«Avropanın Azərbaycanla bağlı mövqeyi sistemli işdən xəbər verir»
Zəfər Quliyev: «Avropa Birliyinin Azərbaycana münasibətinin Belarusla eyni səviyyəyə qaldırılması realdır»
Dünyanın nüfuzlu nəşrləri Azərbaycana diqqət ayırdığı bir zamanda beynəlxalq təşkilatların da insan haqlarının vəziyyətinə görə hakimiyyəti tənqidi davam etməkdədir. Və iqtidarın üzləşdiyi tənqid yalnız “Eurovision” yarışması ilə bağlı ölkəmizə diqqətin yönəlməsiylə əlaqəli deyil. Bir sıra ekspertlərin fikrincə, Azərbaycana sərgilənən yanaşma ölkəmizdə demokratik dəyişikliklərin qaçılmaz olduğunun bir mesajıdır. Mövzu ilə bağlı suallarımızı ekspert Zəfər Quliyevə ünvanladıq.
Hakimiyyət tənqidlərdən əks-nəticə çıxarır
– Azərbaycanın dünya birliyinin diqqətinə gəlməsində istər-istəməz “Eurovision” faktoru var. Bu, kiçik faktor deyil. Azərbaycanlı gənclər bu yarışmada qalib gələn zaman bir çox ekspertlər hesab edirdilər ki, müsabiqə ölkəmizə yalnız özünün nailiyyətlərini göstərmək üçün bir fürsət olmayacaq. Eyni zamanda Azərbaycanın bütün nöqsanları, problemləri də gündəmə gələcək. Baxmayaraq ki, “Eurovision” yarışmasını təşkil edənlər dəfələrlə vurğulayırdılar ki, bu müsabiqə siyasətdən kənardır. Amma əvvəlki yarışmalar göstərir ki, müsabiqə keçirilən ölkəyə diqqət artır və ölkədə baş verənlər daim izlənilir. Azərbaycan da bu baxımdan istisna deyil. Amma demək olmaz ki, Azərbaycandakı problemlərdən dünyanın xəbəri yox idi. Azərbaycandakı çatışmazlıqlar dünyaya çoxdan bəlli idi. Lakin “Eurovision”nun keçirilməsindən istifadə edərək Azərbaycana qarşı günü-gündən mövqe sərtləşir. Ona görə Azərbaycandakı insan haqları, demokratiya sahəsindəki nöqsanlar, söz və mətbuat, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, korrupsiyanın geniş vüsət alması ilə bağlı məsələlər yenidən gündəmə gəlir. Avropa Birliyinin təmsilçisinin Azərbaycanla bağlı açıqlamasında da bütün bu nöqsanlar yenidən təkrarlanır və hakimiyyətə yenidən çatdırılır ki, bu qüsurlar aradan qaldırılmalıdır. Əlbəttə, “Eurovision” müsabiqəsi bir çox məsələləri gündəmə gətirdi, amma eyni zamanda Azərbaycandakı vəziyyətin aktuallaşması yalnız bununla bitmir. Nəzərə almaq lazımdır ki, “Eurovision” yarışması Rusiyada, Ukraynada olanda da ölkənin ciddi problemlərinin olmasına baxmayaraq, bu ölkələr sərt tənqidlərlə üzləşməmişdilər. Müqayisə edəndə görürük ki, Azərbaycana münasibət olduqca sərtdir. Hələ “Eurovision” yarışmasına xeyli qalmış ərəb dünyasında canlanma başlayan zaman postsovet məkanı ölkələrindən Belarusla Azərbaycanda oxşar hadisələrin təkrarlana biləcəyi vurğulanırdı. Bu isə o deməkdir ki, bu iki rejim ciddi islahatlara başlamasalar, hansısa mərhələdə dünyanın ciddi təpkisi ilə üz-üzə qala və daxildəki narızılıq partlayışa gətirə bilər. Bu tip mesajlar “Eurovision” yarışmasından asılı olmayaraq daim verilirdi. Lakin Azərbaycan hakimiyyəti bütün xəbərdarlıqlardan düzgün nəticə çıxarmadı. Bu zaman dünya ictimaiyyəti gördü ki, Azərbaycan nəinki islahatlara başlamadı, əksinə bir çox sahələrdə daha sərt siyasət yürütməyə başladı. Azərbaycan hakimiyyəti əks nəticə çıxararaq insan haqlarına, siyasi fəaliyyət, söz və mətbuat azadlığına qarşı mövqeyini daha da sərtləşdirdi. Bununla da sanki Azərbaycan hakimiyyəti dünyaya onu tənqid etmək üçün əlavə səbəb vermiş oldu. Azərbaycanda dünyada gedən proseslərə əks olaraq siyasət yürüdülür, bu da aydın məsələdir ki, yeni tendensiyalara ziddir. Ona görə beynəlxalq təşkilatların mövqe sərgiləməməsi olmur. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi geosiyasi mövqeyi də unutmaq lazım deyil.
