Mərhum cinayətkarlarla birlikdə bağ evində dincəlməyə gedibmiş
Mayın 17-də Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində törədilmiş qətl hadisəsinin üstü açılıb. Şamaxı rayon Polis Şöbəsindən verilən məlumata görə, “Azvirt” MMC-də iş icraçısı işləyən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Əfəndiyev Akim Fərhad oğlunun yaşadığı bağ evində 1984-cü il təvəllüdlü Natiq Nəsrullayev və daha iki nəfər tərəfindən çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilməsi müəyyən edilib. N.Nəsrullayev həbs edilib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, A.Əfəndiyev əvvəlcədən tanıdığı N.Nəsrullayev və daha iki tanışı ilə bağ evinə gedib. Bağ evində N.Nəsrullayev və digər iki şəxs qarət məqsədilə A.Əfəndiyevi öldürüb, evdəki külli miqdarda pulu götirəndən sonra mənzilə od vurub. Onlar evi yandırandan sonra qaçıb gizləniblər. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra evdə 28 yaşlı A.Əfəndiyevin meyiti aşkarlanıb. Mərhumun bədənində 4 bıçaq yarası olub.
Fakt üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsinin 8 bəndi ilə iş başlanılıb. Cinayət işi Şamaxı rayon Prokurorluğundan Baş Prokurorluğun Ağır işlərə dair İdarəsinə verilib. Digər iki şəxsin müəyyənləşdirilməsi və tutulması istiqamətində iş gedir.