət avropalı siyasətçiləri pulla almaq istəyir
– Müsabiqəyə gələnlərin demokratiya ilə bağlı hökumətə çağırış etməsi üçün müraciət planlaşdırılırdı. Belə bir müraciət oldu?
– Internetdə belə bir müraciət yerləşdirilib, beynəlxalq təşkilatlara, müsabiqədə iştirak edən bütün müğənnilərə göndərilib. Indi də bu günlər ərzində komitə üzvləri hüquq müdafiə təşkilatlarının fəal olduğu ölkələrin “Eurovision”a qatılan iştirakçıları ilə görüşlər keçirir.
Onlar özləri də ölkələri təmsil edən ifaçılarla görüşüb. Bunlar ilk növbədə Skandinaviya ölkələridir.
– Avropa Komissiyasının Avropa Qonşuluq Siyasətinə dair illik sənədlər paketində Azərbaycanın qarşısında tələblər qoyulub. Eyni zamanda Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia da sanksiyaların ola biləcəyi ilə bağlı danışıb. Sizcə, Azərbaycan tələbləri yerinə yetirməsə, sanksiyalarla üzləşə bilərmi?
– Bu dəfə Brüsseldə oldum, Avropa Komissiyasında, Avropa parlamentinin deputatları ilə görüşlər keçirdim. Buna qədər Avropa Parlamentinin prezidenti Buzeklə görüşmüşəm. Ümumi təəssürat belədir ki, bizim hakimiyyət imkan daxilində daha çox avropalı siyasətçini pulla almaq istəyir. Bunun üçün pula heyfi gəlmir. Bu barədə artıq avropalı siyasətçilər, deputatlar açıq danışır. Bunu təkcə Strasburqda yox, Brüsseldə də edirlər. Digər tərəfdən hamı satılmır. Ancaq bizim hakimiyyətin yalanı həqiqət kimi qələmə vermək cəhdi Avropa Ittifaqı nümayəndələrində hətta qıcıq yaradır. Onlar deyir ki, bəli, sizinkilər anlamır. Təəccüblənirlər ki, niyə sizin hakimiyyətin nümayəndələri heç nə etmək istəmir və heç nə başa düşmürlər. Niyə belə dar düşüncəlidirlər. Açıq şəkildə deyirdilər ki, niyə belə axmaqdılar. Elə bilirlər ki, biz onları görmürük, ya anlamırıq? Sonra nəyin olacağını bilmirlər? Onlar nə fikirləşir? Rasional avropalıların beynində bir fikir var ki, bunlar niyə belə axmaq hərəkət edirlər. Ona görə də yaxın vaxtlarda onlar bu situasiyada nə edəcəkləri barədə düşünəcəklər. Bir daha deyirəm, Bakıda fəaliyyət göstərən beynəlxalq təşkilatların ofisləri fəaliyyətsizdir. Uzun müddətdir BMT-nin, artıq bir neçə ildir ATƏT-in ofisləri fəaliyyətsizdir. Avropa Şurasının bütün strukturları çox pis işləyir. Bir qədər fəal işləyən Avropa Ittifaqıdır. Düşünürəm ki, bu hesabatdan sonra yaxın vaxtlarda digər səfərlər və sənədlər olacaq. Çünki Brüsseldəki görüşlərimdə dedim ki, “Eurovision”dan sonra repressiyalar daha da artacaq. Yeni həbslər, təzyiqlər olacaq. Çünki beynəlxalq mətbuatın bu qədər böyük diqqəti olmayacaq. Onlar da mənimlə razılaşdı. Dedilər, bunu başa düşürük. Ona görə də iyunun əvvəlində Brüsseldən Azərbaycana yüksək səlahiyyətli şəxslərin səfərləri olacaq. Beynəlxalq təşkilatlar Azərbaycandakı situasiyanı diqqətlə izləyəcək.
Azərbaycanla bağlı fərqli qərarlar olacaq
– Avropa Parlamentində Azərbaycan, Şimalı Koreya və Venesuella ilə bağlı dinləmələr başlayıb. Amerikada isə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı tədbir olacaq. Sizin gözləntiləriniz nədən ibarətdir?
– Birincisi, bizim hakimiyyət yenə də xeyli xərcə düşəcək. Onlar yenə böyük pullar xərcləyəcək, dinləmələrin iştirakçılarını almağa çalışacaqlar. Əvvəllər buna elə də fikir vermirdim. Ancaq indi bu elə aydındır ki, beynəlxalq qurumların nümayəndələri özləri onlara açıq şəkildə pul təklif olunduğunu deyirlər. Ikincisi, düşünürəm ki, artıq belə müzakirələr Azərbaycana olan münasibətin göstəricisidir. Bu bir daha təmiz avropalı siyasətçilərdə Azərbaycanın öz idarəçiliyinə görə məhz Şimalı Koreyaya yaxın olması barədə təsəvvür yaratdığını göstərir.
Gələn dəfə beynəlxalq hesabatlarda demokratik islahatlar olduğunu və bunun üçün vaxta ehtiyac duyulduğunu yazmayacaqlar. Artıq Azərbaycanla bağlı qəbul edilən sənədlərin xarakteri başqa olacaq.
“Deyirlər belə də axmaqlıq olar?”
– Hakmiyyət Almaniyaya qarşı da müharibə elan edib. Siz Avropada çox olursunuz. Orda bunu necə qarşılayırlar?
