Koordinasiya Şurası İTV-nin qarşısında aksiya keçirməyə də qərar verdi
İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Toplantıda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar barədə “Azadlıq”a Koordinasiya Şurasının üzvü Rahim Hacıyev məlumat verib. Onun sözlərinə görə, toplantıda ilk olaraq İctimai Palatanın sərbəst toplaşmaq azadlığına qoyulan qadağanın aradan qaldırılması tələbilə Bakının mərkəzində keçirdiyi son aksiya müzakirə olunub. Aksiya baş tutmuş hesab edilib. Eyni zamanda aksiyada polisin zorakılıq etməsi, xüsusilə qadınlara qarşı qəddarlıq nümayiş etdirilməsi pislənilib.
Rahim Hacıyev bildirib ki, bundan başqa İctimai Palata ilə Ziyalılar Forumu arasında payızın əvvəllərində ölkədəki vəziyyətlə bağlı hər iki qurumun birgə təşkilatçılığı ilə ümumrespublika forumunun keçirilməsi barədə razılıq əldə olunması müzakirə edilib. Və belə bir forumun keçirilməsi müsbət addım kimi qiymətləndirilib.
Toplantıda vicdan məhbuslarına müraciət qəbul olunub. Müraciətdə vicdan məhbuslarından aclıq aksiyasını dayandırmaq xahiş edilir. “Koordinasiya Şurası hesab edir ki, vicdan məhbusları onsuz da ağır şərtlər altında cəzalarını çəkirlər. Bu baxımdan biz hesab edirik ki, aksiyanı onlar yox, İctmiai Palata özü keçirsin”, deyə Rahim Hacıyev bildirib.
O, əlavə edib ki, vicdan məhbusları Elnur Məcidli ilə Zeynal Bağırsoyun azadlığa buraxılması Koordinasiya Şurası tərəfindən müsbət addım kimi qarşılansa da, qurum hökumətdən bütün vicdan məhbuslarını azadlığa buraxmağı tələb edib: “Bununla bağlı İctimai Palata ilə Ziyalılar Forumunun ayrıca müraciəti qəbul olunub”.
Toplantıda həmçinin qərara alınıb ki, mayın 17-də saat 12.00-dan etibarən “Eurovision”la bağlı yaradılmış İctimai Palatanın İnformasiya Mərkəzi öz işinə başlasın.
Koordinasiya Şurası “Eurovision” ərəfəsində İctimai Televiziyanın qarşısında aksiyalar keçirilməsi barədə qərar qəbul edib. Qurum hesab edir ki, İctimai Televiziya təyinatına uyğun fəaliyyət göstərmir və buna etiraz olunmalıdır. Koordinasiya Şurası həmçinin “Eurovison” günlərində xalq gəzintisi təşkil etməyi də qərara alıb.
Hövbəti qərar İctimai Palatanın 19 may aksiyası ilə bağlı olub. Rahim Hacıyev bildirib ki, aksiyanın keçirilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilib. Əgər müraciətə müsbət cavab verilməsə, İctimai Palata mayın 21-də etiraz aksiyası keçirəcək.
Toplantıda əsas müzakirə mövzusu olan məsələlərdən biri də Avropa Komissiyasının bu günlərdə açıqlanan hesabatı olub. Koordinasiya Şurası qərara alıb ki, hesabatda əks olunan müddəalar Azərbaycanın inkişafı üçün çox önəmlidir. Bu baxımdan hakimiyyət məsuliyyətli olmalı, ölkənin mənafeyinə xidmət edən, inkişafını şərtləndirən bu müddəalara əməl etməlidir.
Hikmət