ABŞ-ın dövlət katibi John Kerry dekabrın 8-də Hamburqda ATƏT ölkələrinin xarici işlər nazirlərinin toplantısında xüsusi xəbərdarlıqla çıxış edib. O, keçmiş Sovet ölkələrindən tutmuş Avropaya, hətta Birləşmiş Ştatlara qədər hər yerdə avtoritar populizm təhlükəsinin artdığını, insan haqlarını müdafiə cəhdlərinin azaldığını deyib. J.Kerry-nin sözlərinə görə, avtoritar düşüncə tərzi hər yerdə güclənib, müstəqil mətbuata basqılar, qeyri-tolerantlıq, nifrət cinayətləri artıb.
ATƏT-in xarici işlər nazirlərinin çıxışlarından Azad Avropa/AzadlıqRadiosu yazır.
«ETİRAZLAR DAVAM EDƏCƏK»
ABŞ-ın dövlət katibi ATƏT regionunda korrupsiyanın da baş alıb getdiyini, bəzi ölkə liderlərinin öz hakimiyyətlərini gücləndirməkdən ötrü konstitusiyalara dəyişikliklər etdiyini də vurğulayıb: «Nə baş verdiyini hamımız görürük. Bu ölkələrin çoxunda korrupsiya artır, avtoritarizm güclənir… Mətbuatın yeni platformaları saxta informasiyalar yayır, bəzi ölkələrdə işgəncələrə haqq qazandırılır…».
Toplantı çərçivəsində J.Kerry Azərbaycan, Rusiya, Ukrayna, Macarıstan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan vətəndaş cəmiyyəti fəallarıyla görüşüb. J.Kerry deyib ki, Vaşinqton bəzi ölkələrdə təzyiq altında qalan, qanunların yaratdığı məhdudiyyətlərdən və ekstremizm əleyhinə qanunlardan sui-istifadədən əziyyət çəkən vətəndaş cəmiyyətinin fəaliyyət dairəsinin daraldılmasına etirazlarını davam etdirəcək.
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə çıxışında Qarabağ məsələsinə toxunub. Bu il həm Qarabağ, həm də Ukraynada baş verən döyüşlərin Avropada sülhün nə qədər kövrək olduğunu göstərdiyini söyləyib: «Həmin günlər sülhün necə pozulduğunu, dirəklərin nə qədər kövrək olduğunu gördük. İfadələrin sərtləşdiyinin şahidi olduq… Mən həm Ukraynanın şərqində, həm də apreldə Qarabağda baş verənləri nəzərdə tuturam».
ETİMADIN BƏRPASI
F.Steinmeier münaqişələrin həllində ATƏT-in rolunun əvəzsizliyini vurğulayıb. Qurumun münaqişələrin önlənməsi, idarə edilməsi, münaqişələrdən sonrakı durumun düzəldilməsi alətlərinin daha effektiv işləməsindən ötrü tədbir görməli olduqlarını söyləyib, ATƏT ölkələrini birliyə səsləyib.
«Biz yeni sınaqlara – terrorizmə, ekstremizmə, kiber-hücumlara ümumi cavab verməliyik. Xüsusi ehtiyacımız olan şey etimadın itdiyi yerlərdə onun bərpasıdır».
J.Kerry də Ukraynanın şərqində – Donbasda baş verənlərə son qoymaqdan ötrü cəhdləri artırmağa çağırıb, «Donbasda münaqişə və Krımın ilhaqı çox uzun çəkdi və hər tərəfdən çox böyük itkiyə səbəb oldu», – deyib.
ATƏT xarici işlər nazirlərinin Hamburq toplantısı dekabrın 9-da da davam edəcək.