ATV-nin İbrahimovlardan alınmasının yeni təfərrüatları
“Azad Azərbaycan” Tleviziya və Radio Şirkətinin (ATV) Ibrahimovlardan alınmasının səbəbləri barədə yeni məlumatlar almışıq. Məlumatlarda bildirilir ki, ATV-nin Ibrahimovlardan alınmasının bir səbəbi hakim ailənin iqtidaryönlü media quruluşlarını bir əldə cəmləmək planının tərkib hissəsidirsə, başqa bir səbəbi Nazim Ibrahimovun ona tapşırılan vəzifənin öhdəsindən gələ bilməməsidir.
Diaspora Məsələləri Üzrə Dövlət Komitəsinin rəhbəri olan Nazim Ibrahimov yarıtmaz fəaliyyətilə ölkə başçısı Ilham Əliyevin etimadını doğrultmayıb. Söhbət əlbəttə ki, Nazim Ibrahimovun milli maraqlara xidmət edən yox, hakimiyyətin möhkəmlənməsinə yönələn fəaliyyətindən gedir. Məlumatlarda bildirilir ki, Nazim Ibrahimovun vəzifəsi bir sıra beynəlxalq media quruluşları ilə “dil tapmaq” olub. Ibrahimov Prezident Administrasiyasına göndərdiyi hesabatlarda ona tapşırılan vəzifəni uğurla yerinə yetirdiyini bildirib. Lakin “Eurovision” ərəfəsində Nazim Ibrahimovun tapşırığın öhdəsindən gələ bilməməsi üzə çıxıb. Bəlli olub ki, hakimiyyəti tənqid edən media quruluşları arasında komitə sədrinə tapşırılan qəzetlər də var. Bu, Ilham Əliyevin hiddətinə səbəb olub. Nazim Ibrahimovdan həmin qəzetlərlə əlaqə qurmaq üçün ayrılan vəsaitin hesabı sorulub. Və artıq etimadını itirdiyi onun diqqətinə çatdırılıb. Və bundan sonra ATV-nin Ibrahimovlardan alınması gündəmə gəlib. Məlumatlarda iddia olunur ki, Nazim Ibrahimov tək ATV-ni təhvil verməklə vəziyyətdən çıxa bilməyəcək. “Eurovision”dan sonra onun tutduğu vəzifədən azad ediləcəyi və əlində olan biznes strukturlarının alınacağı deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl ATV-nin prezidenti Tağı Ibrahimov və onun qardaşı vitse-prezidenti Natiq Ibrahimov telekanalı tutduqları vəzifədən azad edilib. Tağı Ibrahimov postunu Vüqar Qaradağlıya təhvil verib. Məlumat üçün deyək ki, Vüqar Qaradağlı “Lider” televiziyası və “Radio Lider”in daxil olduğu “Media Holdinq”ə rəhbərlik edib.
Azad