İqtisadiyyatda belə bir aforizm var: “Pul iqtisadiyyatın, səs isə siyasətin dilidir.” İqtisadiyyatın pulu qurtarır. Siyasətin dili nəyisə ifadə etmir. Sadəcə onunla məşğul olanların arabir səsləri gəlir. Yorğanımızı necə örtək? Onun ayaq ölçüsünə necə uyğunlaşdıraq? Bu kimi “dədə-qorqudluq”ötkəmliyində hökumət nümayəndələri bəzi mesajlar var. Amma birinin yadına düşmür ki, bəlkə ayaq ölçüsünə uyğun yorğan tikək?
Qənaətin ölçüsü bəlkəheç də yorğanın ayağa görə yox, ayağa görə yorğanın olmasındadır.Biz onsuzda beləyik. Dünyanın gedişatına dair postulatları tərsinə tətbiq edirik. Ona görə nəticələrimiz belədir. Dünyanın ən zəngin insanlarından olan Ueffer Baffet bizim indiki mənzərəni tamam tərsinə təsbit etmişdi. Biz xərcləyəndən sonra qənaət edirik.Halbuki, qənaət edəndən sonra xərcləməli idik. Ona görə səbəb-nəticə uyğunsuzluğunun əlində qalmışıq.
Bazar iqtisadiyyatı şəraitində istehlakçıların nə yeməsini, nə içməsini və hansı həddə qədər istehlak etməsinin norması şəxsi istəyə bağlı məsələdir. Ona müdaxilə əvvəla, qeyri-etikdir. Yəni, insanın şəxsi zövqünə kənar təsir kimi qiymətləndirilir. İkincisi, insan nə qədər istehlak edirsə, həmin miqdarda da xərcləməyə məcbur olur. Bazar iqtisadiyyatı şəraitində heç bir şey qarşılıqlı ödənişsiz mümkün olmur. Ona görə kim nə qədər istehlak edirsə, bir o qədər də xərcləmək gücünə malik olduğunu ifadə etmiş olur. Bu mənada biz insanların xərclərindən onların gəlirini müəyyənləşdirmiş oluruq. Sevimli peyğəmbərimizdən soruşurlar ki, pulun haram və ya halal olduğunu haradan bilmək olar? Peyğəmbərimiz cavab verir: “Pulun xərcləndiyi yerə baxsanız, yetər!”
Hökumət üzvlərinin vətəndaşları qənaətlə yaşamağa dəvət etməsi məntiqi deyil. Bu ən yaxşı halda ictimai təşkilatların maarifləndirmə layihələrinin mesajları ola bilər. Və ya iqtisadçı-ekspertlərin öz mülahizələrini ictimaiyyətə təqdimi üçün aktual ola bilər. Amma hökumət nümayəndələrinin gecə-gündüz bu kompaniyanı aparması ki, vətəndaş, qənaət et. Bu artıq fərqli situasiyadır. Və dövlətin maraqlarına ziddir. Çünki, dövlət sektorunda təbii inhisarçıların istehsal etdikləri mal və xidmətlərin istehlak edilməsində hökumətlər daha çox maraqlı olmalıdır ki, bu artımdan dövlətin maliyyə imkanları daha da genişlənsin. Tutaq ki, onu dövlət yox, özəl sektor istehsal edir. O zaman isə lap əla! İqtisadi dövriyyənin həcminə adekvat olaraq fiskal qurumlar daha çox vəsait toplayacaq. İqtisadi aktivlik artacaq və büdcəyə daxilolma diapazonu genişlənəcək. Hökumət bu fiskal kanalın niyə daraldılmasında maraqlı olmalıdır ki? Axı, o ev təsərrüfatlarını yox, dövlətin maraqlarını düşünməlidir?! Ailə büdcəsinin planlaşdırılması kiçik “dövlətlərin” öz işidir axı.. Belə mənəviyyat əmsalının yüksək olmasına iddialı olunməmurun humanizminin nümayiş etdirilməsi yerində deyil.
Mövzuya fəlsəfi baxımdan yanaşaq. İnsan dünyaya müxtəlif yaddaşla və digər fərqli göstəricilərlə gəlir. Həyatda onun yaşam şərtləri, zövqləri və maraqları formalaşır. Onun standartlarını və tələbatlarını süni sürətdə məhdudlaşdırmasının özü ədalətsizlikdir. Bir manat qazanan bir manatlıq yaşayışa, min manat qazanan isəmin manatlıq yaşama layiq olmalıdır. Aşığı yığan oynamaq üçün yığır. Onun oyun meydanı yoxsa, aşığı yığmaq onun nəyinə lazım? Onun durmadan qazanmaq ehtirası özünüifadə zövqü üçündür. Onun imkanlarını məhdudlaşmağa yönəlik mesaj və ya təşəbbüsün boğulması onun qazanmaq marağını destimulizasiya edir.
Qənaət təkcə çətin günlərdə yada düşən norma olmalı deyil. Bu həm istehlak mədəniyyəti məsələsi kimi hər zaman aktual olmalıdır. Pulun çox olanda da, azalanda da. Qənaət daha çox makroiqtisadi konteksdə əməl olunası resept olmalıdır. Qənaət dövlətin maliyyə axın kanalları üzərində daha çox cilovlayıcı mexanizm kimi hər zaman aparıcı tendensiya təşkil etməlidir. Bahalı yarışlar və populist layihələr qənaət olunası əsas maliyyə həlqələri idi. Səbətlə göydən tökülən pullar zamanı qənaət yadlarına düşmədi. Hər şeyin tükənməyə doğru getdiyi zaman bu anlayışı dillər əzbərinə çevirdilər.