Təzyiqlər “Eurovision”dan sonra da davam edəcək
– Avropa Parlamentinin mayın 21-24-də Strasburqda keçiriləcək növbəti plenar sessiyasında Azərbaycan, Şimali Koreya və Venesuelada insan haqları, demokratiya ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrin nəticəsi olaraq qətnamə qəbul olunacaq. Sizcə, bu sənəddə hansı məqamlar əksini tapacaq?
– Azərbaycandakı vəziyyətlə bağlı dinləmələrdə güman ki, Avropa Birliyinin mövqeyi bir daha əksini tapacaq. Avropa Birliyinin Azərbaycana qarşı sərgilədiyi mövqe bir daha Avropa Parlamentinin dilindən gündəmə gətiriləcək. Yəni Azərbaycana hansı addımları atmalı olmadığı izah edilməyə çalışılacaq. Avropa strukturları öz işləri ilə məşğuldurlar. Onlar sərgilədikləri təzyiqin sistemli alınması üçün hərtərəfli mövqe nümayişini həyata keçirir. Bu, təsadüfi proseslər deyil. Mətbuatda, siyasi dairələrdə eyni mövqeyin sərgilənməsi, vurğulanması sistemli işdən xəbər verir. Bu cür kampaniyaların ümumi konturları faktiki olaraq razılaşdırılır və tətbiq olunur. Hakimiyyət ümid edir ki, “Eurovision” yarışması bitdikdən sonra Azərbaycana təzyiqlər azalacaq. Amma Azərbaycandan demokratiya ilə bağlı tələb olunanlar yalnız bir yarışma ilə bağlı deyil. Yəni yarışma bitdikdən sonra Azərbaycanın dünyanın gündəmindən çıxacağı fikri yanlışdır.
– Avropa Birliyinin səfiri Roland Kobia son açıqlamasında Azərbaycan hakimiyyətinin ünvanına sərt mesajlar səsləndirib. Açıq formada bəyan olunub ki, Azərbaycan hakimiyyət beynəlxalq ictimaiyyətin tələblərinə reaksiya verməyəcəyi təqdirdə Avropa Birliyi daha sərt mövqe tuta bilər və bu mövqe Belarusa sərgilənən yanaşma ilə eyni ola bilər…
– Avropa Birliyi ilk dəfə olaraq Azərbaycanın hakim elitasına qarşı bu cür sərt və dolğun açıqlamalar ortaya qoyur. Avropa Birliyinin əvvəlki ikili yanaşmaları cəmiyyətdə narazılığa səbəb olurdu. Çünki biz görürdük ki, keyfiyyət baxımından Belarusla Azərbaycan arasında bir o qədər də ciddi fərq olmayan vaxtı bu ölkələrə fərqli yanaşma sərgilənirdi. Baxmayaraq ki, hər iki ölkədə polis gücünə arxalan avtoritar rejimlər hakimiyyətdədir. Artıq keçən ildən başlayaraq Azərbaycana sərt mövqe sərgilənir. Indiki faktiki yanaşma onu göstərir ki, Avropa Birliyinin Azərbaycana münasibəti Belarusla eyni səviyyəyə qaldırıla bilər. Bu, hakimiyyətə ciddi xəbərdarlıqdır. Azərbaycan enerji amilinə çox bel bağlamamalıdır. Çünki dünyadakı prioritetlər artıq dəyişib. Artıq vətəndaş cəmiyyəti dəyərləri önə çıxır. Ərəb dünyasında gedən proseslər də göstərir ki, neft amili artıq avtoritar rejimlərə münasibətdə əvvəlki kimi güclü deyil. Azərbaycan hakimiyyəti digər diktatura rejimlərinin gününə düşmək istəmirsə, ciddi islahatlara başlamalıdır. Iqtidar üzərinə götürdüyü öhdəlikləri real olaraq həyata keçirməlidir.
