Həsən Kərimov: «Azərbaycanı bütün dünyada İlham Əliyev və onun rəhbərlik etdiyi hakimiyyət biabır edir»
Tofiq Yaqublu: «Çovdar qızıl yatağını övladlarının adına keçirənlər, Dubayda vila alanlar müxalifət nümayənələri deyil»
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Yeni Müsavat» qəzetinə müsahibəsində hakimiyyətin son zamanlar Azərbaycanın beynəlxalq aləmin gündəminə gəlməsindən narahatlıq keçirdiyini etiraf edib. Azərbaycan müxalifətinin öz fəaliyyəti ilə Azərbaycan dövlətini, millətini, onun maraqlarını zərbə altında qoyduğunu düşünən Ə.Həsənov bu baxımdan İctimai Palatanın son aksiyalarını hədəf seçib: «İctimai Palata “Eurovision”la bağlı Azərbaycan xalqına, dövlətinə bəlkə də bir əsrdə heç kimin vura bilmədiyi zərbəni vurdu və Azərbaycanı dünyada biabır etməyə cəhd göstərdi».
Müsahibəsində Azərbaycanın ictimaiyyət nümayəndələri, müxalifətlə görüş keçirməyə hazır olduğunu deyən Ə.Həsənov gələcəkdə bu tipli təmasların olacağını söyləyib. Ə.Həsənov hazırda bu görüşün ertələnməsini iş qrafiklərinin gərgin olması ilə izah edib: «Sadəcə olaraq, indi bizim bu işlərlə bağlı başımız həddən artıq qarışıqdır. Belə görüş də keçirəcəyik, onların bütün fikirlərini də müvafiq olaraq müzakirə edəcəyik. Yəqin ki, biz bunu Azərbaycanın Respublika Günü ərəfəsində eləyəcəyik».
Azərbaycandakı siyasi məhbus probleminə də toxunan Ə.Həsənov konkret olaraq istiqlalçı deputat A.Hacılının həbsdə olmasından təəssüfləndiyini bildirib. «İnanın, bəlkə də mən hamıdan çox təəssüflənirəm ki, Arif Hacılı bu gün həbsdədir. Amma neyləmək olar ki, Arif Hacılı Azərbaycan qanunlarını pozub, bilə-bilə ölkədə iğtişaş yaradılması prosesində iştirak edib və ona görə də bu gün həbsdədir», deyə Ə.Həsənov vurğulayıb.
İqtidar yetkilisinin söylədiklərinə müxalifət nümayəndələrinin münasibətini öyrəndik.
“Əli Həsənovun açıqlamaları narahatlıqdan irəli gəlir“
AXCP Ali Məclisinin sədri Həsən Kərimov xatırlatdı ki, Ə.Həsənov müxalifət nümayndələri ilə görüşmək niyyəti barədə bir müddət əvvəl də bəyanatla çıxış etmişdi. Amma sonradan məlum oldu ki, bu sadəcə bir bəyanat imiş: «Sadəcə olaraq hakimiyyət İctimai Palatanın son zamanlar aktivləşməsindən, kütləvi etiraz aksiyalarına imza atmasıdan narahatlıq keçirir. Əli Həsənovun belə açıqlamalarla çıxış etməsi məhz bundan irəli gəlir. İctimaiyyət nümayəndələri ilə dialoq təklifi sadəcə olaraq gözdən pərdə asmaq, beynəlxalq təşkilatları aldatmaq məqsədi daşıyır».
İP-in addımlarının Azərbaycan dövlətinin imicinə zərbə vurduğuna dair Ə.Həsənovun söylədiklərinə gəlincə, H.Kərimov vurğuladı ki, məhz hakimiyyətin siyasəti, korrupsiyaya uğraması, demokratik normaları kobud şəkildə pozması Azərbaycan dövlətini bütün dünyada biyabır edir: «Bu dövləti quran bizik. Biz heç zaman bu dövlətin imicinə xələl gətirmərik. Azərbaycanı bütün dünyada İlham Əliyev və onun rəhbərlik etdiyi hakimiyyət biabır edir. Müxalifət isə sadəcə olaraq ölkədə demokratik islahatların aparılmasını, söz və mətbuat azadlığına hörmət edilməsini, sərbəst toplaşmaq azadlığının təmin olunmasını istəyir».
Ə.Həsənovun vicdan məhbusları haqda dediklərinə isə H.Kərimovun cavabı belə oldu: “Arif Hacılı da daxil olmaqla, 2011-ci il aprelin 2-də həbs olunan bütün vicdan məhbusları günahsızdır. Əli Həsənov sadəcə olaraq hakimiyyətin əmələrinə haq qazandırmağa çalışır. Əslində siyasi məhbus probleminin hələ də çözülməməsi bu dövlətin imicini korlayan daha bir məqamdır».
“Bunu edən Azərbaycanın hakim ailəsidir”
Müsavat başqanının müavini Tofiq Yaqublu da bildirdi ki, Əli Həsənovun növbəti dəfə dilə gətirdiyi fikirlər absurtdur. A.Hacılı və digər siyasi məhbuslar heç bir cinayət etmədiyi halda həbsdə saxlanılır. Hazırda aprelin 2-də həbsdə olan müxalifətçilər konstitusiyon hüquqlarından istifadə ediblər: «Məhz bu beynəlxalq və yerli ictimaiyyətin tələblərinə məhəl qoymadan yürüdülən siyasət Azərbaycan dövlətinin imicini zərbə altında qoyur. Arif Hacılı istiqlalçı deputatdır. Arif Hacılı 5 dəfə cəzasının yüngüləşdirilməsinə görə məhkəməyə müraciət edib, amma müraciətinə baxılmayıb».
T.Yaqublu bildirdi ki, Azərbaycanın sərvətlərini Ə.Həsənovun təmsil etdiyi komanda talayır. Çovdar qızıl yatağını övladlarının adına keçirən, Dubayda vilalar alan Azərbaycan müxalifətinin nümayənələri deyil. Bunu edən Azərbaycanın hakim ailəsidir. Bu kimi faktlar dünya birliyinə məlum olduqca Azərbaycanın dövləti barəsində mənfi imic formalaşır.
T.Yaqublu da Ə.Həsənovun ictimaiyyətlə danışıqlara gedəcəklərinə dair bəyanatını səmimi saymır. T.Yaqublu vurğuladı ki, Ə.Həsənovun bir masa arxasında oturmaqla bağlı fikirlərinə cavab olaraq müxalifət bir müddət əvvəl təkliflə çıxış etsə də, sonradan hakimiyyət buna reaksiya vermədi.
Xəyal