Altunay Hacıbəyli
“Vətəni sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz” – deyib ustadımız. Soy-kökünə bağlılıqdan doğan sevginin sübutu, (göstəricisi) bu ola gərək. Bu, həm də Vətənə olan sevginin vicdandan qaynaqlandığına işarədir. Yəni vicdan sevginin ölçüsünü müəyyən edir. Doğulub boya-başa çatdığımız, bir sözlə, bizi yetişdirən torpaqlara olan sevgi tamam başqadır. Elə bu səbəbdən mövzuya əsaslanaraq yazmaq istədim. Həmin yazını sizlərlə bölüşürəm.
Sizi kəndimiz – Saatlı rayonunun Azadkənd kəndi ilə qiyabi də olsa tanış etmək istəyirəm. Rayonumuzun ərazisi Muğan torpaqlarına daxildir. Muğan əhalisinin, bəlkə də, ən savadlı hissəsi bizim rayonda cəmləşir, düşünürəm ki, onun da əsas hissəsi kəndimizin payına düşür. Bu göstərici rayon əhalisinin istənilən sahədəki fəallığına əsaslanır. Kəndimiz sanki azad fikirli insanların çoxluqundan təşkil olunub. Ölkədə baş verən siyasi-iqtisadi hadisələr kəndin mərkəzində – SSRİ dövründən qalma “Kolxoz” adlanan ərazidə müzakirəyə çıxarılır: Öncələr əsasən orta yaşlıların toplandığı yer olsa da, son illərdə gənc nəsil üstünlük təşkil etməkdədir (bunun səbəbləri çoxdur, başlıca səbəblərdən biri bütün ölkədə olduğu kimi, yaşlı və orts nəslin sürətlə keçid dövrünə qurban getməsidir). Kəndimiz, ölkəmizin ən üsyankar (çoxlarına bəllidir), rayonumuzun isə ən ucqar və kiçik kəndlərindəndir. Buna baxmayaraq, tarixində savadlı, mübariz, igid və qəhrəman vətəndaşlar yetişdirən qürur duyulası kəndlərdəndir.
Məncə, kəndimiz haqqında əsas məqamları sizlərə çatdıra bildim. İndi sizə xatirələrimdən danışacağam. Kənd və uşaqlıq xatirələrim. Uşaqlıqda şəhər əhalisinin kəndə olan marağını anlaya bilmirdim. Kəndin şəhərlə müqayisədə çətinlikləri düşüncələrimə təsir edirdi. Bu anlaşılmazlıq iki il bundan əvvələ kimi davam etdi. Universitetin ilk ili şəhər həyatını çox sevdim. O dərəcədə sevdim ki, artıq qarşıdakı illərdə kəndlə bağlı fikirləri təsəvvürümdə canlandırmaz oldum. Bu hal bir neçə ay davam etdi. Sonradan fərqinə vardıqlarım məni fikrimdən daşındırdı. Nədənsə kənddə insanlar arasındakı mehribanlıq, saflıq və sadəlövhlüyü şəhər əhalisində görə bilmədim (bu hamıya aid edilmir). Bəlkə, elə bundandır ki, kəndin gözəllikləri şəhərə olan sevgimə üstün gəldi…
Beləliklə, universitetin ikinci ili başladı. Artıq əvvəlki kimi düşünmürdüm, hər ayın sonu kəndə gedir, geri dönəndə çox darıxırdım. Əslində, bu, darıxmaq deyil (kənddə doğulub böyüyənlər bilər nə demək istədiyimi), bağlılıqdır. Yaşadığın uşaqlığın, onunla birlikdə ən gözəl günlərin, əvəzsiz xatirələrindir səni ona çəkib bağlayan və illər keçdikcə büruzə verən gizli hisslərdir, əslində. Və beləliklə, ildən-ilə düşüncələrimin məni aldatdığını hiss etdim. Gəldiyim nəticədə və formalaşmaqda şəhərin rolu böyük oldu. Üç il ərzində çox şey öyrəndim, amma nədənsə şəhər mənə kəndi əvəz edə bilmədi. Bəlkə də, bu müddətdə böyüdüyümə görə fikirlərim də özlüyündə buna istiqamətləndi…
Yaşlı insanların ölkə daxilində yerdəyişməsi çox zaman dünyadan köçmələrinə səbəb olur. Onları ölümə sürükləyən daxildəki boşluğu heç cür doldura bilməməkdir. Doğulduğu – illərini bölüşdüyü yerdən ayrılmaq, bağlılıqla yanaşı, düşdüyü mühitə uyğunlaşa bilməmək, üstəlik, qocalığın gətirdiyi hüzn daxildəki qulaqbatıran səssizliyi yaradır. Buna Vətənindən ayrı düşənlərin gözündən baxmaq isə daha təsirlidir. Bu hal daha çox kənddə yaşamış həssas insanlarda və kənddən şəhərə köçənlərdə müşahidə olunur. Əvvəllər bu fikirləri aydınlaşdırmaqda çətinlik çəkirdim, ancaq, deyəsən, əsil səbəblərini tapa bilmişəm, məncə, bütün bunlar doğulduğun yerə bağlılığını artırır. Hər il yaşının üstünə yaş gəldikdə bunu daha çox hiss edirsən. Yeni insanlar tanıdıqca əvvəlki illərə qayıtmaq, uşaq olmaq istəyirsən…
Bir sözlə, bizlər, insan ömrünün ən gözəl uşaqlıq illərini, bütün çətinliklərinə baxmayaraq, hər şeyin təbii olanını dadaraq kənddə keçirmiş xoşbəxt insanlardanıq. Kəndlə bağlı deyəcəklərim və uşaqlıq xatirələrim çoxdur, lakin uşaqlıqdan daha çox kəndin özəlliklərini önə çəkmək istədim. Bilmirəm, bacardım, yoxsa yox, önəmlisi isə haqqında çoxdan yazmaq istədiyim arzunu gerçəkləşdirmək oldu.