ABŞ-la AB Azərbaycana qarşı mövqelərini razılaşdırır
– ABŞ-ın keçmiş prezidenti Corc Buş maraqlı bəyanatla çıxış edib. O bildirib ki, Obama despotik rejimlərin yıxılmasından qorxmamalıdır. ABŞ dünyanın bütün nöqtələrində demokratiyanı müdafiə etməlidir. Hazırda ABŞ regionumuzda demokratiyanın müdafiəsinə görə AB-dan geri qalır. Bu açıqlama Amerikanın gələcək zamanda aktivləşəcəyinə işarə sayıla bilərmi?
– Bu iki güc mərkəzi daimi addımlarını razılaşdırır. Bundan başqa, atılacaq addımlar da ABŞ-la Avropa Birliyi arasında müzakirə olunur. Düzdür, müəyyən məqamlarda ABŞ-la Avropa Birliyinin maraqları toqquşa bilər. Amma Azərbaycan tipli avtoritar rejimlərə qarşı Avropa Birliyi ilə ABŞ arasında yanaşma fərqli deyil. Ola bilər ki, hansısa mərhələdə Avropa Birliyi daha fəal ola bilər. Amma bu heç də o demək deyil ki, ABŞ passivləşib və kənarda durub. Hazırda ABŞ-da seçki marafonu başlayıb və daxili problemlər administirasiyanın başını qatıb. Azərbaycan kimi dövlətlərə münasibətdə istər Avropa Birliyi, istərsə də ABŞ lazım gələndə sərt mövqeyini ortaya qoyur.
– Azərbaycanla Iran arasında münasibətlər olduqca gərgindir. Qarşılıqlı bəyanatlar, aksiyalar bir-birini əvəz etməkdədir. Iran Azərbaycana qarşı bəyanatlarında da diplomatik ritorikanı çoxdan aşıb. Bu prosesləri necə izah etmək olar?
– Son illərdə regionun əhəmiyyətinin artması səbəbindən hər məsələnin həllində ayrı-ayrı dövlətlərin mövqeləri toqquşur. Iranla Azərbaycan arasında yaşananlarda hətta üçüncü kənar amili götürməsək, ciddi problemlər mövcuddur. Iki dövlət arasında ziddiyyətli məqamlar çoxdur. Azərbaycanda islamçılara qarşı aparılan kampaniya Iranı qıcıqlandırır. Ona görə Iran Azərbaycana qarşı daha böyük təxribat planları hazırlayır. Iranla bağlı xəbərlər hər ay yenilənir. Mətbuatda ABŞ-ın, Israilin hücuma hazırlaşdığı bəyan olunur. Iran ona görə belə bir məqamda Azərbaycanın xarici siyasətindən narahatlıq keçirir. Azərbaycanın Qərblə əlaqələrinin səviyyəsi də həmişə Iranın diqqətində olur. Iran Azərbaycanın, hərbi əməliyyatlar olarsa, ərazisindən istifadə edilməyəcəyi ilə bağlı bəyanatlarına da etibar etmir. Ona görə Iranın Israilə ABŞ-a əli çatmasa da Azərbaycanı hədələmək, hər an qorxutmaq imkanı var.
– Bəs Azərbaycanın Irana qarşı mövqeyini necə qiymətləndirmək olar. Azərbaycan da öz növbəsində Iranla əlaqələri daha da kəskinləşdirən siyasət yürüdür. Bunun səbəbi nədir?
– Azərbaycana çeşidli təzyiqlər edilir. Görünür, Azərbaycan demokratik təzyiqlərə qarşı ölkədə Islam inqilabı təhlükəsinin olduğu təəssüratını yaratmağa çalışır. Azərbaycan hakimiyyəti öz mövqeyindən çıxış edir. Eyni zamanda Azərbaycan hakimiyyəti başa düşür ki, Rusiyaya meyilli siyasətini davam etdirməsi risklidir.
Xəyal