Mayın 15-dən başlayaraq həbsxanada aclıq aksiyası keçirən vicdan məhbusları Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilir:
“Hörmətli soydaşlar!
Biz, bir ildən çoxdur ki, qanunsuz olaraq həbsdə yatan, “Amnesty İnternational” və “Human Rigths” beynəlxalq təşkilatları tərəfindən vicdan məhbusları kimi tanınmış siyasi dustaqlar – Arif Hacılı, Babək Həsənov, Əhəd Məmmədli, Məhəmməd Məcidli, Rüfət Hacıbəyli, Sahib Kərimov, Şahin Həsənli, Tural Abbaslı, Ülvi Quliyev, Vidadi İsgəndərli və Zülfüqar Eyvazlı Sizə müraciət edirik.
02 aprel 2011-ci ildə biz hakimiyyətin özbaşınalıqlarına, korrupsiyaya, rüşvətxorluğa, ölkədə insan haqlarının tapdanmasıa, mülki hüquqlarının pozulmasına etiraz əlaməti olaraq keçirilən mitinqdə həbs olunmuş və qeyri-qanuni olaraq azadlıqdan məhrumetmə cəzasına layiq görülmüşük. İndiyədək hakimiyyət çoxsaylı daxili və xarici təzyiqlərə baxmayaraq bizi həbsdən azad etmək istəmir.
Hörmətli soydaşlar!
Biz öz həyatımızı Azərbaycanın müstəqilliyinə, azadlığına, ölkədə demokratik dövlət quruculuğuna həsr etmiş insanlarıq. Bizim mübarizəmiz öz şəxsi maraqlarımız uğrunda mübarizə deyil, xalqımızın xoş, azad, firavan gələcəyi uğrunda aparılan bir mücadilədir. Bu gün Azərbaycan Əliyevlər sülaləsinin 20 illik hakimiyyəti nəticəsində çox ağır siyasi, iqtisadi, sosial və mənəvi böhrana yuvarlanıb. Vətəndaşların siyasi azadlıqları tamamilə boğulub, insanların sərbəst toplaşması demək olar ki, qadağan edilib. Azərbaycanın müstəqillik mücadiləsi illərində qazandığı çox mühüm bir dəyər – söz və mətbuat azadlığı sahəsində dözülməz vəziyyət yaranıb. Korrupsiya, rüşvətxorluq, milli sərvətlərin talan edilməsi rəsmi dövlət siyasətinə çevrilib. Ölkənin neftdən və digər sərvətlərdən əldə olunan gəlirlərinin sürətlə artmasına baxmayaraq, xalqın vəziyyəti günbəgün pisləşir, əhalinin böyük əksəriyyəti faktiki olaraq dilənçi vəziyyətində yaşayır. Bu gün demək olar ki, bütün hüquqları əlindən alınmış Azərbaycan vətəndaşı ən adi hüququndan da – yaşamaq hüququndan da məhrum edilir. Vətəndaşların mənzilləri bazar qiymətlərinin tələblərinə uyğun kompensasiya ödənilmədən sökülür, sözün həqiqi mənasında başlarına uçurulur. Dünyanın heç bir ölkəsində, hətta insanların mülkiyyət hüququna düşməncəsinə münasibət bəsləyən Sovet hökuməti illərində də bu cür biabırçılıqlara rast gəlinməyib. Bu gün hakim ailə və kiçik bir qrup oliqarxlar bütün ölkəni öz inhisarlarına alıb və Azərbaycanı faktiki olaraq gələcəkdən məhrum ediblər.
Hörmətli soydaşlar!
Biz ölkəmizi gözümüz görə-görə sürüklənən bu fəlakətdən xilas etməliyik. Bunun üçün xalqımız, hər bir Azərbaycan vətəndaşı öz hüquqları uğrunda, azadlıq və demokratiya idealları uğrunda fəal mübarizəyə başlamalıdır. Yalnız xalqımızın birliyi, əzmkarlığı nəticəsində biz öz ölkəmizi bu dərin böhrandan xilas edə bilərik.
Bizim mübarizəmiz Azərbaycan xalqı, onun hər bir vətəndaşının xoş gələcəyi uğrunda mübarizədir. Bu mübarizədə biz geriyə çəkilməyəcəyik. Sizin də dəstəyinizlə sonda qalib gələcəyik.
Tanrı Azərbaycanımızı qorusun!”