– “Şpigel”in nümayəndəsi, digər jurnalistlərlə söhbətlərim olub. Onlar buna gülür. Bir daha deyirlər ki, yəni doğrudan da belə axmaqlıq olar? Bir çox halda bu, ironik gülüş doğurur. Almaniyalı jurnalist məndən xahiş edib ki, son illərdə Azərbaycan hakimiyyətinin dəvəti ilə bura almaniyalı siyasətçi, deputatların gəlib gəlmədiyini öyrənib ona deyim. Necə ki, Toni Bleyr gəlib çıxış edib pulunu aldı. Çünki o indi böyük araşdırma hazırlayır ki, almaniyalı siyasətçiləri almaq olarmı?. Ona dedim ki, Ispaniya, Ingiltərədən siyasətçilərin, deputatların adını çəkə bilərəm. Ancaq Almaniyadan kimsə yadıma düşmür. Onlar bir tərəfdən buna gülür, ancaq digər tərəfdən, Almaniyadan kiminsə Azərbaycan hakimiyyətinə satılıb-satılmadığını öyrənmək istəyirlər.
Ona görə “Azadlıq” qəzeti vasitəsilə demək istəyirəm ki, kimsə Almaniyadan hakimiyyətin pulu ilə kiminsə gəldiyini xatırlayırsa, mənə məlumat versin. Kəmaləddin Heydərov, onun övladları, Heydər Əliyev Fondunun dəvəti ilə gəlib Azərbaycan hakimiyyətini tərifləyib, hər şeyin yaxşı olduğunu deyən siyasətçilər, deputatlar arasında Almaniyadan olanlar varsa, onların adlarını və nə vaxt gəldiklərini ya mənə, ya da qəzet vasitəsilə desinlər.
“Azərbaycanın vəziyyətinə heç kim paxıllıq etməz”
– Hakimiyyət onun ünvanına olan tənqidləri ancaq erməni lobbisi ilə əlaqələndirir və bunu Azərbaycanı istəməyən qüvvələrin əməli kimi qiymətləndirir. Hətta rəsmilər bunu Azərbaycana olan paxıllıqla əlaqələndirir. Siz bu məntiqi necə qiymətləndirirsiniz?
– Azərbaycanın nəyinə paxıllıq edəcəklər, ölkənin sərvətlərinin bir ailənin əlində olmasına? Müharibəni uduzmağımıza, torpaqlarımızın işğal altında olmasına? Azərbaycanda nəyə paxıllıq etmək olar? Ancaq Şimalı Koreya, Belarus kimi ölkələrin rəhbərləri paxıllıq edə bilər ki, Azərbaycan hakimiyyətində olanlar onlardan varlıdır. Bir varlının digər varlıya paxıllıq etməsinə inana bilərəm. Ancaq belə ölkənin vəziyyətinə heç kim paxıllıq etməz. Bu gün Azərbaycanın normal gələcəyi görünmür. Elə bir həyətdə qadınlar oturub tum çırtlayır, baxır qonşuya deyir, gördün onun necə paltarı var. Bunların da səviyyəsi belədir.
Yəni bu təhsilsiz, geniş düşünə bilməyən, anlamayan adamın səviyyəsidir. Azərbaycan hakimiyyətində əsasən nəinki az intellektual, hətta ümumiyyətlə savadı, dünya görüşü olmayan adamlar təmsil olunub. Onlar bəlkə də ömründə bir-iki kitab oxumayıb. Pul yığmaqdan, korrupsiyadan başqa heç nə bilmirlər. Burda konfransda iştirak edən xarici jurnalistlər mənə deyir ki, niyə sizdə hakimiyyətdə olanlar belə savadsızdır. Hətta xaricdə təhsil alan gənc gəlib Əli Həsənov, Fuad Ələsgərovun tabeçiliyində işləyirsə, onun səviyyəsinə enir, hətta bildikləri barədə düşünmək istəmir. Özü də deqradasiyaya uğrayır.
– Azərbaycan hakimiyyətində əsasən vicdan məhbuslarının azad olunması, sərbəst toplaşmaq azadlığının təmin olunması tələb olunur. Niyə hakimiyyət hətta öz imicini zərbə altına qoyaraq bu məsələlərdə geri çəkilmək istəmir?
– Əgər ölkənin rəhbərliyində uzaqgörən siyasətçilər dayansaydılar, ölkənin və özlərinin imici üçün çalışmalı olduqlarını düşünsəydilər, situasiya fərqli olardı. Hakimiyyətdə belə hadisələrə küçə banditləri təfəkkürü ilə yanaşan şəxslərdi. Onların əsas fikri belədir ki, biz belə istəyirik, belə də olmalıdır. Nə istəyirik, o da olmalıdır, buna görə bizə heç nə edə bilməzsiniz.
Hakimiyyətin rəhbər tutduğu yeganə şey budur- mən belə istəyirəm. Gələcək barədə düşünməyi bacarmırlar. Bu, ərköyün xuliqanların hakimiyyətidir.
“Böyük pullar rasional düşüncəni məhv edib”
– Deməli, hakimiyyətdə olanlar onları nəyin gözlədiyini anlamır?
– Onlar bu barədə düşünmür. Tarixi bilmirlər, heç nə anlamırlar. Hələ mən demirəm ki, ötən əsrin əvvələrinin tarixini, ya 1979-cu ilin Iran tarixini oxumaq lazımdır. Onlar hətta ərəb inqilablarından da heç nə öyrənmir. Heç nə bilmək istəmirlər. Hakimiyyəti idarə etmək üçün istifadə oluna biləcək böyük pullar rasional düşüncəni məhv edib. Təəssüf ki, bizim insanlar, keçmiş sovet kontingentində nəsə edə biləcəkləri ilə bağlı inam yoxdur. Onlarda elə təəssürat var ki, mən köməksizəm, özüm heç nə edə bilmərəm. Insanlar özləri təşkilatlana bilmir. Bu da savadsız mafioz klana bu dərəcə idarə etməyə imkan verir. Bu ölkənin gələcəyi yoxdur. Bu gələcək görünmür.
Fizzə